Qarabağın yalançısı: düşmən 86 yaşlı havadarına ümid edir
"Dağlıq Qarabağ münaqişəsi zonasında apreldəki "dördgünlük müharibə" təmas xəttindəki əvvəlki insidentlərdən daha böyük, daha sərt idi və təbii ki, beynəlxalq birliyin təcili reaksiyasına, xüsusilə də ATƏT-in Minsk Qrupunda həmsədr olan ölkələrin, xüsusilə də Rusiyanın işə qarışmasına səbəb oldu.
14 İyul 2016 16:07 Siyasət"Dağlıq Qarabağ münaqişəsi zonasında apreldəki "dördgünlük müharibə" təmas xəttindəki əvvəlki insidentlərdən daha böyük, daha sərt idi və təbii ki, beynəlxalq birliyin təcili reaksiyasına, xüsusilə də ATƏT-in Minsk Qrupunda həmsədr olan ölkələrin, xüsusilə də Rusiyanın işə qarışmasına səbəb oldu. Amma unutmayaq ki, atəşkəsin son 22 ilində Qarabağ münaqişəsinin nizamlanması prosesinə müxtəlif formada təsirlərdən istifadə olunub. Təbii, formalardakı fərqlər, xüsusilə də təmaslar və görüşlər səviyyəsindəki fərqlərin müəyyən əhəmiyyəti vardı. Lakin münaqişənin həlli üçün onların taleyüklü əhəmiyyət daşıya biləcəyini düşünmək yanlışlıq olardı. Problem yığılıb gərək olmayan səviyyədə müzakirələrdən ibarət deyil. Hər şey qarşı tərəflərin mövqelərindən və onların nizamlanma prosesindəki çevikliyindən asılıdır".
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə sabiq nümayəndəsi, ATƏT-in Minsk Qrupunda rusiyalı keçmiş həmsədr Vladimir Kazimirov yenə də aşkar şəkildə Ermənistana havadarlıq edərək, ermənilərin sifarişlərini yerinə yetirir.
Əfsuslar olsun ki, 86 yaşlı, ilk baxışdan təcrübəli siyasətçi və diplomat sayıla biləcək bu ahıl insan ömrünün xəzan dönəmində də Azərbaycana qarşı aşkar düşmənçiliyini göstərməkdən çəkinmir.
O, Ermənistandakı tert.am saytına verdiyi müsahibəsində qərəzi ilə bahəm, ermənilərə yenə də "havadarlıq" etmək istəyini nümayiş etdirir və deyəsən, yaşının çoxluğundan marazma qapıldığını sübuta yetirir.
V.Kazimirovun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin mərhələli və paket nizamlanma variantlarının hər ikisi prinsip etibarilə reallaşa bilər. Amma o, mərhələli həllin etibarlılıq, tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə tam yerinə yetirməsini ehtiva etdiyini vurğulayır.
Və təbii ki, sözünün üstündə duran, vədlərinə əməl edən münaqişə tərəfi Kazimirovun interpretasiyasında Ermənistandır.
Yəni ahıl Kazimirov son 22 ildəki ampluasında qalır, Ermənistanı artıq azalan qüvvəsi və seyrəlməyə başlamış əqli ilə müdafiə edir, ağı qara, qaranı da ağ adlandıraraq işğalçılarla terrorçulara haqq qazandırır.
V.Kazimirovun paradoksal məntiqinə görə, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan, sən demə, "sülhməramlı" ölkə olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı dövlətmiş.
"Unutmayaq ki, münaqişənin mərhələli həll variantında əməllərin və qərarların növbəli olması çox mühümdür. Əfsuslar olsun ki, hətta politoloqlar və təcrübəli jurnalistlər 1994-cü ilin mayın 12-də Qarabağ problemi ilə bağlı atəşkəsin əldə olunduğu sənəddən ya xəbərsizdirlər, ya da o sənədi unudublar.
Həmin sənəd MDB ölkələrinin dövlət başçılarının aprelin 15-i tarixli bəyanatıdır. Həmin bəyanatı MDB-nin bütün dövlət başçıları, o cümlədən Azərbaycan və Ermənistan prezidentləri imzalamışdılar.
Həmin sənəddə ilk dəfə olaraq çox sərt - hətta BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən də sərt - şəkildə atəşkəsin dayandırılması ilə yanaşı, ona etibarlı riayətin zəruriliyi səsləndirilmişdi.
Sənəddə yazılmışdı: "Bu şərtlərə əməl olunmasa, faciəli qarşıdurmanın sonuclarını aradan qaldırmaq mümkün deyil".
Yəni sənəd əvvəlcə münaqişə zonasında hərbi əməliyyatların bərpasının mümkünlüyünü tam istisna edirdi, yalnız bundan sonra hansısa ərazilərin azad olunmasını, qaçqınların və məcburi köçkünlərin oralara qaytarılmasını və s. nəzərdə tuturdu.
Bəs Bakı məsələni necə qoyur? Əvvəlcə işğal edilmiş ərazilərin azad edilməsi, amma münaqişənin hərbi yolla həllindən imtina ilə bağlı öhdəlik olmadan", - V.Kazimirov deyib.
Onun fikrincə, "Bakının vədləri ilə əməlləri üst-üstə düşmür".
V.Kazimirovun belə primitiv səviyyədəki yalanları, ermənilərin aqressiv mövqelərini müdafiə etmək üçün gerçəyin eybəcər şəkildə saxtalaşdırması cəhdləri ironiya doğurur.
Müsahibənin sonunda V.Kazimirovun səsləndirdiyi fikirlər sabiq vasitəçinin qəfil amneziyaya tutulduğuna dəlalət edən məqam sayıla bilər: "Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasının başlıca səbəbi qarşıduran tərəflərin güzəştlərə hazır olmamasıdır. Tərəflər münaqişə zonasında güc tətbiqinin imtinası ilə bağlı razılığa gəlməsələr, kompromisin əldə olunması üçün zəruri çevikliyə nail olmayacaqlar. Çeviklik olmadan tənzimlənmə mümkün deyil".
"Qəfil amneziya" ifadəsi təsadüf deyil, çünki Vladimir Kazimirovun özü Minsk Qrupunda həmsədr ölkə Rusiyanı təmsil etdiyi dönəmlərdə Dağldıq Qarabağ münaqişəsi zonasında Ermənistanın atəşkəsi pozması və İrəvanın güc tətbiq etməyə meylləri ilə bağlı tam açıqlığı ilə olmasa da, erməniləri diplomatikcəsinə suçladığı 16 (!) bəyanatını, deyəsən, unudub.
Və ya o, Rusiyanın kütləvi informasiya vasitələrində, o cümlədən "İzvestiya", "Seqodnya", "Kommersant", "Nezavisimaya Qazeta"dakı 8 müsahibəsində dolayısıyla bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında güc tətbiqinə meylli tərəf Ermənistandır - Azərbaycan isə problemin tənzimlənməsi üçün üzərinə götürdüyü öhdəliklərə əməl edir.
Kazimirovun müsahibəsində sabiq diplomata yaraşmayan yalançılıq, aqressiya, unutqanlıq və ən pisi də havadarlıq etmək istədiyi işğalçının hərəkətlərinə haqq qazandırmaq təki naqisliklər çoxdur.
Görünür, 86 yaşlı bu sabiq vasitəçi sözlərin hüzur və anlam nümayişi vasitəsi olduğunu unudur...