Minsk qrupu Vyana görüşü ilə bağlı bəyanat verdi
17 May 2016 12:44 SiyasətATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyana görüşünün yekunlarına dair bəyanat yayıb. "Olaylar" xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin adından yayılan bəyanatda tərəflər vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Minsk qrupu tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırıb. Bəyanatda qeyd edilib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər: "Prezidentlər atəşkəs razılaşmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Onlar təmas xəttində gərginliyi azaltmaq üçün ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər". Bundan başqa, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. "Prezidentlər iyun ayında danışıqların davam etdirilməsi üçün növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər", - bəyanatda bildirilir.