Rusiya-Türkiyə-İsrail yaxınlaşmasının Azərbaycan üçün mənfəətləri

"Bu Azərbaycana regionda əlavə üstünlüklər qazandırır"

Keçən ilin sonlarından məlum təyyarə olayına görə gərginləşən Türkiyə Rusiya münasibətləri nəhayət ki, bu günlərdə normal məcraya doğru istiqamət alır. Artıq tərəflər arada olan buzları tədricən əridərək yeni bir dönəmə qədəm qoymaq mərhələsindədirlər. Bu mərhələ təkcə Moskva və Ankara üçün deyil, eləcə də Cənubi Qafqaz, ən çox da Azərbaycan üçün əlverişli sayıla bilər. Ən azından ona görə ki, bu ölkələrdən biri Azərbaycanın qardaşı, digəri isə dostu, strateji tərəfdaşıdır. Bu baxımdan Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanması nə qədər Azərbaycana mənfi təsir etdisə də, bu münasibətlərin normallaşması bir o qədər də rəsmi Bakının maraqlarına cavab verir. Düzdür, bəziləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan üzr istəməsini doğru qəbul etməsə də, lakin əksəriyyət bunun bir diplomatik gediş olduğu qənaətindədir və bu gedişin Azərbaycana faydalarının böyük olacağı düşüncəsindədir. Elə əksər siyasilər, ekspertlər də bu qənaətdədirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyir ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması, barışıq əldə olunması Azərbaycan üçün də çox sevindirici haldır. Onun sözlərinə görə, iki dövlət arasında soyuqluq Azərbaycanın maraqlarına da cavab vermirdi: "Ümumiyyətlə, Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycana da ciddi ziyan vururdu. Türkiyə ilə İsrail dövlətinin də barışması Azərbaycan üçün faydalıdır və strateji baxımdan da ümidvericidir". Razi Nurullayev onu da qeyd edib ki,

çoxları Ərdoğanıı Rusiyadan üzr istəməsinə görə, qınasa da, bu doğru yanaşma deyil: "Zənnimcə, üzr istəməsi günahından betər olmadı. Çünki, mümkün qədər yumşaq, barışdırıcı və humanist bir yanaşma oldu. Ölən pilotun ailəsindən üzr istədi, Rusiya əvvəlcə bununla heç razılaşmırdı da. Hər zamanın öz tələbi var. Təyyarə vurulan zaman Türkiyə güc olaraq dünyaya tanındı, indiki həssas şəraitdə isə Rusiya ilə dostluğunu geri qaytardı. Türkiyə doğru addım atdı, çünki Türkiyəni bu addımdan çəkindirmək istəyənlər, el dilində desək "qoltuğuna qarpız verib şişirtmək istəyənlər" onun iqtisadi və siyasi problemlərini həll etmək istəyində və iqtidarında deyillər". Razi Nurullayev bildirir ki, bundan sonra Türkiyənin Rusiya ilə yarımçıq layihələri işə düşəcək, turizm canlanacaq və Azərbaycan iki dövlər arasında qalaraq əzilməyəcək: "Dövlətimin güclənməsinin və böyüməsinin tərəfdarıyam. Bəziləri düşünə bilər ki, rus turistləri Azərbaycanı seçəcəkdi, Azərbaycan malları Rusiyaya ixrac olunacaqdı və s. Deməliyəm ki, Rusiya bazarı çox böyükdür və Azərbaycanın ixrac potensialı varsa, bu həmişə mümkündür. Əfsuslar olsun ki, bizim bu potensialımız yoxdur. Rusiyanın iri marketlərinə daxil olun və şahidlik edin ki, Rusiya bazarı Gürcüstan, Ermənistan, Belorusiya və digər ölkələrin məhsulları ilə doludur, amma Azərbaycan mallarına təsadüfən rast gəlmək olar. Biz hansı üstünlüklər və ixracdan danışa bilərik? Turizm olsun, tez-tez Rusiya saytlarının Lənkəranı çimərlik mövsümü üçün birinci yerə qoyduqlarını oxuyuruq. Sevilməyən gözlər kor olsun, amma hardadır o təmiz çimərlik və hotellər? Bakıdan başqa elə bir region yoxdur ki, 3000 turisti bir gündə qəbul edə bilsin. Mövcud hotellərin də çoxu xidmət göstərmək qabiliyyətinə malik deyil, turistlərin qarnını otarmaqla, onların cibinə girməklə və çox baha qiymətə yarıtmaz xidmətlərini sırımaqla məşğuldurlar". Partiya sədrinin qənaətincə, iki dövlət arasında barışın əldə edilməsi Azərbaycanın yaralı yeri - Dağlıq Qarabağ münaqişəsinin həllində də üstünlük qazandırır: "Rusiya Türkiyənin istənilən formada iştirakına və köməyinə qarşı çıxırdı, indi isə tərəzinin gözləri tarazlaşıb. Rusiyaya qarşı sanksiyaların tətbiqi Azərbaycan üçün heç nə qazandırmır Bu kimin üçünsə toydursa, bizim üçün deyildir. Əksinə, Rusiyada böyük sayda həmvətənlərimiz yaşayır və onlar da Azərbaycana kifayət qədər pul vəsaiti göndərirdilər. İndi isə bu yarıdan çox azalıb. Neftin ucuzlaşmasının da Rusiyanın boyuna biçilməsi və siyasi konyukturaya çevrilməsi Azərbaycanı da vurur. Buna da sevinmək olmaz". Razi Nurullayev bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılması da Azərbaycanın xeyrinədir: "Azərbaycan İsrail ilə ciddi hərbi əməkdaşlıq edir və bəzi məqamlarda Türkiyənin də maraqlarını və iki dövlət arasında olan küsülülüyü də nəzərə almalı olurdu. İndi bu problem aradan qalxır və bir çox regional məsələlərdə birgə hərəkət etmək mümkün olacaq ki, bu da Azərbaycana regionda əlavə üstünlüklər qazandırır".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31