Pilotsuz uçan aparatlar nə zaman məsuliyyət yaradır?

Onun pilotları hansı məsuliyyəti daşıyırlar?

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında mülki dövriyyədə olmasına icazə verilib. Bununla bağlı Milli Məclis "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanuna dəyişiklik edib. Qeyd edək ki, hazırda siyahıda 17 adda məhsul və avadanlığın adı var. Təklif edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır. Maraqlıdır, ölkədə belə bir qanunun qəbilina nə dərəcədə ehtiyac var?

Millət vəkili Fazil Mustafa qeyd edib ki, şəxsi həyatın müdafiəsi baxımından bunu normal qanun kimi qəbul etmək olar. Amma qanunda pilotsuz uçan aparatlar ifadəsinin açılışına ehtiyac var: "Məsələn, məsafədən idarə edilən və uçan aparatlar vasitəsilə şəxsi həyata müdaxilə məsələlərinin birlikdə götürülməsi məsləhətdir. Çünki bu məqsədlə müxtəlif texnoloji vasitələr tətbiq oluna bilər ki, bu zaman diqqəti yalnız pilotsuz uçan aparatlara yönəltsək kifayət etməyəcək. Əgər, obyekt olaraq şəxsi həyatın toxunulmazlığından söhbət gedirsə, müxtəlif texnoloji vasitələrlə bunu etmək imkanı var". Onun sözlərinə görə, qanunda həllini tapmalı olan məqamlar da var: "Hərbi təyinatlı pilotsuz aparatlar da bura daxildirmi? Yerli və yaxud xarici ölkələrin pilotsuz uçaqları bu məsələdə hansı statusa malikdirlər? Onlara da qarşı cəzalar tətbiq etmək mümkündürmü? Hesab edirəm ki, qanunvericilikdə bu məsələlərə aydınlıq gətirilməlidir". Deputat Tahir Mirkişili bildirib ki, pilotsuz uçan aparatlar hazırda dünyada o qədər geniş inkişaf edib ki, artıq bütün sahələrdə tətbiq olunur: "Lakin bununla yanaşı, pilotsuz uçan aparatın texniki imkanı şərait yaradır ki, havaya bomba qaldıra bilsinlər. Pilotsuz uçan aparatlarla atəş açmaq mümkündür, uzaqdan hər hansı obyekti yandırmaq belə mümkündür. Yəni, şəxsi həyatdan başqa vacib olan əmlaka və digər mülklərə pilotsuz uçan aparatlar vasitəsilə ziyan vurmaq mümkündür. Odur ki, hazırda dünyada ən müzakirə olunan məsələlərdən biri də pilotsuz uçan aparatların necə idarə olunması ilə bağlıdır". Onun sözlərinə görə, Amerika, Rusiya, eləcə də Avropanın bir sıra ölkələrində artıq bununla bağlı müəyyən məhduduyyətlər qoyulub. Məsələn, çəkisi 250 qramdan yuxarı olan pilotsuz uçan aparatlara hökmən xüsusi reqistrasiya və icazə tələb edilir. Böyük Britaniyada uçan aparatların insanlara, eləcə də mülklər və avtomobillərə 150 mildən artıq yaxınmlaşmasına ixtiyarı belə yoxdur. Azərbaycanda 2005-ci ildə "Aviasiya haqqında" qanun və 2013-cü ildə Nazirlər Kabinetinin "Azərbaycanın hava məkanından istifadə qaydaları" qəbil edilib. Lakin bu sənədlərdə pilotsuz uçan aparatlar barədə ümumi müddəalar qeyd olunsa da pilotsuz uçan aparatların dəqiq təsviri mövcud deyil: "Mümkündür ki, bununla bağlı ayrıca bir qanun qəbul olunsun, yaxud mövcud qanunlarda düzəlişlər edilsin. Mümkündür ki, bu düzəlişlər ilkin olaraq pilotsuz uçan aparatların növü ilə bağlı olsun. Yəni, aydınlıq gətirilsin ki, söhbət konkret hansı uçan aparatlardan gedir. Ardınca onun uçuş məsafəsi, yük qaldırma qabiliyyəti dəqiq müəyyən edilməlidir. Əslində uçan polotsuz aparat adlanan bu cihazların hər birinin pilotu var. Odur ki, bu məsələ də qanunla tənzinlənməlidir. Bir sıra ölkələrdə pilotsuz uçan aparatların pilotları üçün müəyyən məhdudiyyətlər qoyulur. Məsələn, elə ölkəlr var ki, orada pilotlar 13 yaşından yuxarı olmalıdır. Onlar mütəmadi olaraq nəzarətdən keçməklə sertifikat almalıdır. Bu sadalananlar nəzərə alınmaqla Azərbaycanda da pilotsuz aparatların geniş istifadəsinə ehtiyac var". Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məsafədən idarı olunan pilotsuz uçan aparatlarda istifadə zamanı yalnız şəxsi həyatın toxunulmazlığına müdaxilə anında məsuliyyət yaranır. Çox ciddi yanaşmadır ki, şəxsi həyatın pozulmazlığı və müxtəlif şəxslər tərəfindən qulluq mövqeyindən istifadə etməklə həyata keçirilən bu qanuna zidd hərəkət daha ağır cəzaya məruz qalır: "Məsafədən idarə edilən polotsuz uçan aparat tərəfindən törədilən şəxsi həyatın toxunulmazlığı əməli ciddi cəzalandırılmalıdır. Təklif olunan cəza 3 ilədək müəyyən vəzifə tutmaqdan məhrumedilmədən başlayaraq 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər pilotsuz uçan aparatlar şəxsi həyat üçün təhlükə yaratmırsa, ondan istifadə qadağan edilmir". Onun sözlərinə görə, bəlkə də 5 il əvvəl başqa ölkələrdə məsafədən idarə olunan pilotsuz aparatlar mövcud idi. Amma bu təcrübə Azərbaycana gəlməmişdi. Evdə uşaqlar və yeniyetmələrin istifadəsi üçün belə aparatlar xarici ölkələrdən əldə edilirdi. Lakin hazırda bu məsələ aktuallaşıb. Ondan istifadə müəyyən narahatçılıqlara səbəb olduğundan qanunla tənzimlənməsi zərurəti yaranıb: "Qanunda söhbət hərbi təyinatlı yox, mülki dövriyyənin iştirakçılarına malik olan aparatlardan gedir. Ona görə də mülki dövriyyədə tətbiq olunan qanuna istinad edirik. Qeyd etmək lazımdır ki, hazırda məsafədən idarə olunan pilotsiz aparatlar ən müxtəlif məqsədlər üçün istifadə olunur. Hətta insanlar bundan sadəcə əyləncə məqsədləri üçün də istifadə edirlər. Əgər ondan isitifadə zamanı şəxsi həyatın toxunulmazlığına müdaxilə yoxdursa heç bir məsuliyyət yaramır. Bu isə o deməkdir ki, pilotsuz aparatlardan istifadəyə xüsusi icazəyə ehtiyac var. Qanun prezidentin sərəncamı ilə qüvvəyə mindikdə qalan məsələlər həllini tapacaq. Pilotsuz uçan aparatların çəkisi, həcmi ilə bağlı məsələlərə aydınlıq gətiriləcək". Onun sözlərinə görə, məsafədən idarə olunan pilotsuz aparatlar üçün xüsusi qanunun qəbuluna ehtiyac yoxdur. Çünki, ölkədə "Aviasiya haqqında" qanun və Nazirlər Kabinetinin "Azərbaycanın hava məkanından istifadə qaydaları" var. 


Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31