Siyasi şərhçi: "Rusiyanın niyyəti formatdan kənara çıxmaqdır"
21 İyun 2016 13:01 Siyasət"Prezidentlərin son görüşündə Dağlıq Qarbağ münaqişəsinin danışıqlar prosesində hər hansı irəliləyişin olduğu müşahidə edilmir. Razılaşma prinsipləri əsasən danışıqların indiki formatda davam etdirilməsi ilə bağlıdır. Bu da Rusiyanın prosesdə üstünlüyü ələ almaq niyyətindən xəbər verir. Rusiya münaqişənin həllində faktiki olaraq ATƏT-in Minsk qrupu həmsədrləri formatından kənarda hərəkət etmək niyyəti güdür. Görünür, digər həmsədrlər də bu reallıqla barışıblar". BunuSİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, indiki şəraitdə təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması, buna əməl olunması prinsipial amil kimi vurğulanır: "Digər faktor isə ərazidə ATƏT-in müşahidəçilərinin sayının artırılması ilə bağlıdır. Bu da prinsip etibarilə yenə də münaqişənin alovlanmamasına xidmət edən amildir. Prinsipcə, bu amil status-kvonun dəyişməsinə xidmət etmir. Cənab Prezident İlham Əliyev Rusiya dövlət başçısı ilə görüşündə açıq şəkildə bəyan etdi ki, status-kvo dəyişməlidir. Bunun yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasıdır. Bu, Azərbaycan üçün prioritet məsələ olaraq qalır".
Siyasi şərhçi bildirib ki, danışıqların necə davam edəcəyinə növbəti günlərdə aydınlıq gələcək: "Şübhəsiz ki, danışıqların əsas detalları açıqlanmır. Bəyanat ictimaiyyət üçün hesablanmış açıqlamadır. Qənaətimə görə, növbəti günlərdə Ermənistanın davranışları və Rusiya tərəfinin verəcəyi açıqlamalar danışıqlar prosesinin bundan sonra necə edəcəyinə aydınlıq gətirəcək. İndiki halda yalnız prosesləri izləmək və hadisələrin real inkişafına qiymət vermək olar".