Azərbaycanın ərazi bütövlüyünə təhdid
Aprelin əvvəlində Qarabağda baş verən 4 günlük müharibədən sonra münaqişənin həlli ilə bağlı bir sıra təkliflər səslənməkdədir
1 İyul 2016 13:28 SiyasətSülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilə bilər
Aprelin əvvəlində Qarabağda baş verən 4 günlük müharibədən sonra münaqişənin həlli ilə bağlı bir sıra təkliflər səslənməkdədir. Rusiyanın təşəbbüsü ilə baş tutan atəşkəsdən sonrakı danışıqların şərtlərini də Moskvanın diktə etdiyini iddia edənlər də var. Rusiyanın irəli sürdüyü şərtlər prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaradır. Həmin şərtlərə ısasən Dağlıq Qarabağ ətrafındakı rayonlar Laçın dəhlizi istisna olmaqla qaytarılır; Azərbaycanlı qaçqınlar qaytarılan rayonlara qayıdırlar; Dağlıq Qarabağa sülhməramlılar yerləşdirilir; Bundan sonra status məsələsi üzərində müzakirələr başlayır. Bu təkliflər sırasında Dağlıq Qarabağ ətrafı rayonlarından mərhələ-mərhələ işğalçı Ermənistan ordusunun çıxarılması və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi xüsusilə diqqəti çəkir. Baxmayaraq ki, əslində, bu məsələ "Madrid prinsipləri"nin bir elementidir, ancaq zaman-zaman Rusiya tərəfindən bu məsələ yenilənir. Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç hələ 90-cı illərdən Dağlıq Qarabağdakı münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsi iddialarının olduğunu deyib: "Lakin bu, yekun həll mərhələsində baş tuta bilər, indi isə yekun həll variantı yoxdur. ATƏT katibliyinin nəzdində yüksək səviyyəli görüşlərin planlaşdırma qrupu fəaliyyət göstərir. Onlar münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi planının sxemini hazırlaya bilər. Yəni ki, ATƏT üçün bu, aşkar hədəflərdən biridir. Hansı qüvvələr? Hələ ki, bunlar xəritədə çəkilən sxemlərdir. Üzv ölkələr müntəzəm olaraq həmin xəritə ilə tanış olur". Rusiyalı diplomat sülhməramlı qüvvələrin yerləşməsi üçün konkret planın da olduğunu deyib. "Planlaşdırma qrupu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə sıx əlaqədədir. Onlar təmas xəttində ərazilərin baxışını keçirir və sülhməramlı qüvvələrin yerləşdiriləcəyi əraziləri xəritədə qeyd edirlər. Münaqişənin həlli prinsipləri aydınlaşdıqdan sonra sülhməramlı qüvvələr bölgəyə yerləşdiriləcək". Xatırladaq ki, Ermənistan tərəfi də daim Daqlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinin tərfdar olduqlarını bəyan ediblər. Çünki, məsələnin sözügedən variantda həlli Ermənistanın maraqlarına uyğundur. Ən azından bununla təhlükəsizlikləri barədə təminat almış olurlar. Bir müddət öncə Ermənistan Almaniya mətbuatına müsahibəsində bəyan etmişdi ki, İrəvan sülhməramlı qüvvələrin münaqişə zonasında yerləşdirilməsinin dəstəkləyir: "Biz bu münaqişənin hərtərəfli nizamlanmasını, o cümlədən iki tərəf arasında sülhməramlıların olmasını nəzərdə tutan müvafiq sənədin imzalanmasına hazır olduğumuzu göstərmişik. Biz heç vaxt bunun əlehinə çıxış etməmişik, lakin hesab edirik ki, bu münaquşə tamamilə həll olunmalıdır". Bunun əksinə olaraq Azərbaycan tərəfindən verilən son açıqlamalar da bu məsələnin rəsmi Bakı üçün məqbul olmadığını göstərir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya mətbuatına müsahibəsində demişdi ki, sülhməramlı adı altında mövcud status-kvonun möhkəmləndirilməsi mexanizmlərini yaratmaq kökündən səmərəsizdir. "Azərbaycan belə yanaşmaya razılıq verə bilməz. Belə ki, bu bizim ölkəmizin maraqları nöqteyi-nəzərindən qəbuledilməzdir və beynəlxalq hüquqa uyğun deyil. Regiona sülh lazımdır. Məhz bu istiqamətdə birgə səylərin atılması lazımdır". XİN-də isə hələlik bu məsələnin müzakirəsinin aparılmasının tez olduğu qənaətindədirlər. Hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın buna razılıq verib-verməyəcəyinin uzun bir müzakirə mövzusu olduğunu deyib: "Əslində Rusiya da Azərbaycanın belə bir şeyə razı olmayacağını çox gözəl bilir. İndiki halda sülhməramlılar məsələsinin gündəmə gəlməsi kimlərinsə istəyindən irəli gələn fərziyyələrdir və sülhməramlı qoşunların regionda yerləşdiriləcəyi anlamına gəlməməlidir. Qarabağda sülhməramlı qoşunların təşkili və hansı qüvvəllərdən ibarət olacağı sülh prosesinin gedişatından asılıdır. Yəni sülhlə bağlı prinsipial razılıq əldə olunacağı və bu istiqamətdə konkret addımlar atılacağı təqdirdə sülhməramlı qüvvələr haqqında konkret söhbət aparmaq olar. Ancaq hazırda vəziyyət elədir ki, bu barədə danışıqlar aparılmır və bu, heç mümkün də deyil. Bu barədə yayılan söhbətlər əsassızdır. BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində sadə və anlaşılan dildə yazılıb ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından qeyd- şərtsiz çıxarılmalıdır. Belə olan halda sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsinə nə gərək var ki?! Rusiya Azərbaycan əvəzindən hansısa qərarları qəbul etmək iqtidarında olmadığı üçün onların nə düşündükləri bizim üçün o qədər də əhəmiyyətli deyil. Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına uyğun deyil". Dağlıq Qarabağın azərbaycanlı icması da bu əraziyə sülhməramlı qüvvələrin yerləşdirilməsinin əleyhinədir. "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov hələ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edildikdən sonra bölgəyə sülhməramlıların yerləşdirilməsi ilə bağlı fikrinə münasibət bildirərkən qeyd etmişdi ki, münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur: "Sülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilə bilər. Azərbaycanın torpaqlarında, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur. Çünki bura Azərbaycan torpaqlarıdır." Şübhəsiz ki, "sülhməramlı" faktorunun mütəmadi olaraq gündəmə gətirilməsi təsadüfi hal hesab edilə bilməz. Bu məsələnin vaxtaşırı ortaya atılması Azərbaycanın gələcək təhlükəsizliyinə təhdid kimi də qəbul etmək olar. Xatırladaq ki, hələ 1994-cü ildə ümumilli lider Heydər Əliyevin qəbul etmədiyi sülhməramlı məsələsi bir də 14 il sonra - 2008-ci il noyabrın 2-də Rusiya tərəfindən yenidən gündəmə gətirilir. Həmin tarixdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı Moskva bəyannaməsində tərəflərə elə ilk bənddə tövsiyə olunur: təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi. Bu gün gündəmə gələn "Kazan variantı" və "Lavrov planı"nda da eyni məsələ əsas kimi irəli sürülür. Hətta rus politoloqları israrla "Madrid prinsipi"ndə də sülhməramlıların yerləşdirilməsi faktorunun olduğunu deyirlər. Lakin bütün sənədlər ortadadır və rəsmi Bakı indiyə qədər "sülhməramlılar" ifadəsinin olduğu varianta razı olmayıb. Əslində 2011-ci ildə Medvedyev formulu adını alan "Kazan variantı"nın, eləcə də 2015-ci ildə "Lavrov planı" adını alan təkliflərin gerçəkləşməməsinin əsas səbəblərindən biri də budur. Etiraf edək ki, uzun illərdən sonra bu məsələnin gündəmə gətirilməsi belə bir sual doğurur-Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi Azərbaycanın ərazü bütövlüyünə təhlükə yarada bilərmi? Ekspertlərin qənaətinə görə, mümkündür ki, söhbət Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağdan birdəfəlik əl çəkməsi perspektivindən gedir. Çünki, regionda sülhməramlıların yerləşdirilməsi (bu hətta BMT sülh missiyası olsa belə) Ermənistana Qarabağda işğalçı siyasətini davam etdirmək imkanı yaradacaq. Konkret olaraq müharibə ilə işğal olunan torpaqların geri qaytarılması üçün hərbi variant məhdudlaşdırılacaq. Bu, Azərbaycanın Dağlıq Qarabağın itirilməsi ilə birbaşa razılaşması deməkdir. Sülhməramlı məsələsində Rusiyanın israr etməsi isə xüsusi diqqət çəkir. Hesab etmək olar ki, Moskva regiona təsir imkanlarını genişləndirmək üçün münaqişənin uzun müddətli qalmasında maraqlıdır. Bunun üçün öz qoşunlarını sülhməramlı adı altında Qarabağa yerləşdirmək istəyir. Azərbaycan faktiki olaraq torpaqlarını azad etmək üçün Ermənistanla yox, Rusiya ilə üz-üzə qalmış olur.
Alim