Azər Badamov: “Aprelin əvvəlində ordumuzun cəbhədəki uğuru münaqişənin diplomatik yolla həllini sürətləndirəcək”

Prezidentlərin Vyana görüşünün əvvəlki görüşlərindən fərqli formatda təşkil olunması Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli istiqamətində irəlliləyiş olacağını göstərir. Bunu Gün.Az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, çünki bu görüş Azərbaycan ordusunun təmas xəttində aprel ayinin əvvəlindəki uğurlarından sonra təşkil olunmuşdu. O, qeyd edib ki, görüşün fərqliliyi həm də onda idi ki, burada ATƏT-in Minsk qrupuna üzv dövlətlərin xarici işlər nazirləri də iştirak edirdi: "Ermənistan isə şantaja əl atmaqla cəhd edirdi ki, işğaldan azad olunmuş mövqelər geri qaytarılsın və sərhədlər 1994-cü ilin səviyyəsinə qayıtsın. Amma bütün bunlara baxmayaraq, 2000 ha ərazimizi işğaldan azad etməyimizi beynəlxalq ictimaiyyət qəbul etdi. Serj Sarkisyanın görüşdən sonra status-kvonun dəyişməyinin vacibliyini jurnalistlərə etiraf etməsini də görüşün əhəmiyyəti kimi qiymətləndirmək olar. Həm də Vyana görüşündə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara alınıb. Düşünürəm ki, yaradılacaq bu missiya da Azərbaycanın xeyrinə olacaq". Millət vəkilinin dediyinə görə, çünki Azərbaycan özgə torpaqlarında müharibə aparmır, Azərbaycan öz haqqını müdafiə edir: "Ona görə də düşmənin hər bir təxribatına tutarlı cavab verməyə hazırdır və işğal altındakı torpaqlarımızın azad edilməsi bizim ali məqsədimizdir.  Bizim haqlı mövqeyiimizi beynəlxalq ictimaiyyət də qəbul etməkdədir və danışıqlar lazımı nəticəni verməzsə, Azərbaycanın müasir ordusu öz gücü ilə məsələni həll edəcək. Düşünürəm ki, aprel əvvəlində ordumuzun cəbhədəki uğuru münaqişənin diplomatik yolla həllini sürətləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31