Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir

Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org. az saytına Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, bu siyasətin və müsbət ənənənin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz Heydər Əliyevin Prezidentliyi dövründə, yəni 1993-2003-cü illərdə 7 Amnistiya aktı qəbul edilib və 32 Əfv Sərəncamı imzalanıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, bütövlükdə ölkəmizdə 61 əfv Sərəncamı imzalanıb. Bu humanist addımlar mütəmadi xarakter daşıyır". Millət vəkili deyib ki, 1996-cı ildən Azərbaycanda 11 amnistiya aktı qəbul olunub ki, bunun da 4-ü məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşıb: "Sonuncu amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Buraya Ermənistandan deportasiya olunmuş, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş, 20 Yanvar faciəsində və Xocalı soyqırımında əlil olmuş və şəhid olmuş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, müxtəlif orden və medallarla təltif olunmuş şəxslər də daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31