Ermənistan “ənənəsinə” sadiqdir
İşğalçı ölkənin təxribat hərəkətləri davam edir
24 May 2016 12:50 SiyasətErmənistan tərəfi aprelin əvvəlində əldə olunmuş növbəti atəşkəs razılaşması, eləcə də Vyanada ATƏT-in Minsk Qrupuna üzv ölkələrin xarici işlər nazirləri ilə birlikdə əldə olunan anlaşmaya məhəl qoymayaraq öz təxribat hərəkətlərini davam etdirir. Xəbərlərdən də aydın olduğu kimi Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlər həyata keçiriblər. Təlimlər başa çatdıqdan sonra isə erməni vandalları Ağdamın işğal altında olan ərazilərinə od vurublar. Paralel olaraq Ermənistan işğal altında olan Azərbaycan ərazilərinə əlavə hərbi texnika da cəlb edir. Eyni zamanda rəsmi İrəvan sürətli şəkildə silahlanaraq Rusiyadan yeni müasir silahlar almağı düşünür. Təsadüfi deyil ki, elə bu ərəfədə erməni hərbi rəsmilərindən Azərbaycanı təhdid edən növbəti açıqlama verilib. Erməni generalları bildiriblər ki, yaxın vaxtlarda aprel əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin azad etdiyi ərazilərin geriyə qaytarılması üçün əks hücuma başlanılacaq. Bu bir daha sübut edir ki, işğalçı ölkə heç bir halda Dağlıq Qarabağ proleminin sülh yolu ilə həllinə maraq göstərmir və hər zamankı kimi güc amilini əsas tutur.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, Ermənistan aldığı dərsdən hələ nəticə çıxarmayıb: "2-5 aprel tarixlərində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hadisələr hələ də hər iki ölkənin ciddi müzakirə mövzusudur. Həmin dövr Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan silahlı qüvvələrinin apardığı hərbi əməliyyatlar, bir sıra əhəmiyyətli strateji yüksəklikləri nəzarət altına almağa və kifayət qədər böyük bir ərazini işğaldan azad etmək nail oldu. Azərbaycan ordusu öz zəfərini davam etmək əzmində idi. Ancaq beynəlxalq ictimaiyyətin təkidini nəzərə alaraq ölkəmiz hücumu dayandıraraq danışıqlara üstünlük verdi". Millət vəkili deyir ki, ancaq Ermənistandan gələn xəbərlər düşmən dövlətin aldığı dərsdən nəticə çıxarmadığını göstərir: "Onlar tez-tez azad edilmiş Azərbaycan ərazilərini geri qaytaracaqlarını, hücuma hazırlaşdıqlarını bildirirlər. Hətta bu dəfə diplomatiyanı unudaraq həmin torpaqları Ermənistan torpaqları adlandırırlar. Ancaq Ermənistan bunu hansı hüquqla və hansı güclə etmək istəyir ? Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın ərazisidir və onun işğal altında olması beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə təstiq edilib. Onun rəhbərlərinin bəyanatı isə açıq şəkildə qonşu dövlətin ərazisinə iddiadır". Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistanın hal-hazırdakı iqtisadi gücü isə artıq ordusnun ehtiyaclarını ödəməyə və Azərbaycan ərzilərini nəzarət altında saxlamağa imkan vermir: "Hal-hazırda Ermənistanın rəsmi surətdə 2.8 milyon , Azərbaycanın isə 9.7 milyon əhalisi var.
Bu isə müvafiq olaraq ordunun ehtiyat canlı qüvvəsi deməkdir. Ermənistanın 2016-cı il üçün büdcəsi 2.8 milyard, Azərbaycanınkı isə 12 milyard ABŞ dolları, Ermənistanın ümümu daxili məhsulu 2015-ci il üçün 10.6 milyard, Azərbaycanınkı isə 54 milyard ABŞ dollar təşkil edib. Ümumilikdə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 73 faizini təşkil edir. Ermənistanın 2016-cı il üçün hərbi büdcəsi 430 milyon ABŞ dolları, Azərbaycanınkı isə 4 milyard dollar təşkil edir. Müvafiq olaraq Azərbaycan ordusu ən müasir silahlarla təchiz edilib, Ermənistan ordusu isə Sərkisyanın özü etiraf etdiyi kimi həm köhnə silahlarla təchiz edilib. Həm də ciddi silah-sursat çatışmmazlığı hiss edilir". Millət vəkili bildirib ki,Ermənistanın indiyə qədər yeganə üstünlüyü cəbhə xəttində relyefə görə strateji yüksəkliklərin onun əlində olması idi: "Ancaq 2-5 aprel hərbi əməliyyatları zamanı Azərbaycan işağlçı ölkəni bu üstünlükdən də əsasən məhrum etdi. Bütün bunlardan sonra Ermənistanın yenidən militarist mövqedən çıxış etməsi ən azı gülüş doğurur. Amma Azərbaycan ciddi ölkədir və öz ərazilərinin işğal altında qalmasını daha 25 il gözləmək fikrində deyild. Öz suveren hüquqlarını bərpa etmək üçün o həm hərbi, həm də mənəvi gücə malikdir. Bunu Ermənistanın dərk edib, etməməyi isə artıq ölkəmizi düşündürmür".
Füzuli