Zəbt olunmuş torpaq sahələri istifadəsiz qalıb
Azərbaycanda qanunsuz zəbt eilmiş torpaq sahələri mövcuddur ki, uzun müddətdir həmin ərazilər istifadəsiz qalıb.
13 İyul 2016 13:12 Siyasətİlham Əliyev: "Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir"
Azərbaycanda qanunsuz zəbt eilmiş torpaq sahələri mövcuddur ki, uzun müddətdir həmin ərazilər istifadəsiz qalıb. Torpaqları qanunsuz zəbt edənlərin sırasında sadə vətəndaşlardan tutmuş yüksək çinli məmurlara qədər insanlar var. Müxtəlif adlar altında özünküləşdirilərək "dəmyə" qoyulan torpaqlar ölkə iqtisadiyyatına ciddi zərbə vurması ilə müşahidə olunur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında xüsusilə aqrar sahə ilə bağlı məsələlərə böyük diqqət ayırıb. Dövlət başçısı bildirib ki, bəzi hallarda torpaqlar zəbt edilib: "Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər". Ölkə başçısının qaldırdığı məsələ ilə bağlı danışan millət vəkili Vahid Əhmədov bildirib ki, torpaqların zəbt edilməsi çox ciddi məsələdir və bu problem tezliklə öz həllini tapmalıdır: "500 min hektarlarla torpağı nə əkirlər, nə becərilrər. Alıb özləri üçün saxlayırlar. Bu torpaqlardan nə özləri, nə başqası, nə də dövlət istifadə edə bilir. Biz Milli Məclisdə qərar qəbul etdik ki, yararlı torpaq əkilib, becərilmirsə, onlara görə cərimələr ödənilməlidir. Bu qərardan sonra məmurlar və digərləri əl-ayağa düşüblər ki, əllərindəki torpaqları satsınlar. Amma indi torpaq alan yoxdur. Ona görə bu torpaqlar ya əkilib becərilməlidir, ya da dövlətə qaytarılmalıdır ki, dövlətin özü bu torpaqlardan istifadə edə bilsin. Prezident çox düzgün olaraq bu məsələyə toxundu. Mənə elə gəlir ki, bu məsələ öz həllini tapacaq. Çünki, Azərbaycanda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır. Bu sahənin inkişaf etdirilməsi üçün torpağa ehtiyac var. Biz özümüzü ərzaqla təmin etmək istəyiriksə, kənd təsərrüfatına yararlı torpaqlarını hamısından istifadə etməliyik. Bu baxımdan prezident tərəfindən qaldırılan məsələ çox ciddidir və inanıram ki, tezliklə həllini tapacaq". V.Əhmədov hesab edir ki, neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyatımıza təsirindən sonra bu problem özünü daha qabarıq şəkildə büruzə verir: "Kənd təsərrüfatına diqqət artırılıb. Kənd təsərrüfatının inkişafı isə birbaşa torpaqla bağlıdır. Torpaq sahələri az olduğu üçün bu problem üzə çıxdı. Bundan sonra həmin torpaqlar ya istifadə olunacaq, ya da dövlət mülkiyyətinə keçəcək". Millət vəkili deyib ki, prezident İlham Əliyevin də vurğuladığı kimi torpağı hasarlayıb zəbt edənlər arasında məmurlar və digər nüfuzlu şəxslər çoxluq təşkil edir: "Ölkə başçısı çıxışında bildirdi ki, onda torpağı hasarlayıb zəbt edən məmurların konkret siyahısı var. Yəqin ki, bununla bağlı qərarlar qəbul ediləcək. Ötən gün prezident tərəfindən qaldırlan məsələ məmurlara xəbərdarlıq idi ki, gedin, ya torpağı istifadə edin, ya da dövlətə geri qaytarın. Hesab edirəm ki, bu xərdarlıqdan sonra bir daha bu məsələyə qayıdılacaq". Məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədov da açıqlama verib. Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış mexanizm əsasında Vergi Məcəlləsinə dəyişikliklər edilib: "O dəyişikliklərə əsasən, istifadə olunmayan torpaqlara görə vergi ödəniləcək. Hətta onun şkalası da müəyyən olunub. İndi isə hansı torpaqların istifadə olunmamasının meyarları müəyyən ediləcək. Qərar layihəsini hazırlamışıq, 1 həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq. Layihədə hansı torpaqların təyinatı üzrə istifadə edilməyən torpaqlar hesab olunması öz əksini tapıb. Kriteriyalar müəyyən olunduqdan sonra təyinatı üzrə istifadə olunmayan torpaqlardan ona uyğun vergi alınacaq". Heydər Əsədov istifadə edilməyən torpaqların sahibləri arasında məmurların da adlarının olduğu barədə Prezident İlham Əliyevin iradlarını belə şərh edib: "Ola bilsin ki, həmin torpaqları başqa orqanlar verib. O torpaqlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməyib. Biz sadəcə istifadə olunmayan torpaqların mövcudluğu haqqında arayış vermişdik. Ona uyğun olaraq da dəyişikliklər oldu". Nazir qeyd edib ki, hazırda monitorinqlərin nəticələri ümumiləşdirilir: "Monitorinqlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən, həmçinin bizim tərəfimizdən aparılıb. Bundan başqa hər bir rayonda yeni yaranan kənd təsərrüfatı sahələri həmin rəqəmləri hər bir rayon üzrə yoxlayıb təsdiq edəcək. Bundan sonra yekun rəqəm söyləmək mümkün olacaq". Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 200 min hektardan çox torpağın təyinatı üzrə istifadə edilmədiyini qeyd edib: "Mən şəxsən bilməsəm də, prezidentin qeyd etdiyi kimi müəyyən məmurların belə torpaqları var. Məndə olan məlumata görə, 200 min hektara qədər torpaq alınıb, amma istifadə olunmur. Torpaq isə istifadə, kənd təsərrüfatı məhsulu əkmək üçündür. Təsəvvür edin ki, istifadəsiz torpaqlarda da əkin əkilsə, məhsul istehsalı kifayət qədər artar. Bilindiyi kimi, Taxtakörpü su anbarında 30 min hektara qədər yeni torpaq sahəsi istifadəyə veriləcək. Bunun üçün çox böyük zəhmət çəkilib. Yaxud Şəmkir su anbarı altında suvarılan 10 min hektara qədər torpaq var. Bütün bunlarda məqsəd yeni torpaq sahələrinin istifadəyə verilməsidir. Bununla da ərzaq təhlükəsizliyi təminat altına alacaq, özümüzü təmin etməklə bərabər xaricə də məhsul çıxara biləcəyik".
Alim