Azərbaycan-AYİB əlaqələri müzakirə edilib
25 May 2016 12:23 Siyasətİqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Şahin Mustafayev yenidən AYİB prezidenti seçilməsi münasibəti ilə Suma Çakrabartini təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Qeyd edilib ki, Azərbaycanda AYİB ilə əlaqələrə böyük önəm verilir və Suma Çakrabartinin ölkəmizə səfərləri Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir. Azərbaycan AYİB-in dövlət və özəl sektorun inkişafına göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirir. Beynəlxalq maliyyə institutları, o cümlədən, AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. İndiyədək AYİB tərəfindən Azərbaycana 164 layihə, o cümlədən özəl sektorda 154 layihə çərçivəsində 2,9 mlrd. ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, nəqliyyat sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir. Azərbaycan və AYİB arasında korporativ idarəetmə, infrastuktur, özəl sektor və s. sahələrdə əməkdaşlığın davam etdiyini qeyd edən Şahin Mustafayev Cənub Qaz Dəhlizinin önəmli hissələrindən olan TANAP layihəsi, eləcə də tranzit sahəsində bankla əməkdaşlıq imkanlarını vurğulayıb. Hazırda Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür. Şahin Mustafayev ilkin mərhələdə texniki dəstək olmaqla bu sahədə AYİB-lə əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.