Azərbaycan Prezidentinin dünyaya ünvanladığı vacib mesaj
Elxan Şahinoğlu: “İlham Əliyevin İstanbuldakı bu çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən oncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər”
24 May 2016 12:46 Siyasət"Çünki, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq"
Bu günlərdə yenə dünyanın əsas diqqət mərkəzi Türkiyəyə yönəlmişdi. Bunun başlıca səbəblərindən biri Türkiyənin yeni hökumət rəhbərinin müəyyənləşməsi idisə, digəri bu ölkədə Dünya Humanitar Forumunun keçirilməsi idi. Forumda BMT baş katibi Pan Gi Mun başda olmaqla, bir sıra ölkələrin dövlət başçıları, hökumət başçıları iştirak edirdi. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı hər zaman olduğu kimi bu dəfə də beynəlxalq birliklərə, xüsusilə BMT-yə ünvanlanmış mesajları ilə yadda qaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və sözügedən forumda dünyaya mesaj olaraq ünvanlanmış çıxışı ekspertlər, siyasi analitiklər tərəfindən təqdir olunur. "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il başlayandan faktiki hər ay bu və ya digər səbəblə Türkiyədə səfərdə olub. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan prezidentlərinin dostluğu getdikcə güclənir: "Təsadüfi deyil ki, mayın 23-də İstanbulda keçirilən Dünya Humanitar Sammitinə qatılan onlarla lider şəkil çəkdirərkən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bir tərəfindən BMT baş katibi Pan Gi Mun, digər tərəfində isə Azərbaycan Prezidenti İlham Əliyev dayanmışdı. Bu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə və Azərbaycanla münasibətlərə verdiyi önəmdən irəli gəlir. İlham Əliyev sammit çərçivəsində ikitərəfli görüşlər də keçirdi. İlham Əliyevin türkiyəli həmkarı ilə görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ oldu. Böyük ehtimalla bu müzakirəyə daha çox Ərdoğanın ehtiyacı olub. Çünki Ərdoğan Birləşmiş Ştatlar, Fransa və Rusiyanın xarici işlər nazirlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirdikləri görüşün detalları haqqında məlumat almaq istəyə bilərdi. İlham Əliyev İstanbulda Ukrayna prezidenti Pyotr Poroşenko ilə də görüşdü. Azərbaycan və Ukrayna prezidentləri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüblər. Bu dəfəki görüşün əsas məqsədi Ukrayna prezidentinin Azərbaycana səfərini müzakirə etmək idi. Böyük ehtimalla Poroşenko 2016-cı ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək". Politoloq Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Humanitar Sammitindəki çıxışına da diqqət çəkib və bildirib ki, dövlət başçısının forumdakı çıxışını 3 hissəyə bölmək olar: "İlham Əliyev çıxışının birinci hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Azərbabaycan prezidenti tədbirdə BMT baş katibinin iştirakından istifadə edərək öz iradını çatdırdı. İrad isə bundan ibarət idi ki, BMT-nin bəzi hallarda qətnamələri bir neçə həftəyə icra edilir, ancaq Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı 4 qətnaməsi 22 ildir yerinə yetirilmir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışının ikinci hissəsində diqqəti Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasına yönəltdi. Ümumiyyətlə son həftələr rəsmi Bakı bu mövzunu beynəlxalq aləmdə aktuallaşdırmağa çalışır. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, avadanlıqları köhnəlmiş "Metsamor" Atom Elektrik Stansiyası bölgə üçün təhlükə mənbəyidir. İkincisi, Çernobıl hadisəsinin təkrarlanması ehtimalı az deyil. Digər bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti atom elektrik stansiyasının tullantılarından "çirkli bomba" hazırlaya bilər və bu haqda siqnalların sayı getdikcə çoxalır". Mərkəz rəhbərinin sözlərinə görə, Azərbaycan dvlət başçısının çıxışının üçüncü hissəsi Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı qaçqınlarla bağlı idi: "Yəni Azərbaycan dövlət başçısı dünyaya bu mesajı verdi ki, beynəlxalq aləm işğal nəticəsində azərbaycanlı qaçqınlarının varlığını da unutmamalıdır. İlham Əliyevin İstanbuldakı bu çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən oncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər. Çünki, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq".
Süleyman