“Azərbaycanın öz torpaqlarını hərb yolu ilə işğaldan azad etmək əzmində olduğunu hiss edənlər,....”

Teyyub Qənioğlu: “Bütün imkanlarını işə salıb Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanması üçün hərəkətə keçiblər”

Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha bir danışıqlar prosesi nəticəsiz başa çatdı. Əslində Vyana görüşündə münaqişənin həlli ilə bağlı hər hansı müsbət nəticənin əldə edilməyəcəyi əvvəlcədən Azərbaycanın siyasi elitası və cəmiyyətinə bəlli idi. Sadəcə, Azərbaycan tərəfi hər zaman olduğu kimi bu dəfə də nəticəsi əvvəlcədən bəlli olmasına baxmayaraq yenə də danışıqlar prosesinə qatılaraq sülh tərəfdarı olduğunu ortaya qoymuş oldu.
Vyana görüşünün nəticəsi əvvəlcədən bəlli idi ona görə ki, formatda heç bir dəyişiklik müşahidə edilmirdi. Əsas etibarilə təşəbbüskarlar Rusiya, ABŞ və Fransa idi. Bu görüşü "3+2 formatı" adlandırsalar da, ancaq Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu hesab edir ki, əslində Vyana görüşünü "4+1 formatı" hesab etmək daha düzgün olardı. Yəni Rusiya, Fransa, ABŞ və Erənistan bir tərəfdə, Azərbaycan isə qarşı tərəfdə. Partiya sədri hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 24 illik "fəaliyyəti" göstərir ki, onların əsas məqsədi Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına və Azərbaycanın buna razılıq verməsinə nail olmaqdan ibarətdir: "İndiyədək bu bədnam qurumun həmsədrləri bir dəfə də olsun deməyiblər ki, Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindən qeyd-şərtsiz çıxarılmalıdır. Onlar yalnız dilucu deyirlər ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər mərhələlərlə azad edilməlidir və bu tərəflərin razılığı ilə, sülh yolu ilə baş verməlidir. Eyni zamanda işğalçını öz adı ilə adlandırmaqdan yayınırlar. Bütün mümkün vasitələrlə onu dəstəkləyir, münaqişənin hərb yolu ilə həllinin olmadığını söyləyirlər. Bununla əslində Azərbaycanı təhdid edirlər, hədələyirlər. Həmçinin Ermənistanın sülh yolu ilə işğala son qomayacağı ilə bağlı həyasız bəyanatlarını qulaq ardına vururlar". Teyyub Qənioğlu bildirib ki, əslində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vyana görüşündən əvvəl onun mümkün nəticələri barədə dəqiq cavab verib: "O deyib ki, görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Vəssalam. Artıq heç nə. Tərəfləri "atəşkəsə riayət etməyə, sülh danışıqlarını bərpa etməyə çağırmaq". Partiya sədrinin sözlərinə görə, Qarabağ münaqişəsinin hərbi yolla həllinin alternativi yoxdur: "Dördgünlük müharibədə Azərbaycanın qazandığı qələbə ermənilərə və onların havadarlarına "soyuq düş" təsiri bağışlasa da, deyəsən ibrət dərsi çıxarmaq üçün kifayət etməyib. Əksinə, Azərbaycanın öz torpaqlarını hərb yolu ilə işğaldan azad etmək əzmində olduğunu hiss edənlər, indiyədək bu münaqişədən öz maraqları üçün istifadə edənlər və istifadə etməkdə davam etmək istəyənlər bütün imkanlarını işə salıb Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanması üçün hərəkətə keçiblər. Bunun ən bariz nümunəsi kimi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistanın "Aykakan Jamanak" qəzetinə müsahibəsini göstərmək olar. Bu üzdəniraq həmsədr yenə də tutuquşu kimi uzun illərdir öz dediklərini təkrar edir və "Münaqişənin sülh yolu ilə həll edilməsi üçün illər boyu ətrafında danışıqların aparıldığı element və prinsiplərin əsas olacağını", "Qarabağ münaqişəsinin ədalətli və qərəzsiz həllinin əsasında hərbi gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanacaq", "Hazırkı mərhələdə bizim prioritetimiz uzunmüddətli atəşkəs rejiminə əməl edilməsidir" deyir. O həmçinin bəyan edir ki, Minsk Qrupunun üzv ölkələri bu mexanizmlərin tətbiq edilməsi məqsədilə münaqişə tərəfləri ilə işləyəcəklər. Başqa sözlə, Ceyms Uorlik yenə də sülh danışıqları adı ilə "uşaq başı allatmaqda" davam edəcəklərinə və hələ də Azərbaycanın buna razı olacağna ümid bəsləyir. Bu cənab və onun kimilər Azərbaycan xalqının və dövlətinin səbrinin tükəndiyinin, torpaqlarımızın beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə azad ediləcəyinə ümidlərini itirdiyinin, işğala yalnız hərb yolu ilə son qoymaq əzminin fərqində deyillər və ya özlərini bilməməzliyə vururlar". Partiya sədrinin sözlərinə görə, bu dairələr nəzərə almaq istəmirlər ki, Azərbaycan xalqı Qarabağ münaqişəsinin hərbi yolla həllinin alternativi olmadığına artıq tam inanıbdır: "Ayılın cənablar və kənara çəkilin. Azərbaycanın BMT Nizamnaməsinə uyğun olaraq öz torpaq bütövlüyünü təmin etməsinə mane olmağa son qoyun. Onsuz da Azərbaycanın işğala hərb yolu ilə son qoyacağına mane ola bilməyəcəksiniz". Partiya sədri hesab edir ki, o gün uzaqda deyil və Azərbaycan tezliklə işğal altında olan ərazilərini erməni separatçılarından təmizləyəcək.


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31