Dövlətinin sosial siyasətində Azərbaycan vətəndaşına qayğının ifadəsi
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
13 İyul 2016 13:37 SiyasətBu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda çıxışı zamanı dövlət başçısı hər dəfə olduğu kimi bir sıra vacib məsələlərə toxunaraq qarşıdakı müddət üçün hökumətin qarşısında müəyyən tapşırıqlar qoyub. Ümumilikdə, müşavirədə istər dövlət başçısı, istərsə də ayrı-ayrı nazirlik və komitə rəhbərlərinin çıxışlarından gəlinən qənaət ondan ibarətdir ki, cari ilin birinci rübü bütün sahələr üzrə uğurlu olub. Düzdür, keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisadi və maliyyə sektorunda müəyyən problemlər müşahidə edilsə də, hökumətin atdığı adekvat addımlar böhranın ölkəmizə minimum səviyyədə təsir göstərməsini şərtləndirdi. Qısa müddət ərzində həyata keçirilən antiböhran tədbirləri nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişaf tempini davam etdirdi.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bunun bir daha əyani şahidi olduq.
İclasda çıxışı zamanı dövlət başçısının hər zaman olduğu kimi diqqət yetirdiyi vacib məsələlərdən biri də əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, bu addımların intensivləşdirilməsi ilə bağlı idi. Prezident İlham Əliyev bir daha əmin etdi ki, ölkədə həyata keçirilən sosialynümlü layihələr qətiyyən dayandırılmayacaq və bundan sonra da davam edəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyevin sözlərinə görə, cənab Prezidentin sədrliyi ilə keçirilən iclas göstərdi ki, Azərbaycanda sosial-iqtisadi inkişaf davam etməkdədir: "Qeyri-neft sektoru inkişaf edir, regionların inkişafı öz bəhrəsini verir. Əhalinin məşğulluğu, sosial təminatı və digər vacib təminatları dövlətin nəzarətindədir. Bu ilin birinci yarısının göstəriciləri deməyə əsas verir ki, ilin ikinci yarısında da Azərbaycan iqtisadiyyatı daha da yüksələcək. Dünya iqtisadi böhranı şəratində Azərbaycanda yeni iş yerlərinin açılması, mövcud əməkhaqqı, pensiya sistemində islahatların aparılması, yaşayış minimumunun artırılması və sahibkarlara ciddi dövlət dəstəyinin verilməsi, ümumilikdə sosial sferada aparılan müsbət işlər bir daha dövlətin öz daxili siyasətində sosial siyasətin prioritet olmasından xəbər verir". Millət vəkili deyib ki, uğurlu sosial siyasətin bariz göstəricilərindən biri Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və bu qurum vasitəsilə sosial evlərin tikilməsidir: "Cənab Prezident Nazirlər Kabinetinin iclasında vurğuladı ki, Mənzil İnşaatı Dövlət Agentliyinin əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında "ASAN Xidmət"in fəaliyyətini xüsusi vurğuladı və söylədi ki, bu xidmətdən 10 milyona qədər insan
istifadə edib. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin sayı təxminən bu qədərdir, onda bu xidmətin nə dərəcədə önəmli olduğu əyani şəkildə özünü göstərir. "ASAN Xidmət" sosial xidmət sahəsində Azərbaycanın brendi kimi dünyanın bir çox dövlətləri tərəfindən maraqla qarşılanır, öyrənilir və tətbiq olunur. Bütün bunların hamısı Azərbaycan dövlətinin sosial siyasətində, o cümlədən, dövlət başçısının daxili siyasətində Azərbaycan vətəndaşına qayğının ifadəsidir". Musa Quliyev deyib ki, Azərbaycanın daxili iqtisadiyyatı yüksəlməkdədir. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı proqramları və qeyri-neft sektorunun inkişafına dair layihələr öz bəhrəsini verməkdədir: "Cənab Prezidentin söylədiyi kimi bu gün artıq Azərbaycanda əsas məsələlərdən biri xarici ölkələrdə Azərbaycan malları üçün uyğun bazarlar tapmaqdır. Yəni biz artıq idxaldan asılı dövlət deyilik, özümüzü lazım olan ərzaq və qeyri-ərzaq məhsulları ilə kifayət qədər təmin edə bilirik. Artıq istehsal etdiyimiz Azərbaycan brendli məhsulları xarici ölkələrə çıxarılmasına maraqlıyıq və bu sahədə uğurlarımız var.
Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının dayanıqlığından xəbər verir. Eyni zamanda, cənab Prezidentin söylədiyi kimi Azərbaycana beynəlxalq investorların marağı yenə də qalmaqdadır. Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkələrdən biridir. Bu da onu göstərir ki, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik var, iqtisadi dayanıqlılıq var və ölkənin hüquq sistemi, aparılan siyasət beynəlxalq biznesin Azərbaycanda genişlənməsinə uyğun şəraiti yaradır. Qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı, turizm, İKT sahəsində əldə edilən nailiyyətlər növbəti illərdə də davam edəcək və ölkə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq. Qeyri-neft sektorunda kənd təsərrüfatının inkişafı ilə əlaqədar dövlət başçısı fikirlərini bildirib və qeyd edib ki, pambıqçılığa, tütünçülüyə, baramaçılığa diqqət daha da artırılmalıdır. Cənab Prezidentin vurğuladığı kimi ilin birinci yarısında kənd təsərrüfatında 3,1 faiz artım olub, amma bu sahənin potensialı daha böyükdür. Hazırda aqrar sektorun inkişafı ilə əlaqədar böyük işlər görülür və biz qarşıdakı dövrdə bunun uğurlu nəticələrini görəcəyik. Baxmayaraq ki, dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində sosial böhran var, iş yerləri bağlanır, qeyri-məşğul əhalinin sayı artır, pensiya və müavinətlərin məbləği aşağı düşür, amma Azərbaycanda bu problemlərin heç birini ciddi şəkildə müşahidə etmirik. Cənab Prezidentin söylədiyi kimi 6 ay ərzində ölkədə 78 min daimi iş yeri açılıb və ilin sonuna qədər bu qədər iş yerinin açılması gözlənilir. Bu da ölkə iqtisadiyyatının dayanıqlı və sabit inkişafından xəbər verir. Əmək haqları, pensiyalar vaxtında verilir, artımlar müşahidlə olunur. Artıq gələn ilin dövlət büdcəsi hazırlanır, yəqin ki, gələn ilin büdcəsində də həm yaşayış minimumunun yüksəlməsi, həm də əməkhaqları və pensiyaların məbləğinin artırılması nəzərdə tutulacaq".
S.İsmayılbəyli