Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzi adından onun rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Lakin ekspertin fikrincə, rəsmi Bakı üçün amerikalı generalın hər 3 təklifinə "hə" deməsi problematikdir: "Çünki rəsmi Bakı Moskvanın reaksiyasından ehtiyat edir. Məsələn, may ayının sonunda Gürcüstanda ABŞ və Böyük Britaniya hərbçilərinin və döyüş texnikasının iştirakı ilə birgə hərbi təlimlər keçirildi. Əslində, Azərbaycan bu təlimlərə də dəvətli idi. Ancaq Rusiya hakimiyyəti Tiflis yaxınlığında - Vazianidəki təlimlərə etiraz etdi. Əgər Azərbaycan hərbçiləri də həmin təlimlərdə iştirak etsəydilər, bu, Bakı ilə Moskva arasındakı münasibətlərdə müəyyən suallar yaradacaqdı. Azərbaycan hakimiyyəti isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki həssas məqamda Rusiya ilə münasibətlərdə gərginlik yaşamaq istəmir".

Buna baxmayaraq, Mərkəzin rəhbəri hesab edir ki, NATO istər-istəməz Azərbaycan sərhədlərinə yaxınlaşıb və yaxın gələcəkdə rəsmi Bakı seçim etmək məcburiyyətində qalacaq: "İyul ayında Polşanın paytaxtı Varşavada NATO-nun növbəti sammiti keçiriləcək. Əgər həmin sammitdə Gürcüstanın NATO üzvlüyünə və ya inteqrasiyanın gücləndirilməsinə razılıq verilsə, bu NATO-nun Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradacaq. Hətta ABŞ-ın Gürcüstanda kiçik miqyaslı hərbi bazasının formalaşdırması da mümkündür. NATO Azərbaycanla da hərbi əməkdaşlığa maraq göstərir. Təşkilat ən azından Azərbaycandan keçən boru xətlərinin mühafizəsi məsələsində Bakı ilə dialoqu genişləndirməyə ümidlidir. Digər tərəfdən NATO sturkturları Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirir, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yanaşmasına dəstək verirlər. Bu yanaşma istər-istəməz Azərbaycanla NATO arasındakı əməkdaşlığın genişləndirilməsini zəruri edir".

E.Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı birbaşa NATO və ABŞ-la hərbi əməkdaşlığın genişlənməsi məsələsində bir qədər ehtiyat etsə də, digər NATO üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən çəkinmir və bu zaman Azərbaycan hakimiyyəti Rusiyanın mövqeyini nəzərə almır: "Rusiya hakimiyyətinin özü də NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığından narahat olsa da, Bakı-Ankara hərbi əməkdaşlığını özü üçün təhlükə kimi qiymətləndirmir. Çünki bilir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Rusiyanın əleyhinə yönəlməyib, həm də Moskva eyni dilə və kökə malik Azərbaycanla Türkiyənin hərbi və siyasi ittifaqını da zərurətdən irəli gəldiyini anlayır.
Bu baxımdan, Azərbaycan Türkiyənin dəvət etdiyi bütün birgə hərbi təlimlərdə iştirak edir. Məsələn, Azərbaycan hərbçiləri keçən həftə eyni gündə Türkiyədə iki hərbi təlimdə iştirak etdilər. Birinci təlimlər Türkiyənin İzmir şəhərində keçirilib. "Efes" adlanan təlimləri Türkiyənin prezidenti və baş naziri ilə yanaşı, Azərbacanın müdafiə naziri də izləyib. Təlimlərdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı və Qatar hərbçiləri iştirak ediblər. Bu, o deməkdir ki, əslində, rəsmi Bakı Türkiyə və ABŞ hərbçilərinin iştirak etdikləri təlimlərdən yayınmır. Əsas şərt təşəbbüskarın Türkiyə olmasıdır. Eyni günlərdə Azərbaycanın hərbi pilotları Türkiyənin bir başqa şəhəri - Konyada keçirilən hərbi təlimlərdə də iştirak ediblər. "Anadolu Qartalı - 2016" adlanan təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 pilotu təmsil olunub.

Beləliklə, ABŞ və NATO Rusiyanın qonşuları ilə əməkdaşlığı genişləndirmək istəyir. Baltik ölkələri, Ukrayna, Moldova, Gürcüstan bu əməkdaşlıqda maraqlıdırlar. Çünki Rusiyadan təhlükə gözləyirlər. Azərbaycan isə NATO-nun Qərbdən olan üzvləri ilə birgə hərbi təlimlərdən ehtiyat etsə də, ordu quruculuğu məhz NATO standartlarına əsaslanır. Bu standartları isə NATO-nun və Türkiyənin hərbi strukturlarında kurslar keçən hərbçilər bilirlər. Ona görə də rəsmi Bakı istər-istəməz NATO və Türkiyənin hərbi texnologiyalarını mənimsəyən hərbçilərə üstünlük verməlidir".