Vyana görüşü Azərbaycana nə vəd edir?

Beynəlxalq aləm dərk etdi ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ikitərəfli danışıqların davam etdirilməsi üçün yeni mərhələ kimi dəyərləndirilir. Danışıqların formatı, strukturu və ən nəhayət mahiyyəti belə bir fikir söyləməyə əsas verir. Belə ki, görüşdə ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirak ediblər. Məhz bu baxımdan Vyana görüşü bir neçə aspektdən pozitiv hesab edilə bilər. Xatırladaq ki, aprelin əvvəllərində Ermənistanın təxribatlarına cavab verən Azərbaycan ordusu böyük şücayət göstərdi və bir sıra strateji əhəmiyyətli yüksəkliklərə sahib oldu. Ermənistan prezidenti Serj Sərkisyan bundan nəticə çıxarmaq əvəzinə atəşkəs rejiminin bərpa olunması üçün Azərbaycan tərəfi qarşısında şərt irəli sürdü. Vyana görüşü isə bir daha təsdiq etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hansısa şərti yalnız Azərbaycan tərəfi irəli sürə bilər. Məhz bunun nəticəsi olaraq Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5 tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Hansı ki, Ermənistan Vyana danışıqlarına qədər ciddi cəhdlə orduların təmas xəttinin 1994-cü mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışmış, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi. Hazırda Ermənistan rəhbərliyi yenə də öz xalqını aldadaraq itirilmiş torpaqların cəmi 8 yüz ha olduğunu bildirir. Sirr deyil ki, Ermənistan bütün mümkün variantlardan istifadə edərək Dağlıq Qarabağla bağlı mövcud status-kvonu saxlamağa çalışır. Elə bu səbədən də danışıqlarda irəliləyiş olduqda, beynəlxalq aləm tərəfindən qınaq hiss etdikdə atəşkəs rejimini pozmağa çalışır. Konkret olaraq Ermənistan 2014-cü ildə Paris danışıqlarından sonra ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub, hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda, cəbhə xəttində təxribatlara əl atıb və danışıqları pozmağa çalışıb. Almaniya federal kanslerinin təşəbbüsü ilə bu ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində Ermənistan belə təxribata əl atdı. Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirir, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmağa meyl göstərmirdi. Azərbaycan ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi. Ermənistan da daxil olmaqla Minsk qrupunun üzvü olan Rusiya, ABŞ və Fransa kimi güc mərkəzləri dərk etdilər ki, Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan xalqı nə qədər konstruktiv danışıqlar ruhuna sadiq olsa da, münaqişəni istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Ən azından aprel hadisələri bunu deməyə əsas verir. Odur ki, status-kvonun zaman limiti bitib və bundan sonra münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq sadəlövlük olardı. Yeri gəlmişkən xatırladaq ki, Vyana danışıqlarında aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara alınıb. Bu isə Azərbaycan tərəfinin xetrinə olan məsələdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu özgə ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisində işğalçı ordunun təxribatlarına cavab verir. Ermənistan isə təkcə atəşkəs rejimini pozmur, həm də beynəlxalq humanitar qanunları ayaq altına atır. Nəticədə Azərbaycanın dinc əhalisini atəşə tutur, mülki əhaliyə və onların əmlakına ciddi ziyan vurmuş olur. Ermənistan ordusu yaşayış məntəqələrini, mülki əhalini hədəfə alır, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman edir. Dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən kimyəvi silahdan istifadə olunur. İndiyə qədər sadalanan faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunsa da ikili standartlar nəticəsində məsələyə biganə yanaşılıb. İndi isə bu faktlar ATƏT-in Minsk qrupunun rəsmi sənədləri hesab olunacaq və mütləq qiymətləndirmə tələb edəcək. Ümumiyyətlə Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31