Rusiyanın Qarabağ probleminin həllində fəallığı artır
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatik hərəkətliliyin davamı olaraq bu dəfə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Azərbaycana səfər etdi.
12 İyul 2016 14:58 SiyasətSergey Lavrovun Bakıda keçirdiyi görüşlər nikbinlik yaradır
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatik hərəkətliliyin davamı olaraq bu dəfə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Azərbaycana səfər etdi. Prezidentlərin Sankt-Peterburq görüşündən sonra cənab Lavrovun Ermənistana, bunun ardınca isə Azərbaycana səfər etməsi rəsmi Moskvanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi addımlar atmaqda maraqlı olduğunu ortaya qoyur. Hər halda bu tendensiya Sergey Lavrovun bu günlərdə Bakıda keçirdiyi görüşlərdə də özünü göstərdi. Məlumat üçün qeyd edək ki, səfərinin ilk günü Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Elə dövlət başçısı ilə Rusiya xarici işlər nazirinin görüşündə də bu fikir açıq şəkildə özünü ehtiva etdi. Prezident İlham Əliyev bildirdi ki, Sergey Lavrovla keçirilən intensiv görüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın necə səmərəli rol oynadığının göstəricisidir: "Biz Rusiya tərəfinin, şəxsən Prezidentin səylərini yüksək qiymətləndiririk. Mən həm Sizə, həm də Rusiya Prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk. Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq. Sizin Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik". Dövlət başçısı Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin də yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, bizim əsas vəzifəmiz bütün istiqamətlər üzrə - həm siyasi, həm iqtisadi, nəqliyyat, energetika, humanitar əməkdaşlıq sahələrində münasibətləri möhkəmləndirməkdir: "Biz dost və tərəfdaş kimi inamla irəliləyirik. Əminəm ki, sizin səfəriniz uğurlu olacaq və ölkələrimizin daha da yaxınlaşmasına təkan verəcək".
Rusiya xarici işlər naziri Sergey Lavrov da öz növbəsində Azərbaycanla bütün sahələrdə əməkdaşlığın, əlaqələrinin inkişaf etdirilməsində rəsmi Moskvanın maraqlı olduğunu vurğulayıb: "Biz bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlıyıq. Əlbəttə ki, Sizin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünə münasibətinizi qiymətləndiririk. Proses həqiqətən
gedir və Prezident Putin Sankt-Peterburq görüşünün nəticəsindən razıdır. Sizin dediyiniz kimi, mən Prezidentin tapşırığı ilə hər iki ölkənin paytaxtına səfər etmişəm. Hesab edirəm ki, bugünkü görüş tamamilə konkret planda daha dəqiq addımları müəyyənləşdirməyə kömək edəcək".
Məlumat üçün qeyd edək ki, Bakıya səfərinin ikinci günü Rusiya xarici işlər naziri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Tərəflər iki ölkənin liderlərinin yüksək səviyyəli dialoqu və nümayiş etdirdikləri siyasi iradənin Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd ediblər. Müntəzəm xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın irəli aparılmasında mühüm amil olduğunu deyən nazirlər əlaqələrin ikitərəfli və çoxtərəfli gündəliyinə və Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə dair ətraflı fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli əlaqələrin inkişafı baxımdan 3 iyul 2008-ci ildə imzalanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsinin mühüm siyasi əhəmiyyətə qeyd olunub. Azərbaycan və Rusiya arasında 2003-cü ilin fevralından parlamentlərarası komissiyanın fəaliyyətini qeyd edən tərəflər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın davamlı xarakter daşımasından məmnunluq ifadə ediblər. Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Vyana və Sankt-Peterburq görüşləri və bu xüsusda substantiv xarakter daşıyan danışıqların əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi məsələlər üzrə Hökumətlərarası Komissiya", kənd-təsərrüfatı və energetika məsələləri üzrə işçi qrupun oynadığı mühüm rol qeyd olunub. Nazirlər 2011-ci ildən başlayaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin artmasına əsaslı töhfə verdiyini diqqətə çatdırıblar. İki ölkə arasında ticarət dövriyyəsinin həcmindən məmnunluq ifadə edən tərəflər birgə səylərlə ikitərəfli ticarət əlaqələrinin tempinin daha da artırılmasını gündəlikdə duran vacib məsələlərdən biri kimi qeyd ediblər. Azərbaycan və Rusiya arasında neft maşınqayırma, neft-kimya, metallurgiya, dağ-mədən sənayesi, aviasiya sənayesi, avtomobil sənayesi və kənd-təsərrüfatı maşınqayırması, nəqliyyat və ağır maşınqayırma, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanların mövcudluğu vurğulanıb. Şimal-Cənub nəqliyyat dəhlizinin genişmiqyaslı tranzit daşımaları üçün əhəmiyyətini söyləyən nazirlər bu sahədə Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığını qeyd ediblər. Tərəflər Xəzər məsələsində də ölkələrimiz arasında qarşılıqlı anlaşma və əməkdaşlığın mövcudluğuna toxunaraq, Azərbaycan və Rusiyanın digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər dənizinin dostluq və əməkdaşlıq məkanı olması istiqamətdə səylər göstərdiklərini bildiriblər. Nazirlər Azərbaycan və Rusiya əlaqələrinin inkişafında humanitar ölçülərin xüsusi əhəmiyyətini söyləyərək bu xüsusda Azərbaycan-Rusiya humanitar forumu, Bakı humanitar forumu, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair birgə layihələri, Rusiya ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması və Azərbaycan Dövlət İqtisad Universitetinin Dağıstanda filialının açılmasına diqqət çəkiblər. Rusiya mədəniyyət və incəsənət xadimlərinin Bakıya qastrollarının müntəzəm xarakter daşıdığını deyən nazirlər Bakının mədəni həyatında mühüm hadisəyə çevrilən "Жара" musiqi festivalının uğurla keçdiyini vurğulayıblar. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XİN rəhbərləri arasında keçirilən görüşdən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqlama verən xarici siyasət idarələrinin rəhbərləri ümumilikdə görüşün məhsuldar keçdiyini də deyiblər. Sergey Lavrov xüsusi olaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət olduqca faydalı idi və Vyana ilə Sankt-Peterburq görüşlərindən sonra irəliləməyə kömək edəcək. Nazir qeyd edib ki, Rusiya və Azərbaycan əlaqələri tərəfdaşlıq xarakteri daşıyır: "Biz siyasi səviyyədə intensiv dialoq aparırıq, iki ölkə arasında ticari-iqtisadi münasibətlər xüsusi diqqət tələb edir". Onun sözlərinə görə, humanitar sahədə əməkdaşlığın dinamikası da qənaətbəxşdir: "Məlum səbəblərə görə Dağlıq Qarabağ üzrə görüşün təfərrüatları müzakirə olunmur. Ümidlərin artdığı bir vaxtda irəliləyişi pozmamaq üçün məsələlərə ehtiyatla yanaşmaq lazımdır. Bu, istənilən diplomatik korpusun etik normasıdır. Lakin bu gün nailiyyətə əvvəlkindən daha çox yaxın olduğumuzu güman etməyə əsas var".
Füzuli