Heydər Əsədov Qətərin nümayəndə heyəti ilə görüşüb
18 May 2016 18:02 SiyasətMay ayının 18-də kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin Azərbaycan Respublikasın- dakı Fövqəladə və Səlahiyyətli səfiri Səyyar Bin Abdurrəhman Al-Muavidə və Qətərin Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli ilə görüşüb. Görüşün məqsədi ikitərəfli iqtisadi münasibətlər və investisiya mühiti ilə bağlı müzakirələrin aparılması olub. Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov iki ölkə arasında siyasi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi əlaqələrin, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsini məqəsədəuyğun olduğunu diqqətə çatdırıb. Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması barədə gürülən tədbirlər haqqında geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu qeyd edib. Nazir Azərbaycanda Qətərlə birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının, xüsusilə heyvandarlıq məhsullarının bu ölkəyə ixracı, aqrar sahədə biznes əlaqələrinin daha da genişləndirilməsi üçün Qətər iş adamlarının Azərbaycana səfər etməsini məqsədəuyğun hesab edib və iki ölkənin iş adamları üçün işgüzar əlaqələrin qurulması üçün ölkəmizdə böyük potensialın olduğunu qeyd edib.
Qətərin Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli Qətər şirkətlərinin mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzdə keçiriləcək Caspian Agro-2016 Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edəcəklərini və Azərbaycanın iş adamları ilə işgüzar əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Sonda Məhəmməd Al-Ubeydli Qətərlə Azərbaycan arasında aqrar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycanın iş adamlarını Qətərə dəvət edib.