Arye Qut: “Yalnız Rusiyanın təzyiqi olandan sonra mərhələli həll planına keçmək mümkündür”
23 İyun 2016 17:29 Siyasət"Prezident Adminstrasiyasının rəhbər müavini Novruz Məmmədovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planı bağlı Sankt-Peterburqda razılığın əldə edildiyini açıqlaması optimistdir.
Amma nəzərə almaq lazımdır ki,burada tək Azərbaycanın deyil, Ermənistanın da mövqeyi var". Bu fikri Azadinform-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut deyib.
Ekspert vurğulayıb ki, Ermənistan həmişə mövqeyini dəyişir: "Elə dünən Ermənistan XİN rəhbəri Edvard Nalbandyan PA rəsmisi Novruz Məmmədovun açıqlamasını təkzib edərək heç bir razılaşmaya gəlinmədiyini deyib".
A.Qutun fikrincə, Ermənistan bu gün vaxt qazanmaq istəyir: "Tək mən yox, Rusiya ekspertləri də qeyd edir ki, bu gün vaxt Azərbaycanın xeyrinə işləyir. Bu danılmaz faktdır və aprel hadisələri də onu göstərdi ki, Cənubi Qafqazda Azərbaycanın ən güclü ordusu var. Bu da kiçik faktor deyil".
Mərhələli həll planına gəlincə, A.Qut deyib ki, yalnız Rusiyanın Ermənistana təzyiqi olandan sonra mərhələli həll planına keçmək mümkündür: "Biz anlayırıq ki, bu məsələdə Rusiyanın təzyiq rolu çox vacibdir və rəsmi Moskva Bakı kimi strateji tərəfdaşı itirmək istəmir. Hesab edirəm ki, bu məsələdə Rusiyanın təzyiqi həlledici olmalıdır".