Sankt-Peterburq görüşü problemin həllinə ümid yaradır
21 İyun 2016 18:28 SiyasətRusiyanın Dağlıq Qarabağ probleminin həllində aktivliyi artıracağı şübhəsizdir
Cari ilin aprel ayının əvvəllərində təmas xəttində baş verən məlum hadisələr və Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına cavab olaraq həyata keçirdiyi uğrulu hərbi əməliyyatlar beynəlxalq təşkilatlar, dünya dövlətləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qupunda belə bir əminlik yaratdı ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və mövcud vəziyyət davamlı xarakter ala bilməz. Aprel hadisələri cəbhə xəttində hərbi əməliyyatların hər an alovlana biləcəyi, hərbi əməliyyatların daha böyük miqyası əhatə edəcəyi faktını ortaya qoydu. Bu reallıq aprel hadisələrindən sonra münaqişənin həlli ilə məşğul olan beynəlxalq gücləri yenidən hərəkətə keçirdi. Beləliklə, cəbhədə baş verən aktiv hərbi əməliyyatlardan sonra Azərbaycan və Ermənistan Prezidentləri əvvəl Vyanada, bu günlərdə isə Rusiyanın Sankt-Peterburq şəhərində bir araya gəldilər.
Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən Sankt-Peterburq görüşün nəticələrinə dair verilən açıqlamalar onu deməyə əsas verir ki, dövlət başçılarının görüşü konstruktiv şəraitdə keçib və görüşün nəticələri müsbət qiymətləndirilir. Sankt-Peterburq görüş danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaranacağına inanmağa əsas verir. Hər halda Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterbiurqda bir daha nümayiş etdirdiyi qətiyyətli mövqe də münaqişənin həlli ilə məşğul olan beynəlxalq dairələrdə ciddi bir hərəkətlilik yaradacaq. Azərbaycan dövlət başçısının "Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzdir və erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır" kimi haqlı tələbi heç şübhəsiz ki, nəzərə alınacaq. Burada bir məqamı da diqqətə almaq lazımdır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində milli maraqlarımıza heç bir ziddiyyət təşkil etməyən planları, təklifləri, hətta mərhələli həll variantını da qəbul edir. Elə indiki situasiyada da istər vasitəçi dövlətlər, istərsə də regionda sabitliyin davamlı olmasını arzu edən beynəlxalq dairələr Dağlıq Qarabağ münaqişəsinin həllində mərhələli həll planını məqbul hesab edirlər. Elə buna görədir ki, aprel əməliyyatlarından sonra gedən danıəşıqlar prosesində münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur.
Sankt-Peterburq görüşündə müsbətə doğru diqqət çəkən bir məqam da ondan ibarət oldu ki, tərəflər Rusiyanın vasitəçiliyi ilə danışıqlar prosesinin davam etdirilməsi barədə ümumi razılığa gəldilər. Bu öz-özlüyündə bir neçə məqamı ehtiva edir. Birincisi, hələlik regionda, cəbhə xəttində sabitlik hökm sürəcək. Çünki ilk növbədə Ermənistan buna məcburdur. Aprel əməliyyatları zamanı Azərbaycanın hərbi gücünü görən Ermənistan bir daha yanlışlığa yol verməz. İkincisi, Rusiya hazırkı situasiyada Qarabağ probleminin həllində əvvəlki illərdən daha çox maraqlıdır. Çünki aprel döyüşləri zamanı atəşkəs çağırışı edən Rusiya bundan sonra regiona sülh gətirmək istiqamətində fəallığı artırıb. Bir növ Kreml məsuliyyətli bir yükün altına girib. Ona görə də Rusiya Ermənistanın şıltaqlığı səbəbindən özü barədə mənfi rəyin formalaşmasına imkan verməz. Artıq Rusiya Ermənistan da anlada bilib ki, bundan sonrakı dövrdə danışıqlar prosesinin uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil. Çünki ən azından beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Ona görə növbəti danışıqlar prosesində Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu yoxdur. Bütün bunlarıə nəzərə alan ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə görüşdə problemin əsas məğzini iki cümlə ilə ifadə edib: "Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzdir və erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır". İlham Əliyev Sərkisyandan fərqli olaraq "atəşkəsin uzanması" və ya "insidentlərin araşdırılmasl" kəlmələrini işlətmədi. Yəni prezidentlərin keçmiş görüşlərində olduğu kimi Sankt-Peterburqda da mövqeləri bir-birindən 180 dərəcə fərqlənirdi". Politoloq onu da deyib ki, prezidentlər Paris görüşündə də "bir sıra məsələlər" razılaşdırılmışdı. Ancaq Ermənistan Paris görüşündən dərhal sonra işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi, Azərbaycan hərbçiləri işğalçı qüvvələrin helikopterini vurdu. Bununla da Paris "razılaşmalarının" üstündən xətt çəkildi. Buna baxmayaraq, prezidentlərin Sankt-Peterburq görüşünün yekunu ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri nikbin açıqlamalar verdilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər. Lavrovun ardınca, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da oxşar açıqlama verərək bildirib ki, görüş konstruktiv şəkildə keçirilib və Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir". Elxan Şahinoğlunun sözlərinə görə, Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir: "ABŞ və Avropa İttifaqı da Rusiyanı əsas vasitəçi olmasına etiraz etmirlər. Tam əksinə, Avropa İttifaqının əsas dövlətlərindən biri və ATƏT-in hazırki sədri Almaniyanın kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas açar dövlət hesab edir. Ancaq bu o deməkdirmi ki, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə hazırdır? Hər halda Rusiya Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, münaqişə həll olunmasa belə tərəflər atəşkəsə riayət etsinlər. Çünki aprel atəşkəsinin memarı məhz Putindir. Ancaq Rusiya onu da anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil. Bunu aprel döyüşlər də göstərdi". Politoloq qeyd edib ki, rəsmi Bakı və rəsmi İrəvan Sankt-Peterburqda razılaşdırılan "əlavə dinamika" ifadəsini fərqli dəyərləndirəcəklər. Əgər rəsmi İrəvan bu ifadəni atəşkəsin daimi qorunması kimi qəbul edəcəksə, rəsmi Bakı bu ifadəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsi kimi izah edəcək.
Süleyman