Millət vəkilindən Roma Papasının barışıq çağırışına tutarlı cavab
28 İyun 2016 15:51 SiyasətSahib Alıyev: "Papa həzrətləri anlamalıdır ki, Dağlıq Qarabağ bizim üçün Vatikanın onun üçün olduğundan 10 min dəfə qiymətli və əzizdir"
Roma Papası Fransiskin Ermənistana nəzərdə tutulan səfəri baş tutdu. Səfərini başa vuran Roma Papası geri dönərkən jurnalistlərə verdiyi açıqlamada Dağlıq Qarabağ probleminə də toxunub. Təyyarədə jurnalistlərin verdiyi sualı cavablandıran Papa Fransisk azərbaycanlılarla ermənilərin "kiçik bir torpaq parçası üçün barışmamalarını yaxşı bir perspektiv" saymadığını deyib.
"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Sahib Alıyev qeyd edib ki, Roma Papasının barış elçisi kimi çıxış etməsi, əlbəttə, alqışlanmalıdır: " Ancaq Papa həzrətləri də bilməmiş deyil ki, bunun üçün düşmən ordusu "kiçik bir torpaq parçası" adlandırılan Dağlıq Qarabağ və digər 7 rayonumuzu tərk etməlidir. Ermənistanda olanda o bu haqda açıq çağırışda bulundumu? Yox, bulunmadı. Haylar necə, həmin torpaqları boşaldacaqlarını dedilərmi? Yox, demədilər. Əgər onlara az-çox təsir edə bilənlər "işğala son qoyun" demirlərsə, haylar özləri isə bunu etmək istəmirlərsə, onda hansı barışıqdan söhbət gedə bilər? Ola bilər ki, Roma Papasına ermənilərin zəbt etdikləri "kiçik torpaq parçası" kimi görünür. Ancaq hələ 7 rayonu demirik, təkcə Dağlıq Qarabağın sahəsi (4,4 min kv.km) onun başında durduğu Vatikan dövlətinin sahəsindən ( 0,44min kv.km) 10 min dəfə böyükdür. Ölçü məntiqiylə yanaşsaq, onda Papa həzrətləri anlamalıdır ki, Dağlıq
Qarabağ bizim üçün Vatikanın onun üçün olduğundan 10 min dəfə qiymətli və əzizdir".