Əlabbas Məhərrəmov: “Dörd günlük müharibə” Minsk qrupunu da, Ermənistanı da reallığa qaytardı”
19 May 2016 15:55 SiyasətEkspert prezidentlərin Vyana görüşünü Qarabağ münaqişəsinin həllində yeni mərhələ ola biləcəyini deyir. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın dövlət başçısı Serj Sərkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri və vasitəçi ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə mayın 17-də Vyanada baş tutmuş görüşü, aparılan müzakirələrin nəticələri Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik yeni situasiyanın yarandığını söyləməyə əsas verir. Prezidentlərin Vyana görüşünün nəticələrini Gün.Az-a şərh edən müstəqil ekspert Əlabbas Məhərrəmov bildirib ki, Avstriya paytaxtında aparılmış müzakirələr münaqişənin artıq bu vəziyyətdə həlledilməz saxlanmasının mümkünsüzlüyünü bir daha təsdiqləyib: "İlk növbədə bu məqam qeyd edilməlidir ki, Ermənistanın aprelin ilk günlərində Qarabağ cəbhəsində əl atdığı təxribata cavab olaraq, ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi faktora çevrilib. Həm Ermənistan, həm də iyirmi iki ildir, bu işğalçı ölkəyə lazımi səviyyədə təzyiq göstərməyən Minsk qrupunun həmsədrləri məhz "Dörd günlük müharibə"dən sonra reallığa qayıtdılar. Mən burada bir məqama toxunmaq istəyirəm. Xatırlayırsınızsa, apreldə yenidən atəşkəs elan olunduqdan sonra Sərkisyan daş atıb, başını tuturdu ki, Azərbaycan hərbi qüvvələri əvvəlki mövqelərə çəkilməsələr, heç bir danışığa getməyəcək. Amma onu başa saldılar ki, danışığa getməyəcəyi təqdiqrdə onu da, ölkəsini də daha böyük fəlakət gözləyir. Mən "başa salanlar" deyəndə əlbəttə ki, Minsk qrupunun həmsədrlərini nəzərdə tuturam. Onlar da Azərbaycanın hərbi gücünü və münaqişəni istisnasız olaraq öz ərazi bütövlüyünün bərpası prinsipi əsasında həll etmək əzmini görərək, Ermənistanı danışıqlar masasına oturtdular. Vyana müzakirələrində bir sıra məsələlər üzrə, əsasən də atəşin dayandırılması barədə razılığa gəlinib. Bunun nə qədər davamlı olacağını söyləmək çətindir. Çünki son bir-iki gündə erməni silahlı qüvvələri atəşkəsi pozmaqdan qalmırlar. Amma bütün hallarda aydındır ki, Ermənistan aprel təxribatlarını təkrar etsə, Azərbaycanın cavabı onun üçün dəhşətli fəlakətlə nəticələnəcək".