Qənirə Paşayevadan erməni deputata sərt cavab: “İşğalçı ölkənizin barbarlıqlarından danışsanız daha yaxşı olar”

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında "Mədəniyyət və Demokratiya" adlı məruzə ətrafında müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan və Türkiyə əleyhinə yalan və böhtanlarla dolu çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavab verib. Millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları dağıtması ilə bağlı geniş çıxış edib: "İşğalçı Ermənistanın nümayəndə heyətinin üzvləri, nümayəndə heyəti üzvü Zöhrabyan işğalçı ölkəsinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışsa daha yaxşı olardı. Onun burada Azərbaycanla bağlı səsləndirdiyi bütün məlumatlar yalandır və gerçəklə heç bir əlaqəsi yoxdur. Belə vacib bir mövzunun müzakirəsi zamanı Ermənistan heyəti üzvlərinin, Zöhrabyanın ölkəm əleyhinə nifrət dolu çıxışına etiraz edir və kəskin qınayıram". Q.Paşayeva qeyd edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün izləri yox etməyə çalışır və bu çox dəhşətlidir: "Düşünə bilirsinizmi, Ermənistan azərbaycanlılara məxsus qəbirstanlıqları belə dağıdaraq Azərbaycanın, azərbaycanlıların tarixini tamamilə silmək istəyir işğal etdiyi ərazilərdə. Onlar Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vururlar və harada kimlər tərəfindən törədilməsinə baxmayaraq Assambleyamız bu cür məsələlərə kəskin etiraz səsibi ucaltmalı və bu kimi vandalizm aktlarını dayandırmağı tələb etməlidir, bunu törədənlərə qarşı ciddi mübarizə aparmalıdır. Əgər siz gerçəkləri video və fotogörüntülərlə görmək istəyirsinizsə, mən onları sizə göstərə və təqdim edə bilərəm". O, vurğulayıb ki, bir xalq başqa bir xalqın tarixinə, mədəniyyətinə sayğı göstərmirsə sonrası bu kimi üzücü hadisələrlə nəticələnir: "Mənim ölkəm Azərbaycan isə müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir və bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir". Bu gün Azərbaycan əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib deyən Q.Paşayeva həyata keçirilən işlər, multukulturalzm mərkəzinin yaradılması, həyata keçirilən layihələr barədə də geniş danışaraq Azərbaycanın bu məsələlərdə dünyada ən yaxşı örnək ölkələrdən biri olduğunu deyib. Millət vəkili Q.Paşayeva Azərbaycanın mədəniyyətlərarası dialoqla bağlı gördüyü böyük işlərin beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirdiyini vurğulayıb. Sessiyada həmçinin serbiyalı deputat Vesna Maryanoviçin hazırladığı "Mədəniyyət və demokratiya", eləcə də Fransadan olan deputat Pyer Le Bornun müəllifi olduğu "Vətəndən xaricdə yaşayan icmaların təhsil və mədəniyyət şəbəkəsi" adlı məruzələr müzakirə olunub. 30-dan artıq Assambleya üzvünün qatıldığı fikir mübadilələrində çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə diqqəti mədəniyyət anlayışının demokratik mahiyyətinə yönəldərək deyib ki, əslində "homo sapiens" elə mədəni insan deməkdir və mədəniyyət həyatın hər sahəsinə aiddir. Onun sözlərinə görə, yəni, peşəkar mənada mədəniyyətdən savayı, siyasətdən tutmuş iqtisadiyyata qədər, birgəyaşayışdan başlamış müharibəyə qədər hər istiqamətin özünə xas olan fəaliyyət, mövcudluq mədəniyyəti var. Zərif mədəniyyət anlayışı ilə kobud müharibə məfhumu zahirən təzadlı görünə bilər. Lakin mahiyyətə enəndə görürsən ki, müharibənin özünün də müəyyən aparılma mədəniyyəti, tabe olmalı olduğu humanitar və hüquqi qaydalar var: "Eyni zamanda, müharibənin artıq peşəkar mənada mədəniyyətə, mədəni sərvətlərə münasibətdə yerinə yetirməli olduğu müəyyən beynəlxalq tələblər də mövcuddur. Mədəniyyət bəlkə də ən demokrtatik dəyərlər sistemidir. Çünki mədəniyyət sərhəd, milli, dini məhdudiyyət tanımır və bütövlükdə insanlığa məxsusdur. Ona görə də mədəniyyətə, mədəni sərvətlərə qarşı edilən istənilən mənfi hərəkət elə demokratiyaya, demokratik dəyərlər sisteminə qarşı həqarət deməkdir". Daha sonra diqqəti Ermənistanın apardığı təcavüz siyasətinə yönəldən deputat bu işğalın mədəniyyətimizə vurduğu zərbələrlə bağlı faktları səsləndirib: "Bütün həyatım boyu mən mədəniyyət məsələləri ilə məşğul olmuşam və bu gün də öz ölkəmdəki ən böyük muzeylərindən birində çalışıram. Artıq 25 ildir ki, Azərbaycandakı 200-dən artıq muzeyin 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalmışdır. İndi "mədəniyyət və demokratiya" prizmasından Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bu irsi və sərvətlərinin taleyini araşdırarkən xeyli narahat bir mənzərə ortaya çıxır. Bu sərvətin arasında elələri var ki, yaşı yüzillərlə deyil, minillərlə ölçülür. Bu isə o deməkdir ki, həmin irs lap çoxdan Azərbaycanla yanaşı bütün bəşəriyyətə aid olan mirasdır. Lakin təssüflər ki, onların əksəriyyəti ya məhv edilmiş, ya da qəsb edilərək erməniləşdirilmişdir". Ermənilərin tarixi saxtalaşdırmasına dair əyani nümunəni misal çəkməklə deputat əslində belə cəhdlərin də arxasında işğala süni tarixi zəmin yaratmaq niyyəti olduğunu bildirib: "Ermənistanın işğal altında saxladığı Laçın rayonunda dördüncü əsrə aid Ağoğlan qəsri qalıb. 2006-cı ildə erməniər həmin qəsrin divarlarına 26 yazılı daş lövhə əlavə ediblər ki, guya bu abidənin onlara məxsusluğuna tarixi sübut yaratsınlar. Digər tərəfdən həm də o təsəvvürü oyatmağa çalışıblar ki, guya bu yerlərə gəlmə deyillərmiş, buralarda elə orta əsrlərdən bəri yaşayırmışlar. Lakin tarixi belə asanlıqla saxtalaşdırmaq mümkün deyil. İş ondadır ki, hələ XX əsrin 70-ci illərində Azərbaycan arxeoloqları və tarixçiləri həmin abidəni müfəssəl araşdıraraq tam təsvirini əhatə edən kitablar buraxmış, dissertasiyalar yazmışlar. Bu danılmaz dəlillər isə erməni yalanlarını dərhal və qeyd-şərtsiz ifşa edir. Ermənistan "Mədəniyyət və demokratiya" müstəvisində belə miskin görünür. Halbuki "Silahlı münaqişlər baş verdikdə mədəni sərvətlərin qorunması" haqqqında 1954-cü il Haaqa konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il UNESCO konvensiyası həmin irsə tamam başqa münasibəti tələb edirdi". 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31