Putin və Obamanın Qarabağ danışıqları nədən xəbər verir?

Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik hərəkətlilik müşahidə edilməkdədir.

Arzu Nağıyev: "Dağlıq Qarabağ münaqişəsi nüfuz savaşının mərkəzində durur"

Elşən Mustafayev: "ABŞ və Rusiya prezidentləri arasında baş tutan telefon danışığında Qarabağla bağlı məsələnin də müzakirə edilməsi müsbət haldı"

Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik hərəkətlilik müşahidə edilməkdədir. Prezidentlərin Vyana görüşündən sonra baş tutan Sankt-Peterburq görüşü, yaxın vaxtlarda gözlənilən Paris danışıqları və danışıqlar ərəfəsində işğal altında olan Azərbaycan ərazilərinin işğaldan azad ediləcəyi barədə səslənən fikirlər tezliklə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticənin əldə ediləcəyini söyləməyə əsas verir. Bu arada Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə onun amerikalı həmkarı Barak Obama arasında baş tutan telefon danışığı zamanı Suriya və Ukrayna məsələsi ilə yanaşı Dağlıq Qarabağ probleminin də müzakirə predmeti olması müəyyən ümidlər yaradır. Xüsusilə, telefon danışıqlarının prezidentlərin Paris görüşü ərəfəsinə təsadüf etməsi nikbin düşünməyə əsas verir. Bəs görəsən bu barədə ekspertlər, siyasətçilər nə düşünür?

Siyasi ekspert Arzu Nağıyevin sözlərinə görə, istər Ukrayna, istər Suriya, istərsə də Dağlıq Qarabağ probleminin həllində Birləşmiş Ştatlar və Rusiyanın maraqları kəsişir: "Məlumdur ki, Ukrayna hadisələrinə görə Qərb tərəfindən Rusiyaya iqtisadi və siyasi sanksiyalar tətbiq edilib, Suriyada hər iki dövlət müxtəlif mövqelərdən cəbhənin əks tərfindədirlər. Dağlıq Qarabağ münaqişəsi isə nüfuz savaşının mərkəzində durur. Birləşmiş Ştatlarda seçki ili olduğu üçün Obama və onun komandası miras kimi dondurulmuş konfllikt qoymaq istəmədiyini nümayiş etdirir. Eyni zamanda Əfqanıstandan qoşun kontingentini cıxarmayacağı ilə bağlı bəyanatlar verir. Bu isə Rusiyanın Orta Asiya siyasətinə ziddir. Bununla yanaşı Birləşmiş Ştatlar Gürcüstanda öz siyasətini həyata keçirir. Deməli Rusiyanın istinad nöqtəsi məhz Azərbaycan, daha doğrusu Dağlıq Qarabağ münaqişəsində status-kvonu dəyişməkdən ibarət olmalıdır. Digər tərzdə ABŞ imkan verməyəcək ki, Rusiya regional iqtisadi layihələrin iştirakçısına çevirilsin. Buna görə də əsas oyunçular o cümlədən, Birləşmiş Ştatlar və Rusiya mütəmadi olaraq məsləhətləşmələr aparmağa məcburdurlar". Arzu Nağıyev bildirib ki, Azərbaycanın sülh tərəfdarı olmasına baxmayaraq, münaqişənin özü tərəfindən həllinə qadir olduğu bu oyunçuları hərtərəfli qorxudur: "Əsas səbəb bundan ibarət ola bilər".

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin sözlərinə görə, proseslərin gedişatı göstərir ki , istər prezidentlər arasında, istərsə də digər səlahiyyətlilər arasında bu günə qədər olan danışıqların məsələnin həllinə təsir edəcək səviyyədə heç bir nəticəsi olmayıb: "Hazırda həm Rusiya, həm də Birləşmiş Ştatlar üçün prioritet məsələlər Yaxın Şərq və Ukrayna məsələsidir. İki dövlət arasında olan narazılıqlar əsasən bu problemlərdən qaynaqlanır. Məhz bunun nəticəsidir ki, Rusiya xeyli müddətdir ki, Qərb və ABŞ tərəfindən tətbiq olunan iqtisadi sanksiyalardan əziyyət çəkir. Qərbin belə addımlarını Qarabağla bağlı atdığını isə görməmişik. Çünki Qarabağ probleminin həlli məsələsində onlar arasında elə bir ciddi fikir ayrılığı yoxdur. Hər ikisi məsələyə işğal faktorundan kənər yanaşırlar. Həll yolunu isə işğala məruz qalanla işğalçının ortaq maraqları çərçivəsində görürlər. Hansı ki, bu yanaşma Azərbaycanı qane etmir". Elşən Mustafayev bildirib ki, regionda baş verən hadisələrdən dolayı ABŞ və Rusiya prezidentləri arasında baş tutan telefon danışığında Qarabağla bağlı məsələnin də müzakirə edilməsi müsbət haldı: "Biz bilmirik ki, telefon danışığının ictimaiyyətə bəlli olan hissəsindən başqa daha nələr müzakirə olunub. Amma hesab edirəm ki, bu dəfə ritorika bir az fərqli ola bilər. Çünki aprel döyüşləri Rusiyanı narahat etdiyi qədər də Birləşmiş Ştatları da narahat edib. Onları narahat edən əsas məqam problemi vasitəçilərin iştirakı olmadan Azərbaycanın özünün həll etmək imkanlarının olmasıdır. Bunun işartılarını apelin əvvəllərində baş verən erməni təxribatına Azərbaycan Silahlı Qüvvələrinin verdiyi cavabla gördülər. Ona görə də düşünürəm ki , müzakirələrdə tərəflərə və problemə yanaşma əvəlkilərdən fərqlənəcək. Amma bu o demək də deyil ki, hər iki tərəf problemin Azərbaycanın maraqları çərçivəsində ədalətli həll olunmasında maraqlıdır. Sadəcə hər şeyi indiki zamanda yaranmış situasiya diqtə edir. Hər halda yaxın vaxtlarda telefon danışıqlarının detalları açıqlanar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31