Sona Əliyeva: “Vyana görüşü Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğun həlli üçün möhkəm zəmin yaradacaq”

Vyana görüşü zamanı aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaradılması qərara alınıb. Əminəm ki, bu missiya Ermənistan ordusunun mülki əhalini hədəfə almasını, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman etməsini,  beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən, kimyəvi silahdan istifadə etməsini, meyitlərin üzərində törətdikləri amansızlıqları və bu kimi digər məqamları faktlarla araşdırlıb təsbit edilməsinə çalışacaq, beynəlxalq  ictimaiyyətə çatdıracaq. Bunu Gün.Az-a açıqlamasında millət vəkili Sona Əliyeva dilə gətirib. "Məlum olduğu kimi, mayın 16-da hər iki ölkənin-Azərbaycan və Ermənistanın prezidentləri  ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Vyanada görüş keçiriblər" - deyən millət vəkilinin sözlərinə görə,bu görüş aprel döyüşlərindən sonra ilk görüş olduğu üçün həm də  xüsusui psixoloji məqamlara  malikdir. Millət vəkili deyib ki, aprel ayında 4 günlük müharibə zamanı  Azərbaycan ordusu öz döyüş hünərini Ermənisatn ordusuna lazımınca göstərdi. "Bununla o, həm də bütün dünya dövlətlərinə  bir mesaj verdi. Sözügedən görüş də  məhz həmin zəfərin ab-havasında  keçirildi. Elə görüşün nəticələri  də  bu qələbəni bir daha möhkəmləndirmiş oldu, yəni, bu görüşün bir neçə aspektdən Azərbaycan üçün uğurlu oldu. Birincisi, beynəlxalq birlik, iştirakçı dövlətlər,  Ermənistanın bütün  səylərinə  baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5 tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi faktını qəbul etdi. Ermənistanın orduların təmas xəttinin 1994-cü mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışması cəhdləri baş tutmadı.  İkincisi, Ermənistanın danışıqlar masası arxasına oturmağa məcbur edilməsi, bununla bağılı ATƏT-in Minsk  qrupunun Ermənistana təzyiq göstərməsi özü də  artıq onun başqa çıxış yolunun olmadığını göstərdi. Çünki Ermənistan tərəfi 2014-cü ildə Paris danışıqlarından sonra ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini iqnor edib, cəbhə xəttində  təxribatlarla danışıqlar prosesini pozmağa çalışıb. Üçüncüsü, bu danışıqlarda Azərbaycan tərəfi göstərdi ki, artıq status -kvonun saxlanılması  ilə razı deyil. Üzv dövlətlər də, Ermənistan tərəfi də gördü ki,  Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini xilas etmək iqtidarındadır, həmçinin, status-kvonun saxlanılması, münaqişənin dondurulmuş vəziyyətdə qalması  ilə biz öz torpaqlarımızı itriməyə razılaşmayacayıq. Eyni zamanda, Vyana görüşünün daha bir müsbət aspekti də aprel döyüşləri  ilə bağlı həqiqətlərin araşdırlması  və dünya ictimaiyyətinə çatdırılması ilə bağlıdır.  Ona görə belə hesab edirəm və əminəm  ki, prezidentlərin Vyana  görüşü Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğun həlli üçün  möhkəm zəmin yaradacaq. Bir sözlə, işğal olunmuş ərazilərimizin,  Azərbaycan torpaqlarının işğaldan qurtulacağı gün uzaqda deyil" -  deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31