“Putin 2 ay ərzində 7 rayonun Azərbaycana qaytarılmasını reallaşdıracaq”
21 İyun 2016 17:06 SiyasətPolitoloq Mübariz Əhmədoğıu hesab edir ki, razılığın uzanmasına Ermənistanla ATƏT-in birgə şantajı təsir edib
"Ermənistan başa düşdü ki, Vladimi Putin yumruğunu stolun üzərinə vuracaq. Elə bunun əlamətləri görünürdü. Ermənistan prezidenti Serj Sarkisyan Sankt-Peterburqa səfər etməzdən əvvəl Yerevanda müxalifət lideri Jirayr Sefilyanı həbs etdi. Sarkisyan bilirdi ki, Sankt-Peterburqda güzəştə getməlidir. Güzəştə gedən kimi də hərbi çevriliş olacaq. Ona görə də profilaktik olaraq Sefilyanı həbs etdirdi".
Bu fikri Azadinform-a Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair keçirdiyi Sankt-Peterburq görüşünü şərh edən politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq xatırladıb ki, ATƏT əvvəlcədən bəyan etmişdi ki, Sankt-Peterburq görüşünün hazırlanmasında iştirak etmir. Bu isə o deməkdir ki, Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qərarı Qərb dünyası qəbul etməyəcəkdi: "Elə başa düşürəm ki, bəlkə də Azərbaycan prezidenti ilə məsləhətləşmə nəticəsində Sarksiyana 1 ay ola bilər ki, 2 və ya 3 ay vaxt verdilər. Hesab edirəm ki, bu müddət ərzində Sarkisyan lazımi işləri görməlidir. Hərbçiləri Dağlıq Qarabağdan müəyyən qədər uzaqlaşdırmaq prosesinin bünövrəsini qoymalıdır. Çünki orada açıq göstərilir ki, bəzi məsələlər üzrə razılaşmalar əldə edilib".
M. Əhmədoğlu deyib ki, bu razılaşmalarda cəbhə boyunca müşahidəçilərin sayının artırılması məsələsini qeyd edirlər, amma digərlərini qeyd etmirlər: "Hansı məsələ ki, Ermənistanın xoşuna gəlir onu qeyd edirlər, görünür digər qeyd edilməyən məsələlər Ermənistanın acığına gələn razılaşmalardır. Sanki Sarkisyan söz verib ki, səs salmayın qoy gedim bunları reallaşdıracam".
Politoloqun fikrincə, ATƏT və Qərb Putini məcbur etdilər ki, Sarkisyan vaxt götürsün. M.Əhmədoğlu hesab edir ki, bu keçid dövrüdür: "Yaxın aylarda Putin öz variantını reallaşdıracaq. Putinin planı ondan ibarətdir ki, 7 rayon Azərbaycana qaytarılsın. Məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Azərbaycanla Ermənistan arasında kommunikasiya bərpa edilməlidir. Putinin axırıncı variantı budur. Mən gözləyirdim ki, bu məsələlər dünən elan olunacaq. Bunları Sarkisyana imzalatdıracaqlar. Görünür Putin ehtiyat etdi ki, Qərb bu variantı qəbul etməz. Burada Ermənistanla ATƏT-in birgə şantajı təsir etdi. Amma hesab edirəm ki, yaxın 2 ay ərzində Putin öz variantını reallaşdıracaq".