QDİƏT Parlament Assambleyası Türkiyədə baş vermiş terror aktını pisləyən qətnamə qəbul edib

Azərbaycan nümayəndə heyətinin təklifi ilə

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının Moskvada keçirilən 47-ci plenar iclası öz işini yekunlaşdırıb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat verən Baş Assambleyadakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Əflatun Amaşov deyib ki, iclasın son günündə təşkilatın ayrı-ayrı qurumlarının hesabatları dinlənilib və qəbul edilib: "Toplantıda vurğulanan məsələlərdən biri də bu oldu ki, 12 ölkəni birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik və inkişafa yönəlik fəaliyyətini gücləndirilməlidir. Mövcud xüsusda qaçqınlarla əlaqədar problemlərə hüquqi, mədəni və sosial aspektdə yanaşılmasının zəruriliyi önə çəkildi. İclasda Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə Parlament Assambleyası Türkiyədə baş vermiş terror aktını pisləyən qətnamə qəbul edib". Əflatun Amaşov bildirib ki, Azərbaycan nümayəndə heyətinin fəal dəstəyi ilə irəli sürülən növbəti təklif isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibində fəaliyyət göstərən Parlament Assambleyasının ayrıca qurum kimi formalaşdırılması ilə bağlı olub: "Məsələnin reallaşması üçün müvafiq prosedur fəaliyyətin həyata keçirilməsi və üzv təşkilatların rəylərinin nəticələrinə əsasən yekun qərarın verilməsinə dair razılığa gəlindi. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik Rusiyadan Serbiyaya keçdi və assambleyanın növbəti toplantısı bu il noyabrın sonunda Belqradda olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31