Ermənistanın güzəştə getməkdan başqa yolu qalmlır
Azərbaycan danışıqlara diktə edən tərəf kimi gedəcək
24 May 2016 13:47 SiyasətBu ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş verən hadisələr bir daha sübut etdu ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir. Həmin hadisələrin nəticələrinin rəsmiləşdirilməsi kimi qiymətləndirilən Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə beynəlxalq aləm dərk etdi ki, artıq mövcud status-kvotanı saxlamaq mümkün deyil, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi istiqamətində hansısa konkret addımların atılması vaxtı çatıb. Özü də bu addımlar danışıqlar, sülh yolu ilə atılmalıdır. ATƏT-in Minsk qrupunun Vyana görüşünün yekunlarına dair yaydıqları bəyanatda da vurğulanırdı ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz: "Prezidentlər atəşkəs razılaşmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Onlar təmas xəttində gərginliyi azaltmaq üçün ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər". Xatırladaq ki, Vyana görüşündə prezidentlər iyun ayında danışıqların davam etdirilməsi üçün növbəti görüşün keçirilməsi barədə də razılığa gəliblər. Onu da qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, prezidentlərin görüşü danışıqlar xatirinə baş tutmamalıdır. Dövlət başçısı bəyan edib ki, yalnız nəticəsi olan görüşlərdə iştirak edəcək. Məhz Azərbaycan prezidentinin bu açıqlaması Minsk qrupu həmsədrlərini hərəkətə gətirib. Ancaq əsas məsələ ondan ibarətdir ki, Ermənistan tərəfi iyun görüşünə qədər hansısa kompromisə gedəcəkmi?
Əvvəlcə xatırladaq ki, erməni mətbuatında belə bir tendensiya müşahidə olunmaqdadır ki, Azərbaycan neftdən və qazdan əldə etdiyi gəlirlər hesabına kifayət qədər güclənib, ona görə də Azərbaycan və Ermənistan arasındakı fərq daha da böyümədən kompromisə getmək lazımdır. Buna eks-prezident Levon Ter-Petrosyan yanaşması da deyirlər. O da məlumdur ki, düşmən cəbhə xəttində sarsıdıcı zərbə alandan sonra Ermənistan prezidenti Serj Sarkisyan müxalifətin lideri, vaxtilə hakimiyyətdən devirdiyi Petrosyanın evinə getdi. Bu amili nəzərə alan erməni ekspertləri hesab edirlər ki, Sarkisyan Petrosyan yanaşamasına üstünlük verməyə başlayıb, Azərbaycanla kompromisə getməyə hazırlaşır, onun başqa çarəsi yoxdur. Başqa bir reallıq erməni cəmiyyətinin buna reaksiyasıdır. Erməni ekspertlərin yazdıqlarına görə, Ermənistanda böyük ruh düşkünlüyü yaşanır, ölkədən köç prosesi daha da sürətlənib, ictimai fikir daha çox sülhə yönəlib. Çünki erməni cəmiyyəti müharibəyə başlamağın onlar üçün böyük itkilər olacağını tam çılpaqlığı ilə anlayıb. Ermənistanın müxalifət mediası yazır ki, erməni rəsmi qurumları əsl həqiqətləri xalqdan gizlədir, 4 günlük müharibədə 322 erməni əsgər və zabiti öldürülüb, 50-dən çox hərbçi itkin düşüb, 500-dən çoxu yaralanıb. Ermənilər hətta iddia edirlər ki, itkin düşmüş kimi qələmə verilən erməni hərbçilərinin çoxu döyüşlərin gedişində öldürülüb, sadəcə, hökumət onları gizlin şəkildə dəfn edib, narazılıqların artmasından ehtiyatlanıb, həmçinin itkilərin böyük olmasını etiraf etmək istəməyib. Bütün bu reallıqlar göz qabağındadır. Belə bir şəraitdə həmsədr dövlətlərdən qətiyyət tələb edilir ki, Ermənistanı dalana dirəmək mümkün olsun. Əcəba, həmsədr dövlətlər buna gedəcəklərmi?
Siyasi ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli prosesi bəlkə də yeganə məsələdir ki, Rusiya ilə Qərb arasında ixtilaf yoxdur. Çünki digər beynəlxalq proseslərə münasibətdə, misal üçün Liviya, Suriya və sair məsələlərlə bağlı Rusiya və Qərb, xüsusən də ABŞ, Fransa arasında 180 dərəcə fərqli mövqe var. Ancaq Dağlıq Qarabağ münaqişəsinin unikallığı ondadır ki, həmsədr dövlətlərin üçü də eyni mövqedən çıxış edə bilirlər. Hətta bəzi Qərb ekspertləri deyirlər ki, ABŞ və Fransanı, eləcə də digər Qərb ölkələrini Rusiya ilə barışdırmaq üçün Dağlıq Qarabağ problemi unikal imkandır. Çünki tərəflər bu məsələdə ortaq mövqedən çıxış edə bilirlər. Digər iki həmsədrin bu məsələdə bir qədər passiv mövqedə görünməsini şərtləndirən digər amil rəsmi Vaşinqtonla və Parisin təhlilləridir. Onlar bu nəticəyə gəliblər ki, istənilən halda münaqişənin bir tərəfi olan Ermənistana yüz faizlik təsir imkanına malik dövlət Rusiyadır. Çünki, əgər Kreml rəhbərliyi assosiativ sazişlə bağlı 3 il Avropa İttifaqı ilə danışıqlar aparan Serj Sarkisyanın mövqeyini bir gecədə dəyişdirə bilibsə, deməli, Rusiya Qarabağ münaqişəsinin həllində də bu dövlət üzərində yetərincə təsirli vasitəyə malikdir. Ona görə də ABŞ-ın və Fransanın indiki mərhələdə passivliyinin mahiyyətini başa düşmək olar. Bundan başqa, ABŞ və Rusiyanın milli təhlükəsizlik konsepsiyalarına fikir verməklə də müəyyən fikirlər söyləmək olar. ABŞ-ın son milli təhlükəsizlik konsepsiyasında qeyd olunur ki, Amerikanın strateji maraqları içərisində Yaxın Şərq regionu ön mövqedə dayanır. Rusiyanın xarici siyasət konsepsiyasına baxsaq görərik ki, MDB məkanı strateji maraqlar içərisində birincidir. Rusiyanın Yaxın Şərqdə fəallığı Qərb tərəfindən mənfi qarşılanır, eynilə Qərbin də MDB məkanında fəallığı Rusiyanı qıcıqlandırır. Çünki strateji maraqlar toqquşur. Tərəflər öz maraqlarını qorumaq üçün strateji sənədlərdə bir-birlərinə mesajlarını bu cür göndəriblər. İndiki şəraitdə Qərb bu kimi faktorları nəzərə alır, Rusiyanın fəallığına kənardan müşahidəçi statusunda qiymət verir. Rusiya xarici işlər naziri Lavrovun qısa müddətdə ABŞ dövlət katibi Con Kerri ilə iki dəfə telefon danışığı aparması onu da göstərir ki, rəsmi Moskva münaqişənin tənzimlənməsi üçün atacağı addımlarla bağlı əvvəlcədən digər həmsədr dövləti məlumatlandırmağı vacib sayır. Ümumilikdə demək olar ki, həmsədrlər ümumi razılığa gələ biləcəyi halda Ermənistanın kompromisə getməkdən başqa yolu qalmır. O da nəzərə alınmalıdır ki, artıq Azərbaycan diktə edən tərəf kimi danışıqlara gedəcək.
Nurlan