Diaspor təşkilatları Dünya Azərbaycanlılarının IV Qurultayına hansı təkliflərlə gəlir?

Təşkilatlar arasında əlaqələrin daha sıx qurulması vacib hesab edilir

Dünya Azərbaycanlıları yenidən Bakıya toplanır. Məqsəd Dünya Azərbaycanlılarının bir araya gətirən növbəti qurultayın keçirilməsidir. Xəbərlərdən də məlum olduğu kimi iyun ayının 3-4-də paytaxt Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Artıq Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində Təşkilat Komitəsi də yaradılıb. Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, habelə Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir. Bir qayda olaraq əvvəlki qurultaylarda olduğu kimi bu dəfə də Dünyа Azərbаycаnlılаrının III Qurultаyındаn kеçən dövr ərzində görülmüş işlər müzаkirə оlunаcаq, həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Qurultayda qeyd olunan mövzuların müzakirəsi üçün panellərin təşkili, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi də gözlənilir. Qurultayda diaspor təşkilatlarının qarşısında duran vəzifələrin dəqiq müəyyən edilməsi, diaspor təşkilatlarının fəaliyyət strategiyasının müasir reallıqlara uyğun şəkildə qurulması, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq məsləhətləşmələr əsasında vahid təbliğat konsepsiyasının hazırlanması nəzərdə tutulur. Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir. Düzdür, Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi müəyyən prosedur əsasında baş tutur və həmin qaydalara əsasən bu il Qurultayın keçirilmə zamanıdır. Ancaq qurultayın hazırkı həssas dönəmə, Ermənistanın maksimum dərəcədə Azərbaycana qarşı geniş miqyaslı təxribat kampaniyası həyata keçirdiyi bir vaxta təsadüf etməsi, bu qurultayın əhəmiyyəti daha da artırır. Elə Dünya Azərbaycanlılarının IV Qurultayına dəvət olunan diaspor təşkilatlarının rəbərləri də bu qənaətdədirlər. Bəs görəsən diaspor təşkilatlarının rəhbəbləri bu qurultaya hansı təkliflərlə gəlirlər? Bununla bağlı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə söhbətləşdik.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Bilal Dündar da hesab edir ki, hazırda həssas bir dönəmdə yaşadığımız məlumdur. Onun sözlərinə görə, istər həssas, istərsə də qeyri-həssas dönəmin olmasına baxmayaraq diaspora hər zaman fəaliyyətli olmalıdır: "Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası olaraq 4 panel iclaslardan ibarət olan Dünya Azərbaycanlılarının IV Qurultayına yaxşı hazırlıqlı gəlirik. Hər biri öz-özlüyündə önəm kəsb edən və 4 bölümdən ibarət olan Qurultayın hər bölümü üçün müəyyən təkliflər, tövsiyyələrimiz olacaq. önerilerimiz olacak. İndiyə qədər etdiklərimizlə bərabər edə bilmədiklərimizin səbəblərini açıqlayaraq yeni bir strategiyanın müəyyən edilməsini gündəmə gətirəcəyik". Bilal Dündar deyir ki, Qurultay diaspora sahəsində fəaliyyət göstərən insanları bir araya gətirmək, onları yaxınlaştırmaqla əməkdaşlıqlarının genişləndirilməsinə təkan verən önəmli bir faktordür. Eyni zamanda diaspora sahəsində çalışan təşkilatlarımızın birgə əməkdaşlığı, fikir birliyinə nail olmaları ortaya qoyulmaqdadır. Geniş mənada diaspor təşkilatları arasında bir koordinasiyanın formalaşmasına imkan yaradacaq". TADEF rəhbərinin sözlərinə görə, Dünya Azərbaycanlılarının IV Qurultayında bir sıra məsələlərlə yanaşı Qarabağ probleminin həlli ilə bağlı müzakirələrin, təşəbbüslərin gündəmə gələcəyinə də inanır: "Azərbaycanın öz dədə-baba torpağı olan Qarabağı işğaldan azad etməsi cəhdinə qarşı bir çox dövlətlərin erməniləri dəstəkləyən güç birliyi nümayiş etdirdiyi müşahidə edilir. Ona görə də bizim də bu istiqamətdə adekvat addım atmağımız zəruridir. Dünya Azərbaycanlılarının IV Qurultayına uğurlar arzu edir və yaxşı bir nəticə ilə başa çatacağına inanıram".

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətini sədri Səfər Sadiqi də deyir ki, Dünya Azərbaycanlılarının IV Qurultayı çox böyük əhəmiyyətə malikdir: "Məlumat üçün qeyd edim ki, Dünya Azərbaycanlılarının III Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliuyev çıxışında : səfirliklər və cəmiyyətlərin bir komanda kimi fəaliyət göstərməsi, işləməsininin zəruriliyinin qeyd etmişdi. Məhz bundan sonra səfirliklər (mən Danimarkada fəaliyyət göstərən səfirimizi nəzərdə tuturam) cəmiyyətlərin, diaspor təşkilatlarının olduğunu yadlarına saldılar. Bizlərə mənəvi dəstəkləri çox oldu". Səfər Sadiqi bildirib ki, adətən Qurultayin ikinci günü çıxışlar olur, cəmiyyət, təşkilat rəbərləri çıxışlar edərək öz təkliflərini irəli sürürlər: " Nazirlər də qurultaya təşrif buyurur. Həm tənqidlər, həm də təkliflər səslənir. Nazirlərlə üzbəüz söhbət etmək imkanı olur. Mənim fikrimcə hazırkı situasiyada Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsi doğrudur".

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi ölkəmizdə artıq adət, ənənə halını alıb: "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan diaspor siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla icra edilməkdədir. Hesab edirəm ki, bu qurultay da olduqca vacib və əhəmiyyətli olacaq". Toğrul Allahverdilinin sözlərinə görə, Azərbaycan diasporu hazırda dünya səviyyəsində öz sözünü deməkdədir: " Diasporla İş üzrə Dövlət Komitəsinin ətrafında sıx birləşməklə təşkilatlanma işində hər birimiz yaxından iştirak edəcəyik". ASGA Rusiya nümayəndəliyinin rəhbəri qeyd edib ki, Dünya Azərbaycanlılarının IV Qurultayında əsas təklifi informasiya savaşında diaspor təşkilatlarının rolu ilə bağlı olacaq. Onun sözlərinə görə, bu sahədə ciddi və sistemli koordinasiyaya ehtiyac var.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31