Metsamor bəşəriyyət üçün təhlükə mənbəyidir

Dünya ziyalıları AES-in ləğvini tələb edirlər

İstismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti təkcə Cənubi Qafqaz xalqlarını deyil, eləcə də dünya ziyalılarını narahat etməyə başlayıb. Artıq sözügedən AES-in bəşəriyyət üçün təhlükə olduğunu anlayan tanınmış şəxslər həyəcan təbili çalır. Belə ki, Türkiyənin Avropa Birliyi üzrə tanınmış eksperti, İstanbuldakı Sabancı Universitetinin Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru, dosent Cengiz Aktar deyib ki, mövcud durumu ilə Metsamor AES Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycan üçün ən ciddi təhlükədir. C.Aktar bildirib ki, SSRİ dövründə inşa edilmiş Metsamor Atom Elektrik Stansiyasının bərpasına nə Rusiyanın, nə də Ermənistanın maddi gücü var: "Metsamor stansiyasında istifadə edilən texnologiya tamamilə tullantı vəziyyətinə düşdüyünə görə, onun indiki vəziyyəti Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycana təhdiddən başqa bir şey deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin olmaması da Metsamor stansiyasını Türkiyəyə qarşı əlavə bir təhdid aləti halına gətirir. Söhbət Metsamor stansiyasının təmirindən və yenidən işə salınmasından gedərsə, burada Norveç və ya ABŞ texnologiyasından istifadə gündəmə gələ bilər ki, onlar da həddindən artıq baha olduğuna görə, nə Ermənistanın, nə də Rusiyanın almağa gücü çatar. Ona görə də, mövcud vəziyyətdə reallıqları nəzərə alaraq, Metsamor AES-in ləğv edilməsi ən düzgün addım olacaq". Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin fəxri sədri və "Armenian studies" jurnalının baş redaktoru, istefada olan səfir Ömər Lütəm də Metsamor AES-in bağlanmasının zəruriliyini vurğulayıb: "Sovet texnologiyası ilə inşa edilmiş o stansiya çox köhnəlib, yenidən təmir etmək mümkün deyil. Rusiya Metsamor AES-in təmiri üçün pul vəd etsə də, vədini yerinə yetirə bilmir. Çünki Rusiyanın özünün iqtisadi durumu yaxşı deyil. Bəlkə AB ölkələrindən dəstək gələ bilərdi, ancaq o qədər pulu AB də verə bilməyəcəyi kimi, Rusiya-AB münasibətlərinin hal-hazırkı durumu da buna mane olur. Atom elektrik stansiyasının indiki durumu bölgə ölkələrinin hamısını - Türkiyəni, Azərbaycanı, Gürcüstanı, İranı və Ermənistanın özünü təhdid edir. Ona görə də, vaxt itirmədən Metsamor AES-in fəaliyyətinin həmişəlik dayandırılmasının ən doğru yol olduğunu düşünürəm". Aydaho Universitetinin Perspektivli Enerji Araşdırmalar Mərkəzinin mexaniki və nüvə mühəndisliyi üzrə professoru Akira Tokihiro deyib ki, "Metsamor" atom elektrik stansiyasında (AES) Çernobıldakı kimi qəza baş verə bilər. Onun sözlərinə görə, Çernobıldakı hadisəyə baxmayaraq, "Metsamor" AES-də qərb tipli müdafiə xarakterli hermo-örtük tikilmədi. Ekspert qeyd edib ki, dünya ictimaiyyəti "Metsamor" AES-də təhlükəsizliklə bağlı problemlərin həllinə daha çox diqqət ayırmalı və zəruri tədbirlər görməlidir: "Ümid etmək istərdim ki, Beynəlxalq Atom Enerjisi Agentliyi "Metsamor" AES-lə bağlı fəaliyyətlərə çağırış üzrə daha nəzərəçarpan rol oynayacaq". Görkəmli yazıçı və ictimai xadim, dünya miqyasında antinüvə hərəkatının öncüllərindən biri Oljas Süleymenov söyləyib ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) ilk növbədə erməni xalqının həyatı və qonşu dövlətlərin əhalisi üçün ciddi təhlükə mənbəyidir.Ona görə də Ermənistan enerji əldə etmək üçün daha mütərəqqi vasitələrə müraciət etməli və yubanmadan bu atom elektrik stansiyasının istismarını dayandırmalıdır. Oljas Süleymenov bildirib ki, öz əhalisinə və qonşu ölkələrə yaratdığı ciddi təhlükəni nəzərə alaraq Ermənistan köhnəlmiş, istismar müddəti bitmiş atom elektrik stansiyasının fəaliyyətini dərhal dayandırmalıdır. Oljas Süleymenov hazırda alternativ və təhlükəsiz enerji əldə etməyin daha müasir və mütərəqqi vasitələrinin olduğunu bildirib: "Belə təhlükəli şəkildə enerji əldə etmək metodları artıq keçmişdə qalıb. Biz bunun acı təcrübələrini görmüşük. Bilirik ki, bütün Avropanı belə bir təhlükə təhdid edib. Yaxud Yaponiya dərk etdi ki, atom stansiyaları bu ölkənin gələcəyini təhlükə altında saxlayır. Yaponiyada olan 57 atom elektrik stansiyasından bu gün 2-si və ya 3-ü fəaliyyət göstərir. Nüvə stansiyaları, eyni zamanda, bütün dünya üçün bir təhlükədir. Sözsüz ki, belə stansiyalar bağlanmalıdır. Çünki Ermənistandakı stansiya çox köhnəlib, ilk növbədə, bu ölkənin öz əhalisi üçün ciddi təhlükə mənbəyinə çevrilib. Əlbəttə ki, qonşu ölkələrin, o cümlədən Azərbaycanın narahatlığı başadüşüləndir". Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O. Süleymenov münaqişənin hələ də davam etməsindən təəssüfləndiyini, buna görə BMT başda olmaqla beynəlxalq təşkilatların üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib: "Baxmayaraq ki BMT bir neçə qətnaməsində bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və işğalçılar Azərbaycan ərazisindən çıxmalıdır, lakin nədənsə bu qərarların icrası reallaşdırılmır. Bu isə təbii ki, silah vasitəsilə ərazilərin azad olunmasını şərtləndirir və gördüyümüz kimi, arzuolunmaz nəticələrə səbəb olur. Hesab edirəm ki, BMT-nin üzərinə böyük məsuliyyət düşsə də, təşkilat missiyasını yerinə yetirmir. Aprel hadisələri bir daha göstərdi ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT qəbul etdiyi qərarların icrasına daha ciddi yanaşmalıdır". Oljas Süleymenov qeyd edib ki, tarix boyu üzləşdiyi çətinliklərə və müharibə vəziyyətinə baxmayaraq, müstəqilliyini möhkəmləndirərək sürətlə inkişaf etməsi Azərbaycanın düzgün yolda olmasından xəbər verir: "Mən ilk dəfə Azərbaycanda olanda Heydər Əliyevlə görüşdüm. Onu özümün müəllimim hesab edirəm. Həm sovetlər dönəmində, həm də 1990-cı illərdə o, Azərbaycan üçün çox işlər gördü. Sevinirəm ki, Prezident İlham Əliyev onun siyasətini davam etdirir. Bakı daha da gözəlləşib. Dünyada böhran yaşansa da, Azərbaycan müharibə vəziyyətində olsa da, ölkə getdikcə inkişaf edir. Mən doğma və əziz Azərbaycan xalqına bu yolda uğurlar arzu edirəm".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31