Sərkisyan çətin durumda

Erməni diasporu da onun yürütdüyü siyasətin əleyhinədir

Bu ilin aprel ayının əvvəllərində Azərbaycanın cəbhə xəttində əldə etdiyi uğurlar həm Ermənistanda, həm də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki ermənilər arasında böyük çaşqınlıq yaradıb. Ermənistan prezidenti Serj Sarkisyanın uğursuzluqlardan dolayı Müdafiə Nazirliyinin 4 generalı işdən qovması, üstəgəl erməni siyasi dairələrində yaranmış Azərbaycan xofu düşmən ölkənin özü haqqında yaratdığı mifik obrazı darmadağın etdi. Çıxılmaz durumda qalan Sarkisyan orduda demək olar ki, əksər komandir heyətini dəyişir. Ötən gün isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan mülki ermənilərə müraciət edib. O, erməniləri Qarabağın Talış kəndinə çağırıb. Nazir qeyd edib ki, hazırda Talışda vəziyyət təhlükəsizdir. Göründüyü kimi Sarkisyan rejimi işğal etdikləri Azərbaycan ərazilərindən qaçmış ermənilərə geri dönmələri üçün yalvarır. Hətta qeyd edilən bölgədə məskunlaşacaq ermənilərə yüksək məbləğdə pul təklif edirlər. Çıxılmaz vəziyyətdə qalan Ermənistan rəhbərliyi artıq o qədər isterikadadır ki, bu özünü beynəlxalq hüquq normalarına və aktlarına münasibətdə də büruzə verir. Məhz bu səbəbdəndir ki, Ermənistan cəbhədə vəziyyətin yenidən gərginləşəcəyi və müharibə olacağı təqdirdə Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqilliyini" tanıyacağını bəyan edir. Təbii ki, bu, Azərbaycanın qəti mövqeyinin və işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı prinsipial addımlarının qarşısında baryer ola bilməyəcək. Ermənistan rəhbərliyi gözəl anlayır ki, Qarabağdakı erməni seperatçılarını tanımaq bumeranq effekti verəcək. Siyasi çaşqınlıq, ordudakı ciddi problemlər, bu azmış kimi demoqrafik böhran Yerevanı çox narahat edir. Bu proseslər fonunda Azərbaycan ordusunun strateji məntəqələri ələ keçirdikdən sonra Dağlıq Qarabağ və ona bitişik rayonlarda yaşayan ermənilərin yaşadığı yerlərdən köçü də başlayıb. Dağlıq Qarabağdakı demoqrafik böhran fonunda isə Ermənistan prezidenti Serj Sarkisyan Vyanada Azərbaycan rəhbəri İllham Əliyevdən görüşdən sonra sensasion etirafla çıxış etdi. Sarkisyan bəyan etdi ki, aprel döyüşlərində erməni mövqeləri 800 hektar ərazi itirib. Gerçəkdə isə azad edilən ərazi bundan dəfələrlə çoxdur. Prezident səviyyəsində belə açıqlama təbii ki, Qarabağda ermənilərin qorxusunu ikiqat artırır. Buna görə də, onlar hər an Azərbaycan ordusunun daha da irəliləyəcəyindən ehtiyat edir, həyatlarını riskə atmaq istəmir. Qarabağda vahimə məngənəsində boğulan ermənilər kütləvi şəkildə yaşadığı yerləri tərk edib. Onların ən çox köç etdiyi yer isə Rusiyadır. Belə ki, ermənilərin Şimali Qafqaz regionuna kütləvi axını müşahidə edilir. Qarabağ ermənilərinin Dağıstana, İnquşetiyaya, Stavrapol və Krasnodar diyarlarına köç edərək burada iş axtarırlar. Bu barədə saytımıza Şimalı Qafqazda yaşayan azərbaycanlılar məlumat verib. Onların Gürcüstan vasitəsi ilə Rusiya ərazisinə daxil olduğu və bir daha Ermənistana və ya Dağlıq Qarabağa qayıtmaq istəmədikləri bəllidir. Hətta Ermənistan rəhbərliyinin ciddi təhdid və şirnikdirici üsulları da erməniləri geri döndərə bilmir. Suriya, Livan və s. kimi ölkələrdən qaçqın ermənilər də Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşmaqdan imtina ediblər.
Ermənistanda yaranan vəziyyəti ötən ilin sentyabrında Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalaraq Azərbaycana pənah gətirən buradan isə üçüncü ölkə kimi Ukraynaya gedən Vaan Martirosyan şərh edib. Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri mətbuata açıqlamasında bildirib ki, bütün dünya özünü Ermənistan prezidenti adlandıran şəxsin necə əski olduğunu bir daha anladı: "Bu şəxs adekvat deyil, onun axmaq bəyanatları bunu deməyə əsas verir. Bilmirəm o hansı nəşədən çəkir, amma onun təsiri günü gündən çoxalır. Ermənistan heç vaxt Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etməyib. Hamı bilir ki, bu proses tamami ilə Rusiya Federasiyasının əlindədir". "Ermənistan Milli Azadlıq Hərəkatı"-nın rəhbəri Vaan Martirosyan , bu günlərdə Vyanada keçirilmiş Qarabağ danışıqlarını şərh edərkən deyib ki, apreldə cəbhədə baş verənlər qərginlik deyil, əsl müharibə idi. Bunu isə Ermənistan özü heç vaxt edə bilməzdi. Bu münagişə yalnız Rusiyaya , Azərbaycana təsir edən rıçaqa malik olmaq üçün , lazımdır. Martirosyan erməni ordusunda hökm sürən özbaşınalıq və korrupsiya hallarından da danışıb: "O ölən uşaqlar, indi deməyə başlayıblar, 90 faizi aztəminatlı ailələrin övladlarıdırlar. Ermənistan ordusu necə güclü sayıla bilər ki, aprel hadisələrində qarşı tərəfdən itkiləri də çoxdur , məhv edilmiş texnikası da çoxdur. Bilirsiz cəbhədə uşaqlar niyə ölürdü? Çünki onlarda silah yox idi. Generallar isə silah üçün ayrılmış pullarla özlərinə yarım milyonluq maşınlar alıblar. Bu sadəcə korrupsiya deyil- bu qətldir". Vaan Martirosyan hazırda ermeni diasporu ilə əməkdaşlıq etdiyini və xaricdəki ermənilərin bir çoxunun Serj Sarkisyanını yeritdiyi siyasətin əleyhinə olduğunu deyib. O, əlavə edib ki, bir ay ərzində Ukraynadan idarə olunacaq , lakin üzvləri bütün dünyadan , o cümlədən Ermənistanın özündə də olacaq yeni bir hərəkat yaradılacaq. Onun başlıca missiyası Serj Sarkisyan rejimini devirmək olacaq. "Ermənistanda çoxdanır ki, müxalifət yoxdur. 2008 ci ildən yoxdur. Olanları isə mən teatr adlandırıram. Onlar oynayırlar, oxuyurlar, amma lazım olanları etmirlər. Halbuki ölkə qeyri legitim hakimiyyət tərəfindən zəbt edilib. Mən elə başa düşürəm ki, bu rejim maksimum 1 il qala biləcək. Mən də öz növbəmdə bu vaxtın daha qısa olması üçün əlimdən gələni edəcəm".


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31