Sahib Alıyev: “İşğal altındakı torpaqların təəssübünü ölkə Prezidenti qədər heç kim çəkə bilməz”
19 May 2016 15:54 SiyasətVyana görüşündən dərhal sonra səfir Kasprşikin atəşkəsin pozulmasının monitorinqinə dair missiyanın genişləndirilməsi insidentlərin araşdırılması mexanizmiylə bağlı müəyyən razılıqların əldə edilməsi faktı o deməkdir ki, işğalçı ordunun torpaqlarımızdan çıxarılması prosesinə start verilir. Bunu Gün.Az-a açıqlamasında millət vəkili Sahib Alıyev dilə gətirib. "Eyni zamanda, görüşün ardınca dərhal Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Təhlükəsizlik Şurasının toplantısını keçirərək orada Dağlıq Qarabağ məsələsindən danışması, operativ şəkildə insayder informasiyasıyla təmin edilən ekspertlər - Beynəlxalq Böhran qrupunun direktoru Sabina Feyzer, Böyük Britaniyanın tanınmış Qafqazşünaslarından sayılan Tomas De Vaal, Rusiyanın Siyasi Təhqiqatlar İnstitutunun rəhbəri Sergey Markovun açıqlamalarından hiss olunur ki, Azərbaycanın erməni tapdağı altındakı torpaqlarının boşaldılacağı gün elə də uzaqda deyil" - deyən millət vəkilinin sözlərinə görə, sadəcə, öncə neçə rayonun boşaldılacağı, statusla bağlı referendumun haçan və hansı şərtlər çərçivsində keçiriləcəyi kimi məsələlərdə hələ tam razılıq əldə olunmayıb. O, deyib ki, ancaq prosesə hansı rayonların boşaldılmasından başlanacağını təxmin etmək mümkündür: "Vyanadakı Dağlıq Qarabağ danışıqları başa çatar-çatmaz Sergey Lavrovla Cavad Zərif arasında keçirilən qapalı görüş ondan xəbər veriir ki, bu yəqin Azərbaycanın İranla həmsərhəd rayonları olacaq. Bütün bu sadaladıqlarım olmasaydı belə, səfir Kasprşikin atəşkəsin pozulmasının monitorinqinə dair missiyanın genişləndirilməsi insidentlərin araşdırılması mexanizmiylə bağlı müəyyən razılıqların əldə edilməsi faktı o deməkdir ki, işğalçı ordunun torpaqlarımızdan çıxarılması prosesinə strart verilir. Əgər bununla bağlı əminlik olmasaydı, yuxarıda sadaladığım iki məsələdə hər hansı bir razılıq mümkünsüz idi. Hər halda mən belə düşünürəm". Millət vəkili eyni zamanda, Vyana görüşündən sonra cəmiyyətdə bəzi dezinformasiya xarakterli məlumatların dolaşmasına münasibətini bildirərək qeyd edib ki, işğal altındakı torpaqların təəssübünü Qarabağ danışıqlarını aparan ölkə Prezidenti qədər heç kim çəkə bilməz, problemin çözülməsi yönündə də heç kimin onun qədər əməyi olmayıb və ola da bilməz. Millət vəkilinin bildirdiyinə görə, dördgünlük döyüşlərdə düşmənin burnunu əzən ordumuzu belə güclü edən də odur, böyük dövlətlərin, qlobal güclərin bunun əleyhinə çıxdığını bilə-bilə Azərbaycanın savaş yoluyla da olsa, torpaqlarını qaytaracağını deyən və bunu əməldə göstərən də.
"Yəni, bu dövlətin başçısı, Qarabağ danışıqlarını aparan şəxslər bu məsələdə prosesləri qıraqdan izləyənlərdən heç də az prinsipial deyillər.
Heç kimin erməniyə bir qarış da olsun torpaq vermək fikri yoxdur və bu ola da bilməz!"