Baş nazirin müavini Tərtər və Ağdamda olub

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər və Ağdam rayonlarına səfər edib. "OLAYLAR"-ın xəbərinə görə, baş nazirin müavini rayon icra hakimiyyəti başçıları ilə görüşüb, apreldə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərə baxıb. Bildirilib ki, ermənilərin təxribatı və mülki əhalini atəşə tutması nəticəsində Tərtərdə on yeddi məcburi köçkün həlak olub, 40 nəfər yaralanıb. Məcburi köçkünlərin məskunlaşdığı 452 mənzil zərər çəkib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Dağılmış evlərdə artıq bərpa işlərinə başlanılıb. Ə. Həsənov Ağdamda görüşü zamanı bildirib ki, erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutması nəticəsində dağılan evlərin bərpasına start verilib: "Təxminən 450-dən çox məcburi köçkün ailəsinin mənzili zərər çəkib, onların 50-si tamamilə dağılıb. Dağılan evlər əsasən Ağdam və Tərtər rayonları ərazisindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31