Rusiya Peterburq imtahanından necə çıxacaq?
Problemin həllində müəyyən irəliləyişlər əldə olunmasa, münaqişə tərəflərinin Moskvaya etimadı itəcək
20 İyun 2016 13:19 SiyasətRusiyanın Sankt-Peterburq şəhərində Kreml rəhbəri Vladimir Putinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ətrafında gedən söhbətlərin əsas mahiyyəti ondan ibarətdir ki, Moskva yenidən Dağlıq Qarabağ probleminin həllində üstünlüyü ələ aldı və Rusiya Cənubi Qafqaza nəzarəti əldən verməyəcəyini bir daha təsdiqlədi. Bəs görəsən Rusiyanın regiona nəzarəti əldə saxlaması müqabilində problemin həllində yaxın vaxtlarda ciddi irəliləyiş müşahidə ediləcəkmi?
Politoloq Natiq Miri də deyir ki, prezidentlərin görüşü sadəcə Rusiyanın təşəbbüsü ilə baş tutan bir görüşdür və heç bir beynəlxalq status daşımır: "Çünki görüşdə münaqişə və təşəbbüskar ölkələri yalnız prezidentlər təmsil etdiyi üçün hansısa müzakirələrdən deyil, konkret planlar üzrə şifahi, yaxud yazılı razılaşmalardan söhbət gedə bilər. İkincisi də, Rusiyanın görüşü necə təqdim etməsinə baxmayaraq, gerçək ondan ibarətdir ki, Kreml Vyana formatından sonra yenidən Qarabağ prosesini öz nəzarətinə qaytarmaq istəyindədir. Əgər belə olmasaydı, Vyana formatının davamı olaraq görüşdə bütün həmsədr dövlətlər xarici işlər nazirlərii səviyyəsində təmsil olunardılar. Və ATƏT də Peterburq görüşünün təşkili prosesində iştirak etmədiyini xüsusi olaraq vurğulamazdı. Əgər ATƏT səviyyəsində bu açıqlamaya ehtiyac duyulubsa, demək ki, beynəlxalq qurumu qane etməyən hansısa məqamlar vardır. O da təbii ki, Rusiyanın təkbaşına təşəbbüsü yenidən ələ almaq istəyilə bağlıdır. Amerikalı həmsədr Uorlikin də bu yöndə daha bir açıqlaması var ki, burada da o, Peterburq danışıqlarında Vyana razılaşmalarının həyata keçirilməsinə ümid etdiyini bildirir. Bu açıqlama bir daha sübut edir ki, ABŞ prosesin davamından əmin deyil və Vyanada razılaşdırılan bəzi məqamların həyata keçməsini istəməyən subyektlər var. Bunlar həm münaqişə tərəfləri, həm də görüşü təşkil edən Rusiya ola bilər. Və məhz Peterburqdakı görüşə əmin olmadıqları üçün ABŞ həmsədr Uorliki maraq tərəfi olaraq Rusiyanın şimal şəhərinə göndərməkqərarı alıb". Politoloq bildirib ki, ATƏT-in açıqlamasında bütün məsuliyyəti görüşü təşkil edən tərəfin üstünə qoymaq istəyi də hiss olunur. Ona görə də Rusiya prezidentlər arasında görüşü təşkil etməklə təkcə geosiyasi qazanc əldə etmir, həm də böyük məsuliyyət üzərinə götürür: "Belə ki, bir tərəfdən prosesin gələcək inkişaf perspektivini öz nəzarətinə götürmək imkanı qazanırsa, digər tərəfdən, həm münaqişə tərəfləri, həm də həmsədrlər qarşısında prosesi təkbaşına konkret nəticəyə daşımaq məsuliyyətini üstlənir. Bu da Rusiyanın prosesin gələcək inkişafında rolu və imici üçün müəyyən risqlər yaradır. Çünki problemin həllində müəyyən irəliləyişlər əldə olunmasa, münaqişə tərəflərinin Rusiyaya etimadı itəcək və həmsədrlər qarşısında prosesdə həlledici siyasi amil olmasına xələl gələcək. Eyni zamanda, belə vəziyyət ABŞ kimi həmsədr dövlətə imkan verəcək ki, Qarabağ prosesini birdəfəlik Rusiyanın monopoliyasından çıxarıb, yeni rəng verə bilsin. Məhz buna görə də ABŞ bilərəkdən Rusiyanı yenidən qabağa verərək mahiyyətinin tam açılmasına şərait yaradır. Ayrıca proses bununla yetinməyəcək və Cənubi Qafqazın münaqişədə olan bu iki ölkəsinin Qərbə tərəf yönəlməsini sürətləndirəcək. Bu isə Rusiyanın köklü olaraq Qafqazda möhkəmlənməsini təhlükəyə atacaq. Ona görə də Rusiya anlamalıdır ki, onun Qafqazda qalmasının yeganə qarantı Ermənistan, yaxud Gürcüstan deyil, məhz Azərbaycandır. Çünki Ermənistan onsuz da Rusiyanın bir əyaləti kimi çıxış edir və orada verilən istənilən bir siyasi qərar heç nəyi həll etmir və proseslərə təsir imkanı sıfra bərabərdir. Ermənistanın regional, yaxud Qarabağ proseslərinə təsiri yalnız Rusiyanın icazə verdiyi sərhədlərə qədərdir. Biz bunu Ermənistanın Avropa Birliyi ilə assosiativ müqaviləni imzalamaqdan imtina edib, Avrasiya İttifaqına üzv olması hadisəsində, həm də Rusiyanın istəyi ilə hava hücumundan birgə müdafiə sazişini imzalamağa vadar edilməsində də gördük. Bu hadisələr bir daha sübut etdi ki, Rusiya istədiyi qərarı istənilən zaman Ermənistana qəbul etdirə bilər. Əgər bu gün Ermənistan Qarabağ probleminin həllində dirənirsə, prosesi irəli aparmaq mümkünsüz görünürsə, demək ki, bunu Rusiya istəmir və danışıqlar da sadəcə görüntü yaratmaq üçün aparılır. Bu durum aprel döyüşlərinə qədər belə idi". Natiq Miri deyib ki, ancaq indi vəziyyət dəyişib: "Azərbaycan prezidenti Peterburq görüşünə hazırlanarkən ordu da 25 min nəfərlik qoşun və texnika ilə hərbi təlimlərə başlayıb. Özü də Erməni qoşunlarının yaratdığı müdafiə istehkamlarını asanlıqla yarmağı məşq etməklə. Bu təlimlər öz-özlüyündə həm Ermənistana, həm də həmsədr dövlətlərə bir mesajdır ki, artıq zaman o zaman deyil və danışıqlar yalnız mahiyyəti üzrə getməlidir. Əks təqdirdə, prosesin gələcək nikişafını siyasilər deyil, ordu öz öhdəsinə götürəcək. Ona görə də Peterburq görüşünə həm Ermənistanın gələcəyi, həm də Rusiyanın Qafqazda qalma testi kimi baxsaq, daha doğru olardı. Çünki məhz bu görüşdən sonra qərar verəcək tək ölkə nə Ermənistan, nə də Rusiya olmayacaq. Məhz Cənubi Qafqazın həlledici dövləti olan Azərbaycan olacaq. Ona görə ki, Gürcüstanın Qərbə inteqrasiyasına rəğmən ayaqda dura bilməsi böyük anlamda Azərbaycana bağlıdır. Bu isə dünya gücləri qarşısında Azərbaycana müəyyən imkanlar açır. Azərbaycanın strateji önəmini ortaya qoymaqla bərabər, həm də qarşı duran dünya güclərinə regiondakı gələcək statusları ilə bağlı müəyyən seçim imkanı tanıyır. Belə ki, Rusiya ənənəvi olaraq yenə də Ermənistanın havadarı kimi çıxış edəcəksə, bu halda birdəfəlik Azərbaycanı itirəcək ki, nəticədə Rusiya Qafqazdan da sıxışdırılacaq. Və Şimal-Cənub dəhlizi kimi yeni kommunikasiya sistemlərinin yaratdığı iqtisadi imkanlar doğmamış Kremlin üzünə qapanacaq. Ya da ki, Azərbaycanın haqlı tələblərini gözardı etməyərək prosesin həllinə rəvac verəcək ki, bu da Rusiyaya həm Qafqazda, həm də regionda böyük imkanlar açacaq. Eyni şey Qərbə də aiddir. Ya Qarabağ prosesini manipulyasiya etməkdən vaz keçib, problemin həllinə beynəlxalq hüquq normalarına uyğun davranacaqlar, ya da ki, Cənubi Qafqazın giriş qapısı olan Gürcüstanda ilişib qalacaqlar. Bu isə Azərbaycansız Avroatlantik gücün nə hərbi, nə də iqtisadi yöndə işinə yaramayacaq. Ancaq Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqaza, o cümlədən Qarabağ probleminə daşınması da yaxşı perspektiv vəd etmir. Çünki kimsə bu problemi hansısa gücün təkbaşına həll edəcəyini düşünürsə, kökündən səhv edir. Burada yeganə həll yolu qlobal güclərin uzlaşmasından keçir ki, Azərbaycanın hərbi gücü də bu kontekstdə ciddi amil rolunu oynayır. Ona görə Qarabağın açarını orda-burda axtaranlar öncə bunu Azərbaycanın hərtərəfli inkişafında axtarsınlar".
Füzuli