NATO Bakını dilə tutur, ermənilərə isə zərbə hazırlayır

Ukraynanın şərq bölgələrində separatçıların iki "xalq respublikası" yaratdıqlarını bəyan edərək Luqansk və Donetsk vilayətlərinin "müstəqil" olduğunu bildirmələrindən sonra NATO ikinci sammitinə başlayıb.

 

Ukraynanın şərq bölgələrində separatçıların iki "xalq respublikası" yaratdıqlarını bəyan edərək Luqansk və Donetsk vilayətlərinin "müstəqil" olduğunu bildirmələrindən sonra NATO ikinci sammitinə başlayıb.
Uelsdəki Nyuport şəhərində 2014-cü ilin sentyabrında keçirilmiş "böhran sammiti" Krımın Rusiya tərəfindən ilhaqından bir neçə ay sonra baş tutmuşdu.

NATO-nun bu gün Varşavada başlanmış sammitinin başlıca məqsədi Rusiyanın istəklərinin reallaşmasına imkan verməmək, Moskvanın geosiyasi planlarının qarşısını almaqdır. NATO artıq aşkar şəkildə Rusiyanı revanşist dövlət qismində görür.
ABŞ-ın Atlantika Şurası da Avropa dövlətlərini "Rusiyanın işğalçı və ilhaqçı meylli siyasətinə qarşı daha qətiyyətlə müqavimət göstərməyə" çağırıb.

NATO Şərqi Avropa ölkələrini də "qorumaq" niyyətində olduğunu söyləyib və sözlərinin də quru vədlər olmadığını göstərməyə çalışıb. Belə ki, Polşa üçün hər biri 1000 hərbçidən ibarət 4 alay, Baltikyanı dövlətlər üçün 3 alay yaradılıb.
Rumıniya üçün də analoji alayın yaradılması istisna deyil.

Şimali Atlantika Alyansı, daha doğrusu ABŞ bununla Moskvaya anlatmağa çalışır ki, Polşa, Rumıniya və Baltikyanı dövlətlər NATO-nun daimi ön bazalarına çevrilə bilərlər. Üstəlik, Qara dəniz hövzəsindəki yeni müdafiə klasteri Rumıniya, Bolqarıstan və Türkiyədən ibarətdirsə, həmin struktura NATO ilə tərəfdaş ölkələr qismində Gürcüstanla Ukrayna da cəlb oluna bilərlər.
NATO Rusiyanı özünə təhlükə sayır, amma indi geosiyasi situasiya "soyuq savaş" illərindəki dünyadan fərqlidir. Lakin Şimali Atlantika Alyansı hibrid savaşı istisna etmədiyindən struktura üzv dövlətlərin kollektiv müdafiə sisteminin simulyasiyalarında "Şərqdən təhlükə"ni sürəkli təmrinlər məqamı qismində hələ də saxlayır.

Hibrid müharibənin çox mühüm elementi olan informasiya savaşına Rusiya böyük vəsait yatırdığından Varşava sammitində bu məsələ də müzakirə olunasıdır. Hər halda NATO ekspertləri sürəkli deyirlər ki, Moskva kibersavaşı ustacasına aparır və buna da alman, amerikalı siyasi liderlərin elektron poçtlarının sürəkli "sındırılması" dəlalət edir.
Bundan başqa, Rusiya Şərqi Avropadakı qonşularına qarşı aqressiv ritorikasını davam etdirir: məsələn, Finlyandiya və İsveçə NATO-ya qatılmamaqla bağlı xəbərdarlıqlar olunur. Ukrayna və Gürcüstana ünvanlanmış belə xəbərdarlıqların daha uzun tarixi var.
2008-ci ilin avqustunda Gürcüstan, 2014-cü ilin baharında isə Ukrayna həmin xəbərdarlıqların sadə söz yığını olmadığını anladılar.

Köklü, əsaslı dönüş

Varşavada bu gün başlanmış sammit həm də NATO-nun iki il əvvəl başladığı prosesin davamıdır.
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq mətbuat konfransında dedi ki, alyans hazırda tarixinin bəlkə də ən önəmli dövrünü yaşayır: "Ən müxtəlif istiqamətlərdən təhdidlər və çağırışlarla üzləşmişik".

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Duqlas Lyut isə baş verənləri "soyuq savaş" illəri və Berlin divarının yıxılmasından sonrakı 25 il ərzində alyansın nisbətən sakit, rahat həyatından sonra yaşanan "3-cü mühüm mərhələ" kimi dəyərləndirib.
Bütün bunlarla yanaşı, NATO Rusiya ilə dialoqu davam etdirmək niyyətindədir. Rusiya-NATO Şurasının iyulun 13-də keçiriləcək toplantısında da transparentlik, habelə risklərin azaldılması problemləri müzakirə olunacaq.

Uels sammitindən sonrakı dövrdə yaşananları nəzərə alan, təhlil edən NATO indi, Varşava sammitində əsas diqqəti kollektiv müdafiənin möhkəmləndirilməsinə yönəldəcək. Daha konkret olsaq, Şimali Atlantika Alyansının şərq hissəsində hərbi gücün artırılması nəzərdən keçiriləcək.

Heç şübhəsiz ki, bu məsələ ilə bağlı NATO "güclənək" tipli qərar qəbul edəcək.
Estoniya, Latviya, Litva və Polşada yerləşdiriləcək gücləndirilmiş alaylara müvafiq olaraq Almaniya, Britaniya, ABŞ və Kanada rəhbərlki edəcəklər.

Rumıniyada isə NATO-nun çoxmillətli briqadasının formalaşdırılması istisna deyil.
NATO-nun yeni layihələri ABŞ-ın "Avropa təşəbbüsləri" proqramı çərçivəsçində dəstəklənir. Xatırladaq ki, Birləşmiş Ştatların Konqresləri yalnız bu proqrama 3 milyard dollar ayırıb.
Duqlas Lyutun dediyinə görə, ABŞ-ın hazırda Almaniya və Şimali İtaliyadakı mövcud döyüş briqadalarına əlavə olaraq 3-cü briqada da Avropada yerləşdiriləcək.
Bundan başqa, ABŞ-ın Avropadakı raket əleyhinə müdafiə (RƏM) sisteminin komponentləri tədricən NATO-ya verilməyə başlanacaq.
Varşava sammitinin ən önəmli məqamı isə təxminən 20 il davam edən ixtisarlar və azalmalardan sonra NATO-nun siyasəti tamamən dəyişərək hərbi xərcləri artırmağa başlayacağı barədə qərarı olacaq. 
İlkin təxminlərə görə, NATO üzvü olan Avropa ölkələri və habelə Kanada bu il Alyansa ünvanlanmış xərcləri minimum 8 milyard dollar artıracaqlar.

Azərbaycanın önəmi artır

Varşava sammitində əsas müzakirə mövzuları arasında Şimali Atlantika Alyansına daxil olan ölkələrin ərazilərinin yaxınlığındakı məkanlara "stabilliyin inikas strategiyası" adlı proqramın şamil olunmasıdır.
NATO həmin proqram çərçivəsində Əfqanıstanda kontingentini saxlamaqla yanaşı, tərəfdaş ölkələrin silahlı qüvvələrinə yardımlar etmək, həmin dövlətlərin hərbçilərinin təlimlərini daha da gücləndirmək niyyətindədir.

NATO ölkələrinin liderləri qurumun hərbi-dəniz donanmasından və AVAKS sistemli radar təyyarələrindən Suriya ilə İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizəsində istifadə olunması barədə də qərar verəcəklər.
Sabah, şənbə günü NATO üzvü olan 22 ölkə ilə Alyansın tərəfdaşı sayılan 22 dövlətin müdafiə nazirləri səviyyəsində görüş keçiriləcək. Həmin görüşdə Gürcüstandan tutmuş Avstraliyaya, Serbiyadan tutmuş Mərakeşə qədər operativ qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçiriləcək.

Azərbaycana gəldikdə isə Şimali Atlantika Alyansı ölkəmizlə tərəfdaşlığın və əməkdaşlığın önəminin artdığını xüsusilə vurğulayır. Bu sahəyə Əfqanıstandakı antiterror əməliyyatlarından tutmuş, Suriya və İraqda İŞİD-ə qarşı mübarizənin effektivliyinin artırılması daxildir.
Eyni zamanda, NATO Rusiyanı "Avropa Birliyinin təhlükəsizliyinə qarşı yönəlmiş strateji təhdid və çağırış" saydığından Cənubi Qafqazda Moskvanın təsir imkanlarının azaldılması yollarını arayır. Azərbaycansa regionun lider dövləti olduğundan, üstəlik geosiyasi və iqtisadi baxımdan Qərb üçün xüsusi əhəmiyyət kəsb etdiyindən rəsmi Bakı ilə müzakirələrin intensivləşəcəyi şübhə doğurmur. 

Məqsəd bəlli: NATO Azərbaycanı Rusiyanın "təsir orbiti"ndən çıxarmağa çalışır və bunun üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir. 
Lakin iş ondadır ki, Azərbaycan həmin orbitdə olmayıb, deyil və belə mövqe tutmaq fikri də yoxdur. 
Rəsmi Bakı NATO və Rusiya ilə bağlı "bərabərməsafəli" siyasət yürüdür, əks qütblərin heç birinə aşkar meyllənmir və elə bu səbəbdən də önəmini qoruyur.

Varşava sammiti NATO ilə Rusiya arasında münasibətlərin tam yeni formatının təməlini qoymasa belə, toplantı böyük geosiyasi qarşıdurmanın yeni epizodlarının təməli sayıla bilər.

Ermənistan yenə məğlubdur

Dəyişən durumda Ermənistan birtərəfli, birqütblü, Rusiyadan tam və şərtsiz asılı vəziyyətində Avropanın yeni təhlükəsizlik sistemindən kənarda qalacaq.  Bu isə ermənilərin həddən artıq ağır şəraitlə üzləşməsini qaçılmaz edir. Çünki Rusiyadan asılı Ermənistan yaxşı anlayır ki, onun təhlükəsizliyi - çoxsaylı vədlərə rəğmən - tam təmin olunmayıb və üstəlik, Cənubi Qafqazda Moskvanın forpostu rolunu oynayan İrəvan NATO-nun yeni "çağırışlar və təhdidlər" sistemində heç bir vəchlə Şimali Atlantika Alyansının tərəfdaşı sayılmayacaq.

Doğrudur, NATO səfil, asılı və zəlil Ermənistanı özünə birbaşa təhlükə saymır, amma buna rəğmən İrəvan Qərbin planlarında artıq real hədəfə çevrilməyə başlayacaq. 
NATO siyasi və iqtisadi zərbələrini Ermənistana istiqamətlənlirməsə də, İrəvana "Şərq Tərəfdaşlığı Proqramı" çərçivəsində yardımlarını davam etdirsə də, İrəvan "NATO-Rusiya" bölümünün qarşı tərəfində qalıb. Bəhs etdiyimiz bu ünsür isə Ermənistanın perspektivlərini sarsıdan məsələdir. 

NATO-nun Varşava sammiti ərəfəsində dünya birliyinə biabırçı, aqressiv və marazmatik bəyanatlar ünvanlayan, Azərbaycanın işğal etdiyi ərazilərindən geri çəkilməyəcəyini bildirən, sonda da hava hücumundan müdafiə sistemini büsbütün Rusiyanın nəzarətinə verən Ermənistanın nəyəsə bel bağlaması mümkünsüzdür.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan hava hücumundan müdafiə sisteminə nəzarətin tamamən Rusiyaya verilməsi ilə bağlı sualı cavablayanda "alternativimiz yox idi" demişdi.

NATO bu açıqlamanı hələ uzun zaman unudan deyil...

Elçin Alıoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31