Ağalar Vəliyev: "Ermənilərin törətdiyi vəhşilikləri öz gözlərimlə gördüm..."

Sloveniyada səfərdə olan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sloveniya Parlamenti Milli Şurasının sədri Mitya Bervar ilə görüşüb. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin üzvləri Eldar İbrahimov və Naqif Həmzəyev, Avstriya, Sloveniya və Slovakiyadakı səfirimiz Qalib İsrafilov, Sloveniyadakı müvəqqəti işlər vəkilimiz Azər Xudiyev, Sloveniyanın Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyev, Sloveniya tərəfdən isə Milli Şuranın üzvü Rudi Matyaşiç, Parlament Aparatının rəhbəri Marian Mauçets, Parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Lilian Juran iştirak ediblər. Ötən il mart ayında Azərbaycana səfərini məmnunluqla xatırlayan M. Bervar Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, parlamentlərarası işçi qrupun üzvləri ilə keçirdiyi görüşlərin həm parlamentlərarası əməkdaşlığa, həm də ölkələrimiz arasındakı ümumi əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, səfər zamanı ölkəmizdə aparılan sosial və iqtisadi layihələrlə yaxından tanış olduğunu, Azərbaycan xalqı tərəfindən dost sloven xalqına səmimi münasibətlər bəslənildiyini xüsusi qeyd edib. Ağalar Vəliyev isə son illər ərzində Azərbaycanla Sloveniya arasında parlamentlərarası münasibətlər də daxil olmaqla, siyasi, iqtisadi, humanitar, elmi və mədəni əlaqələrin durmadan inkişaf etməsini məmnunluqla qeyd edib. Vurğulanıb ki, ölkələrimiz arasında münasibətlərin inkişafında ölkə Prezidenti İlham Əliyevin Sloveniyaya 2006-cı və 2011-ci illərdəki rəsmi səfərlərinin, Sloveniyanın dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərlərinin, bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin müstəsna əhəmiyyəti olub. Görüş zamanı aktual olan bir məsələyə - Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Ağalar Vəliyev bildirib ki, bu ilin aprel ayında erməni silahlı qüvvələrinin təxribatları ilə Azərbaycanın cəbhəboyu yerləşən mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutulub, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub, 500-dən artıq yaşayış evi və sosial obyektlər dağıdılıb. Goranboy-Ağdam-Tərtər seçki dairəsindən seçilmiş millət vəkili kimi həmin günlərdə bu bölgələrdə olduğunu bildirən Milli Məclisin üzvü ermənilər tərəfindən törədilmiş vəhşilikləri öz gözləri ilə gördüyünü qeyd edib. Erməni işğalçılarının bu təxribatının qarşısı almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görüb və strateji əhəmiyyətə malik bır sıra yüksəklikləri və yaşayış məntəqələrini işğaldan azad edib. Dünya ictimaiyyətinə artıq çoxdan məlumdur ki, Ermənistanın Azərbaycan qarşı bu tip təxribatçı hərəkətləri son 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin dondurulmasına və status-kvonun qorunub saxlanmasına yönələn məkrli siyasətin davamıdır. Azərbaycan nümayəndə heyətinin Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Miryam Bon-Klanyşçek, işçi qrupun sədr müavini Marko Frequla və qrupun üzvləri ilə də görüşü olub. Görüşün sonunda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun məktubu və rəmzi hədiyyələr Miryam Bon-Klanyşçekə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31