Sahibə Qafarova: Azərbaycan AŞPA-nın ən fəal üzvlərindən biridir
17 İyun 2016 16:41 Siyasət"Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələri formalaşıb. Bu, əməkdaşlıq ölkəmiz tərəfindən müsbət qiymətləndirilir və inanırıq ki, bu əlaqələr bundan sonra da inkişaf edəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennakın ölkəmizə səfərini şərh edərkən səsləndirib. O, səfər çərçivəsində keçirilən görüşlərin ölkəmizlə AŞPA arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycanın AŞPA-nın ən fəal üzvlərindən biri olduğunu deyən komitə sədrinin sözlərinə görə, Azərbaycan Respublikası qurumla ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Millət vəkili bildirib ki, AŞPA Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır: "Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Bundan başqa, Azərbaycanın dünyaya təqdim etdiyi dəyərlər, ölkəmizin beynəlxalq aləmdə rolu və mövqeyi, qlobal təhlükəsizliyin, dinlərarası dialoqa töfhələri təşkilat tərəfindən yüksək qiymətləndirilir".