Metsamorun istismar vaxtı başa çatıb
Deputat: “AES zəlzələ zonasında yerləşdiyinə görə çox təhlükəlidir”
18 May 2016 13:02 SiyasətSon günlər Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) bölgə və dünyanın bir çox ölkələri üçün təhlükə mənbəyi olması barədə media və sosial şəbəkələrdə müzakirələr açılıb. Ekspertlər istismar müddəti başa çatmış bu stansiyanın hər an təhlükə yarada biləcəyi qənaətindədirlər. Məsələ ilə bağlı Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmasına baxmayaraq hələ də AES-in fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib ki, bu məsələ istənilən beynəlxalq tədbirdə diqqət mərkəzində saxlanıb: "Əvvəla sosial şəbəkələrdə bu məsələyə belə ciddi diqqət yetirilməsini təqdirəlayiq hal hesab edirəm. Çünki bir-iki nəfərin deməsi ilə bu tipli məsələləri həll etmək qeyri-mümkündür. Onu da bildirmək istəyirəm ki, ATƏT PA-nın iqtisadiyyat komitəsinin üzvü kimi komitənin bütün iclaslarında həmişə çıxışlar edib, ölkəmizi narahat edən bu və ya digər məsələləri iştirakçıların nəzərinə çatdırmışam. Ətraf mühitlə bağlı keçirilən iclaslarda isə ən çox diqqət yetirdiyim məsələ Metsamor AES barədə olurdu. Mən dəfələrlə qeyd etmişəm ki, bu stansiya SSRİ vaxtında ilk modellə tikilən axırıncı stansiya olmaqla (1976-cı ildə istifadəyə verilib) istismar vaxtı başa çatıb və zəlzələ zonasında yerləşdiyinə görə çox təhlükəlidir. Eyni zamanda bu stansiyanın tullantılarının erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında basdırılması haqqında faktlar olduğunu göstərməklə, ATƏT PA-da ayrıca məsələ kimi müzakirə edilməsini təklif etmişəm. Çıxışlarımın birində onu da qeyd etdim ki, bu stansiyanın təhlükəli olması barədə təkcə mən yox, həm də kimyaçı alim, Ermənistanın Yaşıllar İttifaqının sədri Akop Sanasaryan hələ 2003-cü ildə həyəcan təbili çalaraq xəbərdarlıq etmişdi. O, göstərirdi ki, Metsamor nüvə təhlükəsizliyinin beynəlxalq normalarına cavab vermir, ona görə ki, əsas funksiyası qəza baş verəndə radioaktiv tullantının ətrafa yayılmasının qarşısını alan örtük- günbəz yoxdur. Həm də stansiya zəlzələyə görə qədim tarixi olan zonada yerləşir. Bu məsələ barədə Azərbaycan və Türkiyə hökumətləri də mütəmadi olaraq öz fikirlərini beynəlxalq təşkilatlara rəsmən bildirirlər. Onu da qeyd etmək istəyirəm ki, bir nəfər də olsun nüvə texnologiyası üzrə mütəxəssisi olmayan Ermənistan Metsamor stansiyasını idarə etməkdə də çətinliklərlə üzləşir. Belə ki, Ermənistan iqtisadi çətinliklər içərisində boğulduğundan bu stansiyada işləmiş çox az saylı savadlı mütəxəssis ölkəni tərk edib. İndi stansiyanı səriştəsiz insanlar idarə edirlər. Digər tərəfdən, ermənilər iqtisadi çətinlikdən çıxmaq üçün Metsamor AES-in adından istifadə edərək leqal yolla ölkəyə gətirdikləri nüvə maddələrinin bir hissəsini terror təşkilatlarına satır. Bir hissəsindən isə "çirkli bomba" hazırlayıb Azərbaycanı və digər ölkələri hədələyirlər. Ermənistanın nüvə maddələrini İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatlarına satmaq barədə razılığa gəlməsi də istisna edilmir. Bütün bunlar onu göstərir ki, Metsamor stansiyası təkcə həmsərhəd ölkələr üçün yox, həm də bütün dünya ölkələri üçün çox böyük təhlükə mənbəyidir". Onun sözlərinə görə, Metsamor stansiyasının təhlükəli olması aidiyyatı beynəlxalq təşkilatlara məlum olduğu halda, onun bağlanması təmin olunmur: "Ermənistan tərəfi hər vəchlə çalışır ki, bu stansiya bağlanmasın. Onlar iddia edirlər ki, ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini bu stansiya təmin edir. Bu stansiya bağlansa, ciddi çətinliklər yaranar. Yeni stansiyanın tikintisi üçün isə lazım olan vəsait yoxdur. Ancaq bu əsas şərt deyil. Çünki, Ermənistanın rəhbərliyi səviyyəsində də etiraf olunur ki, Spitak zəlzələsindən sonra bir müddət stansiyanın fəaliyyətinin dayandırıldığı və müəyyən dövrlərdə təmirə saxlandığı vaxtlar elektrik enerjisi ilə təminatda problemlər yaranmayıb. Əsas məsələ ondan ibarətdir ki, hazırda dünyada belə fikir formalaşıb ki, atom ehtiyatları və Atom Elektrik Stansiyası olan ölkələr yüksək texnologiyaya malik nüvə ölkələri hesab olunurlar və onlar elmin səviyyəsi baxımından inkişaf etmiş ölkələrdir. Ona görə ermənilər özlərinin qazanmadıqları "nüvə ölkəsi" imicini saxlamaq üçün sovet dönəmində tikilən bu stansiyanın ömrünü uzatmağa çalışırlar. Bu işdə onlara stansiyanın tikintisindən tutmuş indiyə kimi kömək edənlər də var. Belə ki, Cənubi Qafqaz regionunda əhalisinin sayına və ərazisinə, habelə müvafiq ixtisaslı mütəxəssislərin mövcudluğuna görə, Ermənistan Azərbaycan və Gürcüstandan geri qalmasına baxmayaraq, Sovet rəhbərliyinin köməyi ilə atom stansiyası bu respublikada tikildi. Ermənistan borc içində boğulanda Rusiya koməyinə çatdı və stansiyanın idarəetməsini bir müddət öz üzərinə götürdü, yeni blokun tikintisi barədə tədbirlər görməyə başladı. Stansiyanın bağlanmasının vacibliyini bir çox ölkələr və beynəlxalq təşkilatlar Atom enerjisi üzrə Beynəlxalq Agentlik qarşısında qoyanda qurumun mütəxəssisləri stansiyada yoxlamalar apardı və Ermənistan hökumətinə 14 maddədən ibarət təhlükəsizlik tədbirlərinə əməl edilməsi barədə təkliflər verdi. Maraqlıdır ki, Ermənistan hökuməti bu təklifləri dövlət sirri bəhanəsi ilə ictimaiyyətə açıqlamadı və həmsərhəd ölkələrə də bildirmədi. Bütün bunlar onu göstərir ki, dünyada ikili standartlar hələ davam edir. Ancaq buna baxmayaraq, biz dünyanın mütərəqqi düşüncəli insanları və dövlətləri ilə birlikdə ölkəmizin və dünya ictimaiyyətinin narazılığına və narahatlığına səbəb olan hallara qarşı birgə mübarizə aparmalı, haqq işimizi dünyaya çatdırmaq üçün yorulmadan çalışmalıyıq".
Alim