Ermənistan çərçivə sazişinin hazırlanmasına razılığını verib?
23 İyun 2016 12:43 SiyasətBunun mərhələli həll planı çərçivəsində olacağı gümün edilir
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü başa çatdı. Artıq bir neçə gündür ki, bu görüş barədə müzakirələr aparılır, onun nəticələri təhlil edilir. Bəs görəsən Sankt-Peterburq görüşü hansı məqamları ilə yadda qaldı?
Politoloq Natiq Miri deyir ki, Ermənistan prezidenti Serj Sərkisyan Sankt-Peterburq görüşü öncəsində hava hücumundan birgə müdafiə sazişini Rusiyanın istəyinə rəğmən, parlamentdə ratifikasiya etməyi təxirə salmaqla, əslində Kremlə bu yöndə təzyiq imkanını əlində saxlamışdı. Bu isə rəsmi Moskva tərəfindən anlaşılmamış deyildi: "Bütün bunları nəzərə alanda Rusiyanın Ermənistana təzyiq etməyəcəyi bəlli idi və biz də bunu proqnozlaşdırmışdıq. Görüşdən çıxan nəticə də göstərdi ki, proqnozumuzda yanılmamışıq. Məhz belə bir zamanda münaqişə tərəfləri arasında diametral ziddiyyətə rəğmən Rusiya Fransada planlaşdırılan görüşü özü üstlənməklə, əslində üzərinə böyük bir məsuliyyət də götürmüşdü. Əvvəla, vəziyyəti tam nəzarətdə saxlamaqla atəşkəsi möhkəmləndirmək üçün çərçivə sazişinə doğru irəliləməyi təmin etmək lazım idi. İkincisi də, münaqişənin tənzimlənməsi üçün bundan irəli gələn "yol xəritəsi"nin müəyyənləşdirilməsinə ehtiyac vardı. Bundan ötrü isə Rusiyaya münaqişənin yenidən dondurulması və tərəflər arasında heç bir seçim etməmək, bir balans siyasəti gərəkirdi ki, Sankt-Peterburqda da biz bunu müşahidə etdik". Politoloqun sözlərinə görə, Rusiyanın tərəflər arasında seçim etməyəcəyi və bir balans siyasəti yürüdəcəyi elə görüşlərin əvvəlində prezident Vladimir Putinin ayrı-ayrılıqda prezidentlərlə görüşündə də bəlli oldu: "Görüşdən çıxan sonuc da göstərir ki, Rusiya əsasən prezidentlərin istəkləri yönündə hərəkət etməklə tərəfləri narazı salmamaq siyasətinə üstünlük verib. Görüşün nəticəsi olaraq razılaşdırılan bəyanatdan da görsənir ki, bir tərəfdə Sərkisyanın atəşkəsin möhkəmləndirilməsinə xidmət edən vasitələrin tətbiqi vurğulanırsa, digər tərəfdə İlham Əliyevin "erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır" fikrini özündə ehtiva edən çərçivə sazişinə doğru addımların razılaşdırıldığına eyham vurulur. Bu da gələcək "Yol xəritəsini" müəyyənləşdirəcək ki, bu yöndə də prezidentlər arasında prinsipial müzakirələrin və razılığın olduğuna bəyanatda işarə edilir. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da oxşar açıqlama verərək bildirib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. Bu açıqlamalar da bir daha göstərir ki, Azərbaycan atəşkəsin möhkəmlələndirilməsinə razı olarkən, Ermənistan da gələcək çərçivə sazişinin hazırlanmasına və bu kontekstdə "Yol xəritəsi"nin hazırlanmasına öz razılığını verib. Bunun da mərhələli həll planı çərçivəsində olacağı gümün edilir. Çünki prosesin paket halında həlli variantının olmadığı bu illər ərzində bəlli oldu və bunun dalana apardığı artıq heç kimdə şübhə doğurmur. Ancaq bütün bunlar
gələcək proseslərin inkişafı ilə bağlı irəliyə gedən nəticələr çıxarmağa heç də ciddi əsaslar vermir. Ona görə ki, görüşdən sonuc olaraq çıxanlar hələlik şifahi bir müzakirə və razılaşmadan başqa bir şey deyil. Bu da gələcəklə bağlı müsbət nəticələr çıxarmağa imkan yaratmır. Çünki Sərkisyan və Putinin verdiyi sözlər, hətta imzaladığı sənədlər belə bəzən heç nəyi ifadə etmir, ciddi hüquqi əsaslar doğurmur. Sankt-Peterburq görüşündən çıxan daha bir nəticə ondan ibarətdir ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər. Bu isə o anlama gəlir ki, Rusiya Qarabağ prosesində dominatlığını saxlamaq niyyətindədir və digər Minsk qrupu həmsədrlərinin fəaliyyəti isə yalnız formal olaraq mövcud olacaq və əsasən saziş sənədlərinin hazırlanmasında "amin" deməklə yetinəcəklər. Bir də atəşkəs rejiminin möhkəmləndirilməsi prosesinə nəzarət edəcəklər ki, bura da həm ATƏT-in müşahidə missiya iştirakçılarının sayının artırılması və araşdırma mexanizmlərinin tətbiq olunması daxildir. Ancaq prosesə əsas yön verən isə üçtərəfli format olacaq. Bu, həm də Vyana formatının artıq tarixə qovuşmasının göstəricisi sayıla bilər". Natiq Miri deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin prezidentlərin görüşünün yekun hissəsinə qatılmaları da göstərir ki, Rusiya hər şeyin digər həmsədrlərlə anlaşma çərçivəsində baş verdiyi görüntüsünü yaratmaq istəyir: "Çünki Rusiya bu daşın altına təkbaşına əlini qoyursa və prosesi hansısa siyasi nəticəyə daşımaq istəyirsə, təbii ki, buradan doğan geosiyasi dividentləri də özü qazanmaq istəyəcək. Yəni, proses bu cür davam edərsə, buradan Qərbin qazanacağı bir şey olmayacaq. Bunun baş verməsi üçün isə ortada həm fal, həm də yumurta olmalıdır. Əks təqdirdə, Azərbaycanı danışıqlar prosesində saxlamaq mümkün olmayacaq, bununla da Rusiya hər şeyi itirəcək. O ki qaldı prosesin hansı yöndə inkişaf edəcəyinə, bunu isə Rusiyanın gələcək davranışları göstərəcək".
Füzuli