Erməni separatizminə beynəlxalq səviyyədə dəstək

Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Valter Ştaynmayerin Ermənistana və Azərbaycana səfəri yekunlaşdı.

ATƏT-də eyni mövqeni ortaya qoydu

Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Valter Ştaynmayerin Ermənistana və Azərbaycana səfəri yekunlaşdı. Valter Ştaynmayerin regiona səfəri daha çox dünyada mövcud olan ikili standartların, işğala bəraət qazandırmağın daha bir göstəricisi kimi yadda qaldı. Belə ki, səfər zamanı Valter Ştaynmayer separatçı rejimin qondarma rəhbəri Bako Saakyanla da görüşməyi özünə borc bildi. Görüşdə nələrin müzakirə edildiyi, ATƏT sədrinin Saakyanla hansı təmasda olduğunun fərqinə varmadan qətiyyətlə demək olar ki, Valter Ştaynmayerin Dağlıq Qarabağda keçirdiyi görüşlər beynəlxalq hüququn, dövlətlərin ərazi bütövlüyü prinsipinin kobud şəkildə pozulmasıdır. Bunu Almaniyanın hansısa bir yüngül əxlaqlı pop və ya rok ulduzu, sənətçisi, QHT rəhbəri, yaxud ingilis bayrağı kimi əsən siyasətçisi etsə, bəlkə də buna göz yummaq olardı. Əslində heç göz yumulası məsələ də deyil. Ancaq Almaniyanın xarici işlər naziri, Valter Ştaynmayerin seprataçıların "lideri" ilə görüşməsi yüngül əxlaqlı alman sənətçinin atmış olduğu yanlış addımdan da qəbahətlidir. Hələ Valter Ştaynmayerin ATƏT-in fəaliyyətdə olan sədri statusu ilə belə böyük bir xətaya yol verməsi tamamilə qəbuledilməzdir.

Qəbuledilməzdir, ona görə ki, birincisi istər Valter Ştaynmayer, istər onun təmsil etdiyi ölkə, istər müvəqqəti sədr postunu icra etdiyi ATƏT, istərsə də digər beynəlxalq təşkilat və qurumlar, ümumilikdə dünya birliyi Dağlıq Qarabağın Azərbaycan əraziləri olduğunu bilir və bu ərazilərin ermənilər tərəfindən işğala məruz qaldığını dildə də olsa etiraf edirlər. Onu da gözəl bilirlər ki, Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin yaratmış olduğu qondarma rejim separatçılıq mahiyyəti daşıyır. Belə olan halda Valter Ştaynmayerin ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşməsi açıq şəkildə həm bu təşkilatın, həm də rəsmi Berlinin separatizmə, işğalçılığa dəstək verməsi deməkdir. Yuxarıda qeyd etdiyimiz kimi hətta Valter Ştaynmayer Bako Saakyandan işğal olnumuş əraziləri boşaltmaq tələb etsəydi belə (hərçənd bu versiyaya inanmaq çox-çox absurddur) Almaniyanın xarici siyasət idarəsinin rəhbəri separatçıların lideri Saakyanla görüşü işğal altında olan Azərbaycan ərazilərində keçirməməli idi. Ən azından Valter Ştaynmayer İrəvanda onunla görüşməli, mövqeyini çatdırmalı idi. Ancaq təssüflər olsun ki, biz bunun əksini görürük. Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT və onun Minsk Qrupu bütün beynəlxalq norma və prinsipləri ayaqlar altına ataraq nümayişkəranə şəkildə Azərbaycana qarşı hörmətsizlik edir, onun ərazi bütövlüyünü ermənilər qədər pozurlar. ATƏT, onun fəaliyyətdə olan sədri Valter Ştaynmayer, təmsil etdiyi ölkə Almaniya digər separatçı rejimlərə hansı münasibəti sərgiləyirsə, eyni ilə erməni separatçılarına da anoloji münasibət göstərilməlidir.

Onu da qeyd edək ki, Valter Ştaynmayer kimi qeyri-peşəkar, cılız siyasətçilərin atmış olduğu yalnış addımlar mənfi bir presidentə şərait yaradır. Belə ki, Azərbaycan zaman-zaman Dağlıq Qarabağa qeyri-qanuni səfər edən ayrı-ayrı ölkələrin vətəndaşları, əsasən də siyasətçilər, QHT rəhbərləri, sənətçilərinə öz etirazını bildirib və həmin şəxslər Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınıb. Ancaq eyni addımın həmsədrlər, elə Valter Ştaynmayerin özünə tətbiq edilməməsi doğru yanaşma sayıla bilməz. Və bu indiyə qədər Dağlıq Qarabağa qeyri-qanuni səfər edənlər üçün stimul vermiş olar. Məhz bu aspektdən çıxış edərək Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan qeyri-qanuni səfər edən istənilən şəxs Bakı üçün arzuedilməz hesab olunub "qara siyahı"ya salınmalıdır.

Valter Ştaynmayerin regiona səfəri həmçinin onu bir daha təsdiqləmiş oldu ki, ATƏT-in Minsk Qrupundan münaqişənin həlli ilə bağlı mədət ummağa dəyməz. Həm ATƏT və onun Minsk Qrupu, həm də digər beynəlxalq təşkilatlar və güclərin yeganə məqsədi Dağlıq Qarabağda yenidən hərbi əməliyyatların başlamasını əngəlləmək, beləliklə nəticəsiz danışıqlar prosesi ilə mövcud status-kvonu saxlayıb Azərbaycanı bu reallıqla, torpaqlarının işğal altında qalması ilə barışdırmaqdır. Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə verilən iftar mərasimi zamanı Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil: "Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31