Sankt-Peterburq görüşünə fərqli baxışlar

Mümkün gözləntilər nədən ibarətdir?

Nəhayət ki, səbirsizliklə gözlənilən Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü başa çatdı. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə baş tutan Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü və əldə edilən nəticələr barədə müxtəlif fikirlər, proqnozlar səslənməkdədir. Bütün bunlara rəğmən ortada olan mənzərə ondan ibarətdir ki, prezidentlərin Sankt-Peterburq görüşündə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi irəliləyişə nail olunmadı. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Millət vəkili Sahib Alıyev də hesab edir ki, əvvəlcədən görüş barədə verdiyi açılqlama öz təsdqini tapdı: "Yəni problemin həllində əhəmiyyətli irəliləyiş baş vermədi. Ancaq prezidentlərin birgə bəyanatının özü, orada görüşlərin bu formatda davam etdiriləcəyinin anons olunması, xarici işlər naziri Elmar Məmmədyarovun danışıqların konsrtuktiv keçdiyini vurğulaması, onun substantiv xarakter daşıması yaxın gələcəkdə belə bir irəliləyişin mümkünlüyünü və ortalıqda hansısa planın varlığını göstərir". Millət vəkilinin sözlərinə görə, cəbhədə beynəlxalq izləyiclərinin sayının artırılmasına razılıq verilməsi isə o deməkdir ki, erməni tərəfinin aprel döyüşlərində itirdikləri torpaqları geri qaytaracaqları haqda səsləndirdikləri gurultulu vədlərin üstündən artıq möhkəm bir xətt çəkilib: "Bunun mümkünsüzlüyü onlara başa salınıb. İzləyicililərin sayının artırlması eyni zamanda həm də o deməkdir ki, Azərbaycan apreldə yaşananlarla üzləşməmələri, məsələnin sülh yoluyla çözümü üçün ermənilərə qısa sürəli bir şans verir. Verir ki, torpaqların azad edilməsi yönündə bundan sonra da əhəmiyyətli addımlar atılmadığı təqdirdə, erməni havadarlarının deməyə daha sözləri qalmasın. Deməyə söz qalmayanda isə ordu nə etməli olduğunu bilir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, prezidentlərin Sankt- Peterbuq görüşündə bir daha aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsinin tək həll variantı Azərbaycan ordusudur: "Aprel döyüşlərindən sonra Ermənistanın və Rusiyanın öz siyasətlərinə baxacağı gümanı var idi. Artıq, Sankt-Peterbuq görüşü bu gümanı da arxada qoydu. Rusiyanın Qarabağ münaqişəsinin həlli istiqamətində təklif etdikləri variant Azərbaycanın milli təhlükəsizliyinə təhdid olaraq qalır. Rusiya atəşkəsin möhkəmləndirilməsinə və mənasız danışıqların aparılmasına çalışır. Bununla da bir daha aydın odur ki, .Azərbaycanın seçim imkanı kimi yalnız işğalçıya cəbhədə sarsıdıcı zərbə endirmək qalıb". Politoloq qeyd edib ki, proseslər mürəkkəb olaraq qalmaqdadır: " Rusiya Ermənistanda möhkəmlənməkdədir. Qarabağda ordumuzun döyüş əməliyyatları aparmasına digər problem isə 5-ci kolonun- Putinin medallı emissarlarıdır". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Sankt-Peterburq görüşünün nəticəsiz başa çatacağı əvvəlcədən bəlli idi: "Çünki görüşün əsas məqsədi hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaq idi. Belə bəyanatla hələ görüşdən əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da çıxış etdi. O, bildirdi ki, indi əsas vəzifə hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaq və Qarabağ ətrafında toqquşmaların başladığı məqamda mövcud olan boşluqlara imkan verməməkdir. Budur, Prezidentlərin görüşündən gözlənilən nəticə". Politoloqun sözlərinə görə, əgər, danışıqlarda ərazilərin müəyyən hissəsinin qaytarılması müzakirə predmeti lsaydı, Peskov mətbuata açıqlamasında bu barədə ip ucu vermiş olardı və görüşün müsbət nəticələnəcəyini vurğulayardı: "Artıq bu görüşdən sonra Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlər əhəmiyyətini itirir və belə bir danışıqlarda Azərbaycanın iştirak etməməsi artıq lazımdır". Politoloq onu da qeyd edib ki, danışıqlar keçirilən ərəfədə ordumuzun cəbhə bölgəsinə yaxın məsafədə və Naxçıvanda keçirdiyi təlimlər Ermənistana bir mesaj idi və bu irimiqyaslı təlimin keçirilməsi tam zaman etibari ilə uğurlu bir gedişdir: "Həmçinin, Türkiyə ilə "İŞİK 2016" hərbi təlimləri isə Rusiyaya ünvanlanıb. Rusiya vasitəçiliyi götürüb, müsbət həll variantına nail olarsa, Azərbaycanla ciddi müttəfiq səviyyədə artıq əməkdaşlığa gedəcək. Və Rusiya Cənubi Qafqazda öz nüfuzunu qoruyub saxlamaq imkanlarını genişləndirəcək. Ancaq Rusiyanın son günlər Ermənistanla "raket əleyhinə ortaq müdafiə" sistemini yaratmasından görünən odur ki, Rusiya Ermənistanı tutacaq və Qarabağ münaqişəsinin həllində müsbət irəliləyişə isə mane olacaq. Hesab edirəm ki, indiki halda Atəşkəs rejiminin saxlanılması isə Ermənistanın tam maraqlarına cavab verir. Azərbaycanın isə buna gedəcəyi mümkün görünmür. Hər iki istiqamətdə Azərbaycanın hərbi təlimləri müharibə anonsudur və Ermənistan rəhbərliyi nəticə çıxarmalıdır. Əgər bundan sonra Putin yeddi rayonnun qaytarılmasına razılıq verərsə öz strateji maraqlarını təmin edəcək. Bu Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzvülüyü və Qarabağ da "sülhməramlı" adı altında Rusiya hərbiçilərinin yeridilməsi deməkdir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31