Sankt-Peterburq görüşü Ermənistan rəsmilərini çaşdırıb
22 İyun 2016 13:18 SiyasətDövlət təmsilçiləri ziddiyyətli açıqlamalarla xalqı aldadırlar
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə Sankt-Peterburq görüşü siyasi proseslərin gələcək inkişafı üçün əlverişli psixoloji abu-hava yaradıb. Lakin buna baxmayaraq Ermənistan rəsmləri verdikləri siyasi bəyənatlarla sözügedən sammitin əhəmiyyətini azaltmağa, buna rəğmən isə mövcud status-kvonu uzatmağa çalışırlar. Xatırladaq ki, Ermənistan xarici işlər naziri E. Nalbandyan Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonrakı açıqlamasında Azərbaycanın ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəlik ofisinin genişləndirilməsi məsələsində konstruktiv yanaşma nümayiş etdirmədiyini deyib. O, Vyana və Sankt-Peterburq görüşləri arasında olan müddətdə Azərbaycanın konstruktiv olmayan müxtəlif bəyanatlarla çıxış etdiyini də söyləyib. Əslində, dünya ictimaiyyəti Ermənistan rəsmilərinin belə ziddiyyətli bəyənatları ilə aprel görüşlərindən bəri tanışdırlar. Həmin görüşdən sonra da prezident Serj Sərkesyan başda olmaqla Ermənistanın dövlət xadimləri daban-dabana zidd bəyənat verməklə yadda qaldılar. Düşünülməmiş, məntiqsiz bəyənatlar o həddə çatdı ki, hətta Ermənistan prezidenti bir açıqlamada dörd yalana yol verdi. Lakin proseslərin inkişafı göstərdi ki, dünya ictimaiyyəti, eləcə də ATƏT-in Minsk qrupu ölkələri bu bəyənatları ciddi qəbul etmirlər. Çünki, Ermənistan rəsmilərinin açıqlamaları ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeləri ilə ziddiyyət təşkil edir. Həm də Ermənistandan fərli olaraq Azərbaycan tərəfi prezidentlərin Sank-Peterburq görüşünün nəticələrini müsbət dəyərləndirir. Millət vəkili, siyasi elmlər doktoru Hadı Rəcəbli bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı yaşanan məlum hadisələrin bu cür inkişafı, yəni, nəhayət, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən qəbul edilməsi, Ermənistanın işğalçılıq siyasətinin və qeyri-konstruktiv mövqeyinin ifşa olunması Azərbaycan prezidentinin xidmətlərinin nəticəsidir. Onun sözlərinə görə, çox təəssüflər olsun ki, bəlli səbəblər üzündən Qarabağ məsələsinin çözümü ilə bağlı hadisələr, danışıqlar prosesi neçə vaxtdır uzana-uzana gedirdi. Ancaq məlum aprel hadisələri, Azərbaycan dövlətinin və ordusunun qətiyyəti, əzmkarlığı, eyni zamanda, ölkə rəhbərinin dünyada olan çəkisi, nüfuzu sonda gətirib ona çıxardı ki, yenə də masa arxasına keçildi, təcavüzkar dövət də danışıqlar yolundan savayı onlar üçün başqa yol qalmadığını anlamağa başladı: "Burada bir sevindici hal da var ki, məhz Rusiya Federasiyasının prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə Sankt-Peterburqda belə bir görüş keçdi. Son görüşün gedişatı eyni zamanda, onu göstərdi ki, bu görüş, münaqişənin həllinə yanaşma tərzi əvvəlki yanaşmaya, illərdir uzadılan mövzuya oxşamadı, bu, bir az fəqli oldu. Bu da bizə ümid və deməyə əsas verir ki, ölkə prezidentləri-həm Vladimir Putin, həm də digər həmsədr dövlətlərin rəhbərləri bu məsələnin-Qarabağ münaqişəsinin bütövlükdə müsbət həllinin tərəfdarıdırlar. Yəni, bu baxımdan da, onlar münaqişənin sülh yolu ilə ədalətli həlli istiqamətində nəhayət, arzu olunan ciddi səylərini göstərirlər, davam etdirirlər". Milli Məclisin deputatı Bəxtiyar Əliyev isə deyib ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü ilə bağlı təşəbbüsü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaxşı bir təşəbbüsdür. B.Əliyev qeyd edib ki, aprel hadisələri, Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasına gətirib çıxardı: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət artıq dəyişib. Azərbaycan öz haqlı mövqeyini dünyaya nümayiş etdirdi və demək olar ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyinə dəstək verdi. Belə bir nəticəyə gəlmək olar ki, dünya ictimaiyyəti Azərbaycana bu haqq işini davam etdirməyi tövsiyə edir". Millət vəkili bildirib ki, yeni reallıq Azərbaycan Prezidentinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir: Yeni vəziyyətdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil. Münaqişənin həlli ilə bağlı Ermənistana təzyiq göstərilməlidir: "Ermənistan öz işğalçılıq mövqeyindən əl çəkmir, qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ermənistana layiq olduğu təzyiq göstərilməlidir. Bu halda hər hansı bir nəticə əldə etmək olar. Qalan ümid isə yalnız Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Ordusudur".
Alim