Lavrovun Azərbaycana, Kerrinin Moskvaya səfəri və bunun Qarabağ danışıqlarına mümkün təsirləri

Dağlıq Qarabağ probleminin həlli istiqamətində hələlik ciddi bir nəticə müşahidə edilməsə də, lakin son aylar münaqişənin həllinə yönəlik diplomatik hərəkətlilik artıb. Xüsusilə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra münaqişənin yaxın vaxtlarda həll olunacağına olan ümidlər artıb.

Regiona sülh yaxınlaşırmı?

Dağlıq Qarabağ probleminin həlli istiqamətində hələlik ciddi bir nəticə müşahidə edilməsə də, lakin son aylar münaqişənin həllinə yönəlik diplomatik hərəkətlilik artıb. Xüsusilə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra münaqişənin yaxın vaxtlarda həll olunacağına olan ümidlər artıb. Hər halda ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən olan Rusiyanın ortaya qoyduğu mövqe, danışıqlar prosesinin intensivliyinə xidmət edən gedişlər belə deməyə əsas verir. Bu arada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun regiona qısamüddətli səfəri və Bakıda keçirdiyi görüşlər müəyyən mənada nikbinlik yaradır. Rusiya xarici siyasət idarəsi rəhbərinin Azərbaycana, bundan əvvəl isə Ermənistana səfərinin prezidentlərin Parisdə nəzərdə tutulan növbəti görüşü ərəfəsinə təsadüf etməsi də, müsbət məqamlardan xəbər verir. Hələlik rəsmi olmasa da, qeyri-rəsmi olaraq Lavrovun regiona səfəri zamanı tərəflərə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflər təqdim etdiyi də yayılan xəbərlər sırasındadır. Rusiya Federasiyasının xarici işlər nazirinin regionda görüşlər keçirdiyi bir ərəfədə Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin Moskvaya gələcəyi və Rusiya rəsmiləri ilə mühüm görüşlər keçirəcəyi barədə yayılan xəbərlər də Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət irəliləyişlərin baş verdiyindən xəbər verir.

Millət vəkili Sahib Alıyevin sözlərinə görə, Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Con Kirbinin açıqlamasından məlum olur ki, ABŞ dövlət katibi Rusiya paytaxtında Suriya, Ukrayna və Dağlıq Qarabağla bağlı danışıqlar aparacaq: "Yəqin sıralanmya fikir verdiniz. Apreldən üzü bəri bir neçə dəfədir ki, Con Kerri Sergey Lavrovla ya üzbəüz görüşlərində, ya da telefon danışıqları zamanı məhz bu üç məsələdən birindən söz danışır. Hər dəfə də Amerika tərəfi bununla bağlı açıqlama yayarkən öncə Suriya, sonra Ukrayna, daha sonra isə Dağlıq Qarabağ probleminin adını çəkir. Bu da elə-belə deyil. Vaşinqtondakılar bununla göstərirlər ki, onlar üçün önəmli olan Suriya və Ukrayna məsələlərində Moskvadan müyyən güzəştlər əldə etməkdir. Əgər bunlar olacaqsa, onda Rusiyanın Dağlıq Qarabağ problemini təkbaşına həllinə maneçilik törətməycəklər. Yoxsa ABŞ dövlət katibi Con Kerrinin NATO-nun Varşava sammitində səsləndirdiyi "hərtərəfli həll" və "döyüşlərin yenindən başlanmasına imkan verməmək" kimi tələblər irəli sürməklə problemin həllini yenidən uzatmağa çalışacaqlar". Millət vəkilinin qənaətincə, Rusiya Suriya məsələsində ola bilər ki, müyyən güzşətlərə getsin: "Ancaq Ukrayna məsələsində bunun olacağına inanmıram. Dağlıq Qarabağ probleminə gəldikdə, Sergey Lavrovun Bakı səfərinin ardından Con Kerrinin Moskvaya üz tutması ondan xəbər verir ki, Kreml Dağlıq Qarabağ probleminin tam da olmasa, müəyyən bir həddə qədər həllində həqiqətən də maraqlıdır və artıq nələrsə razılaşdırılıb. Qalır beynəlxalq normalar, haqq və ədalət deyil, öz maraqlarının peşində olan Amerikanı razı salmaq. Kimsə deyə bilər ki, Rusiya da öz maraqlarının peşindədir də. Düz də deyər. Ancaq, məncə, hazırda Azərbaycanla Rusiyanın maraqları daha çox üst-üstə düşür".

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, aprel döyüşlərindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyət mürəkkəb olaraq qalmaqdadır: "Vasitəçiliyi öz üzərinə götürən rəsmi Moskva son üç ayda xarici işlər naziri Sergey Lavrovu Bakıya, həm də Yerevana göndərdi. Bu görüşlərdə Kazan formulu və yenilənmiş Lavrov planı kimi səciyyələndirən mərhələli həll plan üzrə danışıqların detalları müzakirə edilməkdədir. Sankt-Peterburqda Putinin iştirakı ilə prezidentlərin görüşündən sonra atəşkəsə riayət olunsa da, əsas dinamika olaraq mərhələli həll planının mövcud olunduğu vurğulandı". Politoloq deyib ki, Moskvanın həll planında Azərbaycanı qane etməyən müddəalar var və Lavrov Kollektiv Təhlükəsizlik Müqaviəsi Təşkilatının xarici işlər nazirlərinin Yerevan görüşündə bunu Ermənistana təqdim edib: "Yerevandan sonra birbaşa Bakıya yox Moskvaya qayıtması bu planda müəyyən müddəalarda problemlərlə əlaqədar idi. Lavrov iki gündür ölkəmizdə prezident səviyyəsində Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparır. Həmçinin burada Azərbaycanın NATO sammıtində iştirakı və Avropa Birliyi ilə çərçivə sazişinin bağlanması təbii ki, Rusiyanı narahat edəcək məqamlardan biridir. Rusiya Azərbaycandan Moskanın layihələrində yer almasını və paralel olaraq Qarabağ münaqişəsinin həllində maraqlı olmasını bildirir. Danışıqlar da bu detallar ətrafında müzakirə olunur. Mərhəlləli həll planında beş rayonun və sonradan iki rayonun qaytarılması müzakirə edilir. Amma bunun qarşılığında Azərbaycandan Qarabağda referendumun keçirilməsi, yaxud aralıq statusunun verilməsi, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi istənlir.Təbii ki, Azərbaycan bununla razılaşmır". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Sergey Lavrovun səfərindən sonra Rusiya prezidentinin səfərində müəyyən məsələlərə aydınlıq gələcək: "Sergey Lavrov planı ya status-kvonun saxlanmasına, ya da həll planına köklənib. Bunun nətcəsi bir neçə aya bəlli olacaq. Vaxtı uzatmaq, danışıqlar naminə danışıqlar aparmaq Qarabağın hər gün itirilməsi deməkdir. Ermənistan güzəştlərə getməsə yenidən müharibə riski ortadadır". Politoloq hesab edir ki, ABŞ dövlət katibi Con Kerrinin Moskva səfəri zamanı əsas müzakirə Suriyada və Ukraynadakı münaqişə ətrafında olacaq: "Təbii ki, hər iki ölkənin Cənubi Qafqazda strateji maraqları var. Və ABŞ və Rusiya prezidentləri telefon danışıqlarında Qarabağ konfliktini müzakirə ediblər. Con Kerrinin səfərində müzakirə obyektlərindən biri Cənubi Qafqazda təhlükəsizlik problemləridir. Və bu problem əsasən Qarabağ münaqişəsidir. Bununla ABŞ-da Qarabağ danışıqlarında maraqlı olmasını göstərir və Rusiyanın bu prrosesi tam inhisara almasında maraqlı deyil. Hər halda istənilən təşəbbüslər reallığa əsaslansa, səmimi olsalar həll variantına yaxınlaşmağı şərtləndirər. Hələ ki, diplomatik səfərlər və telefon zəngləri atəşkəsin qorunmasına xidmət edib. Artıq Qarabağ münaqişəsini Azərbaycan Ermənistanla deyil, Rusiya ilə aparır.Çünki Ermənistan söz sahibliyi təşəbbüsünü əldən verib. Rusiya çalışır onun maraqları burada təmin olunsun. Hər halda ,bu danışıqlar uzun sürməyəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31