Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ
Ukrayna prezidenti Pyotr Poroşenko prezident seçildiyi iki ildə ilk dəfə Azərbaycana rəsmi səfərə gəlir. Həm Ukrayna, həm də Azərbaycan tərəfi bu səfərə xüsusi diqqət yetirir. Çünki Krımın ilhaqından sonra rəsmi Bakı ilə Kiyev arasında demək olar ki, rəsmi səviyyələrdə heç bir münasibətlər olmayıb.
13 İyul 2016 13:15 Siyasətİqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarında olan bir nömrəli məsələdir
Ukrayna prezidenti Pyotr Poroşenko prezident seçildiyi iki ildə ilk dəfə Azərbaycana rəsmi səfərə gəlir. Həm Ukrayna, həm də Azərbaycan tərəfi bu səfərə xüsusi diqqət yetirir. Çünki Krımın ilhaqından sonra rəsmi Bakı ilə Kiyev arasında demək olar ki, rəsmi səviyyələrdə heç bir münasibətlər olmayıb. İndi Ukrayna prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bəs görəsən Bakı ilə Kiyev arasında ikitərəfli münasibətlərdə hansı sahələr əsas prioritetdir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanla Ukrayna arasında əsas etibarilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarında olan bir nömrəli məsələdir. Politoloq hesab edir ki, bu baxımdan Ukayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfərinin məqsədi fərqlidir. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, rəsmi Kiyev Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir: "Rəsmi Bakı Rusiya ilə münasibətlərən önəm verməklə yanaşı Ukrayna ilə münasibətlərini də inkişaf etdirməlidir. Bunu Azərbaycan hakimiyyətinin özünün elan etdiyi balanslaşdırılmış xarici siyasət də diqtə edir. Azərbaycanla Ukrayna arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün münbit şərait var. Məsələn, keçən həftə Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri, Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Gennadi Zubko Bakıya gəlmişdi. Bakıda Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirildi. Ukraynalı nazir Azərbaycana 4 istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif etdi. Birinci istiqamət Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına nəqlinin təmin edilməsi, ikinci istiqamət Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranziti, üçüncü istiqamət Azərbaycanın Ukraynanın neft-qaz sektoruna investisiyalar yatırılması, dördüncü istiqamət isə Baltik dənizi - Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasıdır. Sonuncu nəhəng nəqliyyat dəhlizi layihəsidir. Bu dəhliz bir çox ölkə arasında əməkdaşlığın genişlənməsinə təkan verə bilər". Politoloq deyir ki, Kiyev bu məqsədlə dəhlizin idarə olunması üçün vahid idarəedici orqanın yaradılmasını təklif edib və bu təkliflər Azərbaycanın da maraqlarına uyğundur: "Əslində Zubkovun Bakıya səfəri və müzakirə etdiyi mövzular Poroşenkonun Azərbaycana səfərinə hazırlıq məqsədi daşıyırdı. Bundan başqa Ukrayna prezidenti Bakıda GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) fəallaşması mövzusunu da müzakirə edəcək. Ukraynanın baş naziri Vladimir Qroysman payızda GUAM ölkələrin baş nazirlərinin Kiyevdə toplantı keçriməsini təklif edib. Kiyev GUAM ölkələri arasında azad ticarət zonasının yaradılmasını məqsədəuyğun sayır. Kiyev azad ticarət zona yaradılması vasitəsilə bölgə ölkələri arasında tranzit və nəqliyyat xətlərini hərəkətə gətirmək istəyir. Məsələ burasındadır ki, Moskva Ukraynanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Çinə quru yolunu bağlayıb. Nəticədə Ukrayna xeyli itkiyə məruz qalıb. Ukrayna mallarının Qazaxıstana ixracatının 98 faizi Rusiya ərazisindən keçirdi. Bu 682 milyon dollar demək idi. Ukrayna Qırğızıstana isə Rusiya üzərindən 93 faiz və ya 70 milyon dollar çərçivəsində mal ixrac edirdi. Eyni ilə Ukrayna Rusiya üzərindən Azərbaycana quru yolla 53 faiz mal ixrac edirdi. İndi bütün bu yollar bağlıdır və Ukraynanın şərq istiqamətindəki ölkələrlə iqtisadi-ticarət əlaqələri xeyli zəifləyib. Kremlin məqsədi aydındır. Moskva Ukraynanın şərq ölkələrinə çıxan yollarını bağlamaqla Ukraynanı iqtisadi baxımdan zəiflətmək və bu vasitə ilə qonşu ölkədə hakimiyyət dəyişiklyini sürətləndirmək istəyir. Buna görə də Kiyev mövcud vəziyyətdən çıxış yolları axtarır. GUAM ölkələri arasında əməkdaşlığı fəallaşdırmaq çıxış yollarından biridir. GUAM-ın əsas ölkəsi Azərbaycandır. Ukrayna, Gürcüstan və Moldova ilə müqayisədə Azərbaycanın iqtisadi, investisiya və tranzit imkanları daha genişdir. Ona görə də əgər Kiyevin azad iqtisadi zonanın yaradılması təklifinə Bakı razılaşarsa, 4 ölkə arasında regional əməkdaşlıq genişlənəcək. GUAM-ın hazırki baş katibi azərbaycanlı diplomat Altay Əfəndiyevdir. Ukraynanın baş naziri artıq azərbaycanlı baş katiblə görüşüb. Bu isə o deməkdir ki, Kiyevin təklifi Bakıda öyrənilir. Böyük ehtimalla bu təklifi Ukrayna prezidenti də Bakıda səsləndirəcək".
Süleyman