Azərbaycan Silahlı Qüvvələri şərəfli yol keçib
26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixidir. 100 ilə yaxın bir tarixi olan Silahlı Qüvvələrimiz bu gün qarşısına qoyduğu bütün məqsəd və vəzifələri yerinə yetirməyə tam hazırdır.
26 İyun 2016 10:00 SiyasətZahid Oruc: "Ordumuz real milli gücümüz deməkdir"
26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixidir. 100 ilə yaxın bir tarixi olan Silahlı Qüvvələrimiz bu gün qarşısına qoyduğu bütün məqsəd və vəzifələri yerinə yetirməyə tam hazırdır. Çünki ötən illər ərzində Silahlı Qüvvələrə dövlət səviyyəsində lazımı diqqət və qayğı göstərilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyir ki, Azərbaycan Silahlı Qüvvələri ötən dövr ərzində şərəfli yol keçib: "Hazırda ordumuzun yeni rəhbərliyi fəal iş aparır və bu işlər təqdirəlayiqdir. Dövlət büdcəsindən hər il müdafiə xərclərinə əhəmiyyətli dərəcədə vəsait ayrılır ki, bu da silahlı qüvvələrimizin daha da güclənməsinə xidmət edir. Ötən dövr ərzində NATO ilə 1000-dən artıq proqramlarda iştirak etmişik. Bu əməkdaşlıq təkcə, Kosova, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməklə məhdudlaşmayıb. Əslində, bunların özü də mühüm amildir. Çünki hərbçilərimizin sülhməramlı missiyalarda beynəlxalq səviyyədə iştirakı özlüyündə vacib şərtdir, çünki dünyada sülh prosesinə hərbçilərimiz də öz töhfəsini verirlər. Bilirsiniz ki, silahlanma müasir dövrün hərbi sistemlərinin yaratdığı nano-texnologiyalar, elektron sistemlər hesabına getdiyindən onu da hərbçilər öyrənməlidir, bu sahədə peşəkar olmalıdırlar. Bu yöndə də müsbət nəticələr əldə olunub. Ona görə də, ilk növbədə, NATO-nun bölgədəki proqramlarının bəzilərində ölkəmiz yaxından iştirak etdi və bu istiqamətdə böyük yol keçdi.
Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramından sonra Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına qoşuldu. Bu, əlbəttə ki, üzvlük üçün olan proqram deyil. Çünki bu açıq əməkdaşlığın fərqli mərhələsidir. Bu tipli əməkdaşlıq ordumuzun modernləşmişməsi baxımından əhəmiyətlidir. Bu proqramları keçməklə təcrübə qazanan 10 minlərlə hərbçilərimiz var. Hazırda da hərbçilərimiz bir sıra beynəlxalq layihələrdə iştirak edirlər. Hərbi təhsil və digər istiqamətlərdə müxtəlif dövlətlərlə fəal əməkdaşlıq edirik". Millət vəkili deyib ki, Azərbaycan Ordusu düşmən ölkənin resursları ilə müqayisədə xeyli güclüdür: "Ölkəmizdə müdafəi xərclərinə ayrılan vəsait bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz dövlətin gücünü özündə ifadə edən yeni bir qüvvəyə çevrilib. Açıq demək lazımdır ki, nə qədər iqtisadi əlaqələr malik olursan ol, uğurlu diplomatiya aparırsan apar, İsveçrə kimi neytrallıq siyasətinə söykənə bilməzsən. Çünki torpaqlarımız işğal altındadır, regionda marağı olan qüvvələr var ki, hər zaman təhlükəli proseslər baş verə bilər. Bölgə üçün qurulan geopolitika iqtisadi-siyasi reallıqları nəzərə almaqla bərabər güc amilinə də söykənməlidir. Bu, Xəzər hövzəsində hərbi donanmanın olmasını, sərhədlərin keşiyində silahlı qüvvələrin dayanmasını özündə ehtiva edir. Əlbəttə, sərhədlə səngər eyni deyil. Azərbaycan Ordusu ötən illər ərzində həm də səngərdə formalaşmağa məcbur olub. Çünki silahlı qüvvələrimizin böyük bir hissəsi gecə-gündüz düşmənlə təmas xəttində təkmilləşiblər, müasir silahlardan istifadəni mənimsəyiblər. Kimlərinsə "Azərbaycan xalqının ordu formalaşdırmağa gücü yoxdur" fikri iflasa uğradı.
Prezident İlham Əliyev sübut etdi ki, Onun Ali Baş Komandanlığı nəticəsində bu gün yüzminlərlə Azərbaycan oğlu ayağa qalxa və düşmən üzərinə gedə bilər. Bu amil istənilən məsələdə mühüm gücü özündə ehtiva edir. İndi beynəlxalq neytral ekspertlər də hərbi cəhətdən region dövlətləri arasında Azərbaycanı ön yerdə qeyd edirlər. Bu hansısa müasir texnikanı almaqla bağlı deyil. Məsələ ondadır ki, həmin müasir texnikaları yüksək səviyyədə idarə etməyi bacaran peşəkar hərbçilərimiz var. Yəni ordu quruculuğunda əsas vəzifələrdən biri hərbçilərizi mənəvi və fiziki cəhətdən yüksək ruhda yetişdirməklə yanaşı, onların peşəkar kimi formalaşdırmaq lazımdır. Buna da nail olunub".
Zahid Oruc parlamentin hərbi qanunvericiliyin yeniləşdirilməsi istiqamətində də kifayət qıədər işlər gördüyünü deyib: "Vaxtilə Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina qəbul olunub, eləcə də hərbi sahəyə aid bir sıra vacib sənədlər qəbul edilib. Bununla belə, hərbi qanunvericilik işi daim yeniləşməlidir. Bu yöndə də mütəmadi olaraq işlər davam edir, zərurət yarandıqca müvafiq qanunlara dəyişikliklər edilir. Bu gün də xeyli tədbirlər var ki, parlamentin müvafiq şöbələri Müdafiə Nazirliyi ilə işləyir. Əksər qanunvericilik aktları təftiş edilib, beynəlxalq təcrübə öyrənilib. Eləcə də, Hərbi Məcəllənin hazırlanması və müxtəlif yeni qanun layihələri ilə bağlı tədbirlər var. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək. Artıq Azərbaycan Ordusunda müqavilə əsasənda xidmət etmək istəyən insanların da sayı artır. Bu amil ordumuzun tam peşəkarlardan formalaşdırılması və modernləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu proses bütün qoşun növləri üzrə gedir. 4 günlük aprel döyüşlərindən sonra dövlətin çağırışları əsasında on minlərlə insan müqaviləli xidmətlə bağlı müraciət ediblər. Bu çox yaxşı haldır və gələcəkdə də öz müsbət nəticələrini daha aydın şəkildə göstərəcək".
Dağlıq Qarabağ problemninin həlli istiqamətində aparılan danışıqlar prosesinə də toxunan millət vəkili deyib ki, 4 günlük aprel döyüşləri Azərbaycanın ordu quruculuğunun məntiqi nəticəsini də özündə ehtiva etdi: "Bəzən bu döyüşləri İkinci Dünya müharibəsinin Staliqrad döyüşünə bənzər dönüş nöqtəsi də hesab edirlər. İndiyə qədər kimlərsə Azərbaycan Ordusunu məğlub ordu kimi qəbul edirdisə, həmin döyüşlərdən sonra yanaşma tamamilə dəyişdi. 4 günlük aprel döyüşləri ordumuzu siyasi danışıqlarda mühüm qüvvəyə çevirdi, diplomatları yerindən tərpətdi, Dağlıq Qarabağ məsələsində on illər ərzində ticarət quran, bu məsələdən istifadə edərək regionu təsir altında saxlamağa çalışan qüvvələrə mesaj verdi. Aprel ayından sonra münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesində intensivlik artıb. İndi Ermənistan özünü "sülh göyərçini" kimi aparmağa başlayıb, ermənilərin qələbə mifi dağılıb. Həmin döyüşlərdən sonra Ermənistanda 5 general vəzifəsi ilə vidalaşdı, digər yüksək rütbəli zabitlər də cəzalandırıldı. Hazırda işğalçı dövlətin hərbi sistemində xaos hökm sürür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün siyasi, iqtisadi, beynəlxaq həyatımızın mühüm bir qüvvəsidir. Bir çoxları düşünə bilər ki, regionda hərbisizləşdirmə daha məqsədəuyğun olardı. Hərbiyə xərclənən vəsait başqa sahələrə xərclənə bilərdi. Amma bu yanaşma doğru deyil. Əgər ölkəmizdə belə vəziyyət olsa, dövlətin varlığı təhlükə altında qalar. Çünki qafqazlarda qorunmaq üçün yalnız intellekt kifayət etmir. Çünki bu bölgədə geosiyasi maraqlar var. Azərbaycan zəngin təbii sərvətlərə sahibdir və bu sərvətləri qorumaq lazımdır. Eyni zamanda, torpaqlarımızın işğal altında qaldığı bir şəraitdə hərbisizləşdirmə siyasəti real deyil. Bu gün Azərbaycan Ordusu müstəqilliyimizin və dövlətçiliyimizin qarantıdır, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ordumuz real milli gücümüz deməkdir. Biz istəyirik ki, ordumuz tariximizə qalibiyyət tarixini də yazsın. Aprel döyüşləri qələbəmizin simvolu kimi torpaqlarmızın bütövlüyünə yol açır. İnanırıq ki, ordumuz Qarabağı bu xalqın nəzarətinə, onun mənəviyyatına və suverenliyi altına qaytaracaq".
Füzuli