Politoloq: "Növbəti müharibə başlaya bilər"

"Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşünün müsbət səpkilərdə olacağı gözlənilmir. Çünki indiyədək keçirilən görüşlərdə Ermənistan tərəfi bunun üçün addım atmayıb". Bu fikirləri SİA-ya  açıqlamasında professor, politoloq Rüstəm Məmmədov deyib. Politoloqun fikrincə, Ermənistan danışıqlara hazır deyil. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu görüşü təşkil etməkdə məqsədi  Dağlıq Qarabağ münaqişəsinin həllindəki təşəbbüsü Rusiyanın əlindən almaqdır: "Bundan əlavə, illərdir münaqişənin həllində səy göstərməyən Minsk qrupu cəbhədəki gərgin vəziyyətdən istifadə edərək məsələnin həllinə çalışdıqlarını göstərməyə çalışır. Əslində ATƏT-in Minsk qrupu çoxdan ləğv olunmalıdır". ATƏT-in Minsk qrupunun münaqişənin dondurmağa çalışdığını deyən R. Məmmədov söyləyib ki, həmsədrlər problemin həllində status-kvonu saxlamaqla ermənilərə kömək etmək istəyir: "Çünki, münaqişənin dondurulmuş vəziyyətdə qalması Ermənistan tərəfinin xeyrinədir". Ermənistanın son dövrlərdə Azərbaycana qarşı təxribatlarının artdığını deyən R. Məmmədov söyləyib ki, belə davam edərsə, vəziyyət gərginləşə bilər: "Azərbaycan bu məsələdə öz sözünü deyib. Lakin belə davam edərsə, növbəti müharibə başlaya bilər". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31