Dağlıq Qarabağda sülh yaxınlaşır?

Artan diplomatik hərəkətlilik müəyyən ümidlər yaradır

Artan diplomatik hərəkətlilik müəyyən ümidlər yaradır

Bu həftə ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Ermənistan və Azərbaycana səfər etdi. ATƏT sədri Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa da baş çəkdi və separat rejimin başçısı Bako Saakyanla görüşdü.

Politoloq Natiq Mirinin sözlərinə görə, urada xoşagəlməz məqam ondan ibarət oldu ki, ATƏT sədri Qarabağa Azərbaycanın ərazisindən keçərək getmədi, o bunu Ermənistan ərazisindən keçərək gerçəkləşdirdi: " Və bu yöndə Azərbaycanın prinsipial mövqe tutmaması da diqqət çəkdi. Hansı ki, Ştaynmayerə protokolu diqtə edən tərəf nə ATƏT, nə də Ermənistan deyil, Azərbaycan dövləti olmalıydı. Çünki Qarabağ torpaqları Azərbaycan əraziləridir və ATƏT də daxil bütün dünya dövlətləri bu bölgəni bizim sərhədlərimiz daxilində tanıyıb. Azərbaycanın razılığı olmadan nəinki ATƏT sədri, özünə hörmət edən heç bir diplomat, dövlət başçısı, yaxud beynəlxalq təşkilat rəhbəri onun müvəqqəti də olsa nəzarətindən çıxan separat bölgəyə səfər etməməlidir. bu cür davranış müstəqil ölkənin suverenliyinə hörmətlə bağlıdır və beynəlxalq normalarla tənzimlənir". Politoloq deyir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan və Azərbaycana səfəri bilavasitə Qrabağ probleminin həlli məsələlərinin müzakirəsi ilə bağlı olsa da, buradan ciddi siyasi nəticələrin çıxacağı gözlənilmirdi: "Əvvəla ona görə ki, ATƏT sədri konkret həll planı ilə regiona gəlməmişdi. Bu da ona görə yox ki, bunu hansısa səbəblərə görə istəməmişdi, sadəcə belə bir həll sənədi ATƏT-də yoxdur. Almaniya ATƏT-ə sədrliyə gələndən sonra Qarabağla bağlı 7 maddəlik bir sənəd hazırlayıb ki, bu da əsasən atəşkəsin möhkəmləndirilməsi, qarşılıqlı etimad mühitinin yaradılması, vətəndaş cəmiyyətlərinin və bu kontekstdə Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü özündə ehtiva edir. Ştaynmayerin səfərinin də əsasən bu kontekstdə qurulacağı bəlli olduğu üçün buradan da hər hansı siyasi nəticələr gözləmək doğru olmazdı. İkincisi də Azərbaycan prezidentinin son Almaniya səfərində kansler Merkelin ATƏT-ə sədrlik edən bir ölkənin rəhbəri kimi məsuliyyəti öz üzərindən götürüb, topu Rusiyanın meydanına atması da göstərirdi ki, onların başı daha çox ölkə və Avropa daxili problemlərə qarışıb və bundan dolayı əlavə olaraq Qarabağ probleminə zaman və enerji xərcləmək istəmirlər. Ona görə də Ştaynmayerin səfəri Peterburq görüşündən sonra prosesə sadəcə yardımçı bir vasitə olaraq düşünülməlidir. Bizim dediklərimizi əslində Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç də dolayısı ilə təsdiqləyib. "Rossiya-24" kanalına müsahibə verən rusiyalı diplomat ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rol oynadığını bildirməklə bərabər, prosesdə ən böyük potensiala Rusiyanın malik olduğunu deyib. Bununla yetinməyən Lukaşeviç ATƏT-in fəaliyyətdə olan sədrinin Bakı və İrəvana səfərləri ilə bağlı hər hansı bir inqilabi qərarın qəbul ediləcəyini gözləmədiyini də vurğulayıb. Bununla rus diplomat dolayısı ilə Qarabağ probleminin həllinin bilavasitə Rusiya ilə bağlı olduğuna işarə edib və Minsk qrupu həmsədrlərinin fəaliyyətini önə çəkib. Lukaşeviçin açıqlaması da bir daha sübut edir ki, ATƏT-in fəaliyyətdə olan sədri əsas hərəkətverici amil deyil və bu səfərdən hansısa bir razılaşmanın çıxacağını gözləmək də doğru olmazdı". Natiq Miri onu da qeyd edib ki, ancaq ATƏT-in fəaliyyətdə olan sədrinin səfər çərçivəsindəki görüşlərdə müəyyən töhvələrin olduğunu qeyd etmək lazımdır: "Belə ki, Ştaynmayer Ermənistan rəhbərliyi ilə görüşdə Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün olmayacağını deyib. Eyni zamanda, Ştaynmayer son hərbi əməliyyatlardan sonra həm münaqişə tərəflərinə, həm də ATƏT-ə belə vəziyyətdə status-kvonu uzun müddət saxlamağın mümkün olmayacağının aydın olduğunu xüsusi vurğulayıb. Bildirib ki, münaqişənin davamı hərbi əməliyyatların başlanma riskini artırır. Bu açıqlama ATƏT sədri adına çox önəmli açıqlamadır. O mənada ki, bununla Ştaynmayer Ermənistan rəhbərliyinə anlatmaq istəyib ki, əgər yaxın zamanlarda işğal olunmuş rayonlar qaytarılmasa, Qarabağda savaşla qarşılaşacaq. Bu isə dolayısı ilə ATƏT sədrinin Peterburqda münaqişə tərəflərinə təqdim olunan plana razılıq verilməsinə Ermənistan və separat rejimin təhrik edilməsi anlamına gəlir. Bu məsələnin birinci tərəfidir. Məsələnin ikinci və çox önəmli tərəfi isə ondan ibarətdir ki, Ştaynmayer bununla həm də onu anlatmaq istəyib ki, status-kvonun saxlanılmasına çalışmaq əbəsdir və bu, regionda savaş təhlükəsi yaradır. Eyni zamanda, savaş çıxdığı təqdirdə isə Ermənistanın beynəlxalq aləmdə müdafiə olunması mümkünsüz olacaq. Dolayısı ilə erməni rəhbərlərə savaş çıxdığı təqdirdə beynəlxalq təşkilatların və xristian dünyasının Ermənistanı müdafiə etməyəcəklərinə işarə edib. Bu isə çox önəmli məqamdır və ermənilər üçün çəkindirici amil ola bilər. ATƏT sədrinin bu açıqlaması bəlkə də səfər çərçivəsində görə biləcəyi işin ən önəmlisi sayıla bilər. Çünki Ermənistan rəhbərliyi güvənə biləcəyi heç bir güc mərkəzinin qalmayacağına əmin olmadıqca iddialarından geri çəkilməsi də mümkün olmayacaq". Politoloqun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin Bakı səfərində də müəyyən məqamlar bəlli olub: "Aydın olub ki, tezliklə Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşü təşkil oluna bilər. Görünür, prezidentlərin növbəti görüşü məsələsi də Ştaynmayerin səfəri çərçivəsində tərəflərlə müzakirə olunub. Çünki Ştaynmayer vurğulayıb ki, status-kvonun dəyişməsi ilə bağlı təcili danışıqlar prosesinə başlamaq lazımdır ki, davamlı atəşkəsi təmin etmək mümkün olsun. Əslində davamlı atəşkəsin təmin olunmasının hansısa müşahidə missiyasının artırılması, yaxıd insidentlərin araşdırılması mexanizmlərinin tətbiq olunmasından deyil, məhz status-kvonun dəyişməsindən keçdiyi zərurətinin anlaşılmasını müsbət bir sonuc olaraq dəyərləndirmək olar. O ki qaldı prezidentlərin Fransada görüşünə, Azərbaycan tərəfinin buna etiraz etmədiyini bildirən XİN rəhbəri Elmar Məmmədyarov, bu görüşün taleyini rusiyalı həmkarı Lavrovun Ermənistan səfərinin nəticələrinə bağlayıb. Belə ki, Lavrov iyulun 4-də Ermənistanda keçirilən KTMT XİN rəhbərlərinin tədbirinə qatılacaq ki, bu çərçivədə də Ermənistan rəhbərliyi ilə Qarabağ probleminin həlli ilə bağlı Peterburqda onlara təqdim olunan həll planı müzakirə ediləcək. Məhz bu görüşdən sonra Lavrovun Bakıya səfəri olacaq ki, buradan da Fransada növbəti görüşün taleyi bəlli olacaq. Yəni rəsmi Bakının növbəti prezidentlərin görüşü ilə bağlı qərarı Ermənistan rəhbərliyinin həll planına münasibətindən asılı olacaq. Bəlli olacaq ki, Ermənistan danışıqları konkret predmetlər üzrə aparmağa nə qədər hazırdır. Məhz bundan sonra danışıqlara davammı, yoxsa, tamammı qərarı veriləcək. Ona görə də məhz bu baxımdan ATƏT sədrinin və Lavrovun səfəri prosesin gələcəyi ilə bağlı xüsusi önəm kəsb edir. Bu iki səfərin nə qədər əhəmiyyətli olması isə Fransada prezidentlərin növbəti görüşünün baş tutması ilə bəlli olacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31