Siyavuş Novruzov İqbal Ağazadəni satqın adlandırdı

Müttəfiqlərinə xəyanət sabiq deputatın köhnə adətidir

Ağdaş seçki dairəsi üzrə Mill Məclisə keçirilən təkrar seçkilər yenidən bəzi siyasiləri üz-üzə qoyub. Daha dəqiq desək seçkidə məğlub olan Ümid Partiyasının sədri İqbal Ağazadənin nəticələrə etiraz olaraq səsləndirdiyi fikirlər, hakim Yeni Azərbaycan Partiyasının ünvanına söylədiyi ifadələr qarşı tərəfi də cavabsız qoymayıb. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ümid sədrinin ittihamlarına cavab olaraq bildirib ki, əsasən ciddi siyasətçilər seçkiyə ciddi yanaşırlar.

YAP rəsmisinin İqbal Ağazadəyə ünvanladığı və reallığı əks etdirən digər bir fikir isə partiya sədrinin zaman-zaman öz müttəfiqlərini satması, onları yarı yolda qoyması ilə bağlıdır: "İqbal Ağazadə 2002-ci ildən sonra insanlar arasına çıxmamalıydı. O, bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub onların həbsinə səbəbkar olan kəsdir. İndi bu insan siyasətdən, yüksək dəyərlərdən danışır. Ona görə də onun heç Azərbaycan siyasətində yeri yoxdur. Prokurorluq orqanlarında onun öz silahdaşları və həmfikirlərinin əleyhinə yazdığı kifayət qədər izahat var. Lazım olsa, çıxarıb, mətbuata təqdim edəcəyik".

Əslində hakim partiyanın icra katibinin müavininin söylədiyi fikirlər heç də böhtan və İqbal Ağazadəyə şər atma deyil. Çünki Siyavuş Novruzovun dedikləri faktdır və xalqın gözü qarşısında baş verib. Hər kəsə bəllidir ki, İqbal Ağazadə 2003-cü ilin oktyabr hadisələri zamanı müttəfiqlərini sataraq özünü sığortalaya bilib. Ümumiyyətlə, İqbal Ağazadə zaman-zaman müttəfiqlərinə, uzun bir yol qət edən siyasi tərəfdaşlarına qarşı xəyanət yolunu tutub. Əsası 2003-cü ilin oktyabrında qoyulan bu xəyanət günümüzdə də davam edib. Ən son keçən ilin parlament seçkilərində İqbal Ağazadənin Azərbaycan Demokrat Partiyasına xəyanət etdiyi ortadadır. Baxmayaraq ki, hər iki partiya "Qarabağ" Siyasi Blokunda təmsil olunurdu və həm Ümid, həm də ADP seçkilərə birgə getmək barədə razılıq əldə etmişdi, lakin sonradan İqbal Ağazadə bu razılığı pozaraq demokratlara xəyanət yolunu tutdu və seçkilərə təkbaşına getdi. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31