Sərkisyanın Qarabağa qanunsuz səfəri barədə beynəlxalq təşkilatlar niyə məlumatlandırılmır?
23 İyun 2016 14:48 SiyasətXİN-in bu barədə bəyanat yayması məqbuldur
Prezidentlərin Sank-Peterburq görüşündən dərhal sonra Ermənistanın dövlət başçısı işğal altında olan Azərbaycan ərazilərinə təşrif buyurub. Rusiya kütləvi informasiya vasitələrinin yaydığı xəbərdən məlum olur ki, Serj Sərkisyan iyunun 23-də işğal altında olan Dağlıq Qarabağda separatçı rejiminin rəhbəliyi, eləcə də buraya zorla yerləşdirilmiş ermənilərlə görüşəcək.
Məlumat üçün qeyd edək ki, Serj Sərkisyan aprelin əvvəllərində baş verən müharibənin dayandırılması və atəşkəsə əməl edilməsi barədə Azərbaycan tərəfindən etdiyi xahişdən dərhal sonra da Dağlıq Qarabağa gəlmişdi. Separatçı rejimin rəhbərliyi ilə keçirdiyi görüşlərdə Azərbaycanı təhdid edən açıqlamalar verməklə rəsmi Bakını yenidən təxribata çəkməyə cəhd göstərmişdi. Hazırda da Sərkisyanın işğal altında olan Dağlıq Qarabağa səfəri eyni situasiyanı, konkret olaraq erməni hiyləgərliyini xatırladır.
Cərəyan edən proseslər fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin nümayiş etdirdiyi səssizlik isə başadüşülən deyil. Aprelin ilk günlərində cəbhə xəttində yaşanan məlum hadisələrdən sonra Serj Sərkisyanın işğal altında olan Azərbaycan ərazilərinə səfəri də XİN tərəfindən səssiz qarşılandı və nazirlik bu səfəri pisləyən heç bir bəyanatla çıxış etmədi. Halbuki Sərkisyanın səfər etdiyi ərazilərin Azərbaycana məxsusluğu hər kəsə məlumdur. Hətta BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində də həmin ərazilərin Ermənistan tərəfindən işğala məruz qaldığı, Azərbaycan torpaqlarının dərhal işğaldan azad olunması tələb edilir. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi həm Sərkisyanın aprel ayında, həm də bu günlərdə Dağlıq Qarabağa etdiyi səfəri pisləyən bəyanatla çıxış etməli, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməli idi. Necə ki, nazirlik hər hansı bir xarici ölkə musiqiçisi, deputatı, qht və digər ictimai təşkilat rəhbərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsini pisləyən bəyanat yayır, onların adlarını haqlı olaraq qara siyahıya daxil edir, eyni münasibət işğalçı ölkənin prezidentinə qarşı da nümayiş etdirilməlidir. Çünki Serj Sərkisyan, eləcə də digər erməni rəsmiləri beynəlxalq qanunlar, sərhədlərin toxunulmazlığı prinsiplərini kobud şəkildə pozaraq qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə səfər edirlər. Elə isə nə üçün işğalçı ölkə prezidentinin bu addımı pislənilməməli, beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılmamalıdırlar. Hər halda Sərkisyanın işğal altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfəri barədə ciddi bir bəyanatın verilməsinə, dünyanın diqqətinin bir daha bu məsələyə yönəldilməsinə ehtiyac var.
Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan prezidentinin Dağlıq Qarabağa qeyri-qanuni səfəri barədə bəyanat verib-verməyəcəyinə dair nazirliyə sorğu ünvanlasaq da, xarici siyasət idarəsindən heç bir cavab verilmədi.