Ermənistanın növbəti təxribatı
İşğalçı ölkə Sankt-Peterburq görüşünü pozmağa çalışır
17 İyun 2016 14:10 SiyasətErmənistanın "Aykakan jamanak" qəzetində Birləşmiş Ştatların təklifi ilə Vyana görüşündə qəbul edilən Qarabağ münaqişə zonasında hadisələrin araşdırma mexanizmlərinin quraşdırılmasının təxirə salındığı barədə informasiya yayılıb. Buna səbəb isə mexanizmlərin quraşdırılması üçün vasitəçilərdə lazımi maliyyə vasitəsinin olmaması göstərilib.
Politoloq Natiq Miri deyir ki, belə bir informasiyanın məhz iyunun 20-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə görüşü ərəfəsində yayılması xüsusi diqqət çəkməyə bilməz. Çünki məhz bu görüşdə xüsusi mexanizmlərin quraşdırılması və ATƏT nümayəndəsinin səlahiyyətlərinin artırılması, müşahidə missiyasının tərkibinin çoxaldılması ilə əlaqədar təkliflərin münaqişə tərəfləri arasında razılaşdırılması baş verməli idi: "İndi isə bəyan edilir ki, sözügedən mexanizmlərin quraşdırılması üçün kifayət qədər böyük vəsaitlər lazımdır və bu maliyyə indiki halda mövcud deyil. Sanki bu qədər vəsaitlərin xərclənəcəyi əvvəlcədən bəlli deyildi. Adətən belə təkliflər veriləndə onun smeta dəyəri, nəzarət və lojistik mərkəzlərinin maliyyə xərcləri ilə birgə hesablanıb, tərəflərə təklif olunur. Yoxsa ki, təklifi verib, tərəflərə qəbul etdirəndən sonra, "ay aman maliyyə xərcləri çoxdur, bundan imtina edirik"-deyə, məsələnin bu cür qeyri-ciddi qoyuluşu olmur. Ayrıca ona da diqqət etmək lazımdır ki, bu məsələyə indiyədək dirəniş göstərən tərəf məhz Rusiyadır. Kremlin münaqişə tərəflərini görüşdürmək ərəfəsində bu informasiyanın yayılması göstərir ki, bu, xüsusi maraq kəsb edir və hansısa güc mərkəzinin maraqları çərçivəsindədir. Bu informasiya əgər səhihdirsə, onda o deməkdir ki, artıq bu gerçəyi Azərbaycan və Ermənistan hakimiyyətləri qəbul ediblər, görüş zamanı da məsələ müzakirə olunmayacaq. Bu isə əsas mahiyyət üzrə danışıqların aparılmasına yol açır ki, o da Azərbaycanın maraqları çərçivəsindədir. Ancaq etiraf etmək lazımdır ki, bu məsələdə şübhəli məqamlar da yox deyil. Maraqlıdır ki, mayın 31-də və iyunun 2-də Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan Xİ nazirləri ilə Brüssel və Fransa paytaxtında görüşüblər, onlara Vyanada razılaşdırılmış məsələlər üzrə təkliflər paketini təqdim ediblər ki, prezidentlərin görüşünədək bu məsələlər haqda tərəflər öz münasibətlərini hazırlasınlar. İndi də hansısa sehrli çubuğun tərpənişi ilə bu məsələnin maliyyə çatışmamazlığı ucbatından işə yaramayacağını bəyan edirlər. Burada səbəb maliyyə göstərilsə də, heç şübhə yoxdur ki, bunun arxasında duran əsas məsələ siyasidir. Çünki xatirinizdədirsə, Vyana görüşündə bu məsələlər razılaşdırılanda Rusiyanın bu təklifə razılıq verməsi müəyyən suallar yaratmışdı. Ardınca da Rusiya prezidenti
təcili qaydada Təhlükəsizlik Şurasını yığmaqla bu məsələni müzakirə obyektinə çevirmişdi. Bu da onu deməyə imkan verir ki, əgər Rusiya prezidentlərin Peterburq görüşünü və prosesin həllində dönüş yaratmağı Minsk qrupu həmsədrləri arasında öz öhdəsinə götürübsə, demək ki, xüsusi mexanizmlərin quraşdırılması kimi Rusiyanın istəmədiyi təkliflərdən imtina olunması məsuliyyətini də öz üzərinə götürə və bunu həmsədrlərlə razılaşdıra bilər". Natiq Mirinin sözlərinə görə, bu təklif ABŞ tərəfindən verildiyi üçün bunun həm də Vaşinqtonun geosiyasi maraqlarına xidmət etdiyini də düşünmək lazımdır: "Çünki xüsusi mexanizmlərin Azərbaycan-Ermənistan və Qarabağ cəbhəsinə quraşdırılması Birləşmiş Ştatların bu ərazilərə nəzarəti anlamına gəlirdi ki, bundan ötrü də maliyyə vəsaitlərinin tapılmaması kimi qeyri-ciddi səbəblər inandırıcı ola bilməz. Burada əsas səbəbi bu mexanizmləri istəməyən tərəflərdə, Rusiya və Azərbaycanda axtarmaq lazımdır ki, biz tərəfdən də Prezident Aparatının rəsmisi Novruz Məmmədov bu təklifə etiraz edilmədiyini deməklə, əslində razılıq verildiyinə işarə etmişdi. Yerdə qalır Rusiya, o da ki, bu təklifi istəməməklə bərabər, həm də buna alternativ olaraq Qarabağ cəbhəsində ayırıcı olaraq öz sülhməramlı qoşunlarının yerləşdirilməsini təklif edir. Ona görə də əgər Rusiya prosesin həllini öz boynuna götürübsə, onda bu məqamı da qətiyyən gözardı etmək doğru olmazdı. Çünki müftə şeylərin yalnız siçan tələsində olduğu gerçəyini də unutmayaq. Bu baxımdan, əgər Rusiya ciddi bir iş görmək üçün soyunubsa, demək ki, ortada Kremlin ciddi geosiyasi maraqlarının təminatından söhbət gedir. Bu da təbii ki, Azərbaycanın Rusiyaya daha çox inteqrasiyası, Avrasiya İttifaqına üzv olması və rus qoşunlarının yenidən Azərbaycana qayıtması kimi məsələləri ehtiva edir. Ancaq hər bir halda Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədovun dediklərinə rəğmən Azərbaycanın bu məsələyə dirəniş göstərə biləcəyi ehtimalını da gözardı etməmək lazımdır. Çünki bunun qəbul edilməsi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün müharibə etmək hüququnu müəyyən mənada məhdudlaşdırır". Politoloqun qənaətincə, onu da istisna etmək olmaz ki, bu məsələ ümumiyyətlə Vyanada razılaşdırılmayıb, sadəcə Sərkisyanı vəziyyətdən çıxarmaq üçün erməni ictimaiyyətinin köpünü alacaq şəkildə təqdim olunub: "Bu yöndə Azərbaycan prezidentinin Sərkisyanı narazı salan "bir cümlədə dörd yalan" ifadəsini də unutmaq lazım deyil. Prezident bu fikirlə həm də xüsusi mexanizm quraşdırılması yalanlarına da bir işarə edə bilərdi. Çünki bu fikrə qarşılıq olaraq Sərkisyan heç bir arqument ortaya qoymadı və sadəcə görüşün baş tutmama ehtimalı ilə təhdid etməklə vəziyyətdən çıxmağa uğursuz cəhd etdi. Bu da ki, yalançıların tipik şantaj üsuludur".
Füzuli